Gürcüstan yeni Amerikadan nə gözləyir?" />

Tramp və Gürcüstan

Gürcüstan yeni Amerikadan nə gözləyir?

 “Rusiya Trampı dəstəkləməyinin peşmanlığını çəkəcək 

Donald Tramın gözlənilməz qələbəsi Tbilisi üçün baş ağrısına çevrildi – ABŞ-ın yeni prezidentinin xarici siyasəti necə olacaq? İndiyə qədər Qafqaz regionunda ABŞ-ın əsas müttəfiqi və strateji tərəfdaşı olan Gürcüstana münasibət dəyişəcəkmi?

JAM-news gürcü ekspertlərinin ən maraqlı şərhlərini təqdim edir:

Gürcüstanın ABŞ-da keçmiş səfiri Batu Kutelia: “İlkin mərhələdə ola bilsin, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması cəhdini müşahidə edəcəyik, amma bu cəhd demokratik və qeyri-demokratik dünyaları bir-birindən ayıran əsas dəyərlərin fərqilə toqquşub dağılacaq. Misal üçün xatırlaya bilərik ki, son dövrlərdə ABŞ-ın bütün prezidentləri ilkin mərhələdə Rusiya ilə münasibətləri tənzimləməyə çalışıb. Bu, həm Corc Buşun Putinin gözlərinin içinə baxması, həm də Obamanın “dəyişiklikləridir. Sonra da münasibət Rusiyanın aqressiv siyasəti nəticəsində dəyişirdi.

ABŞ-la Gürcüstan arasındakı strateji münasibətlər atıq 25 ildir ki, inkişaf edir. Administrasiyaların dəyişməsinə, onların Rusiya ilə münasibətlərinin fərqli şəkildə qurulmasına baxmayaraq, hətta eyni administrasiyanın da müxtəlif mərhələlərdə Rusiya ilə münasibətləri fərqli olub.

ABŞ prezidenti çox güclü institutdur, o müəyyən mənada ölkənin xarici siyasətini müəyyən edir və təhlükəsizlik məsələlərində prioritetləri sıralayır. Buna görə də təbii ki, Donald Tramp administrasiyasının siyasəti onun özündən və komandasının baxışlarından asılıdır.

Aleksandr Rondeli Fondunun baş tədqiqatçısı Nodar Xarşiladze: “Qısa müddətli perspektivdə hansısa dəyişikliklər gözlənilmir, çünki Trampa xarici siyasət strategiyasının formalaşdırılması üçün vaxt lazım olacaq, uzun müddətli perspektivdə isə fikrimcə, Tramp bütün ssenarilər üzrə Obamadan daha fəal siyasət yürüdəcək. Onun seçkiqabağı proqramına nəzər yetirsək, o ənənəvi, respublikaçılar üçün səciyyəvi görünür, onun əsas xətti də təhlükəsizlikdir. Buna görə ABŞ-ın Gürcüstan və bəzi başqa regionlarla hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığının fəallaşmasını gözləmək lazımdır.  

Rusiya məsələsinə gəlincə, qısamüddətli perspektivdə müəyyən bəyanatlar səsləndiriləcək və bu bəyanatlarda Putinə bəzi güzəştlər seziləcək, uzun müddətli perspektivdə isə Rusiya Trampı dəstəklədiyi üçün çox peşman olacaq. Tramp Rusiya üçün mümkün olan ən neqativ prezident  olacaq. Hillari Klinton proqnozlaşdırılan, qatı rasional siyasətçidir, Tramp isə Putinə heç nədə güzəştə getməyəcək və Rusiya bu mənada boş ümidlər bəsləyir. Düşünürəm, siz də bu fikirlə razısız ki, Tramp güzəştə gedə bilən insan təsiri bağışlamır. O, Amerikanın strateji maraqları ilə bağlı olan heç nədə güzəştə getməyəcək. O, təcrübəli alverçidir və şəxsi planda Putindən heç də zəif deyil.

Trampın kampaniyalarını onun özündən ayırmaq lazımdır. O, özü də bunu anti-isteblişment kimi xarakterizə etdi. Və Putinə aid bəyanatlar da bu kampaniyanın bir hissəsi idi. Klinton və Obama Putinə qarşı bəyanatlarla çıxış etdikləri üçün, Tramp ortaya əks təşəbbüslər qoyurdu. Bu, onun rolunun tərkib hissəsi idi”.

Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Tengiz Pxaladze: “ABŞ-ın Gürcüstana marağı uzunmüddətli xarakter daşıyır. Müstəqillik günündən başlayaraq, 25 il ərzində biz nə demokratlar, nə də respublikaçılar tərəfindən diqqət və dəstək məhdudiyyətilə üzləşməmişik. Və bundan necə istifadə etməyimiz bizim özümüzdən asılıdır.

Heç kim Trampın necə prezident olacağını bilmir. Bu adam heç vaxt göz qabağında olan vəzifəni tutmayıb. Seçki kampaniyası və real siyasi addımlar adətən bir-birindən fərqlənir. Ancaq onu deyə bilərəm ki, həyatında bir neçə dəfə ayağa qalxa bilib. Son nəticə olaraq ABŞ-ın prezident seçkilərində qalib gələ bilən adam həqiqətən də hörmətə layiqdir. Trampın qələbəsi daha bir dərs oldu: xalq tərəfindən seçilmək istəyirsənsə, xalqın yanında olmalısan, onun problemlərini anlamalı və onun dilində danışmalısan. Bəli, məhz onun dilində, hər şeyi bilən intellektual kimi deyil”. 

Siyasi şərhçi Giya Xuxaşvili: “Ütülənmiş imici olan adi siyasətçi bu cür inqilabi nəticəyə nail ola bilməzdi. Seçkiqabağı proqram çərçivəsində Tramp stereotipləri dağıtmaq üçün müəyyən mənada eksentrikaya müraciət etməli olurdu. Əsası odur ki, dünya ümumilikdə dəyişir, xalq hakimiyyətini qaytarır və qlobal layihələrdən imtina edir – məhz bu da dünyanı tamamilə dəyişəcək ən böyük inqilabi dönüş olacaq.

Trampın prezidentliyi dövründə Amerika ilə Gürcüstan arasındakı münasibətlərin necə inkişaf edəcəyi məsələsinə gəlincə, düşünmürəm ki, bu münasibətlər çərçivəsində onların siyasəti dəyişəcək, bu daha çox Birləşmiş Ştatlardan deyil, bizim özümüzdən asılıdır. Bizimlə strateji tərəfdaşlıqlarını davam etdirmək  üçün onlara nə dərəcədə lazım olacağımız bizdən asılıdır”.

Tramp Gürcüstanda

“Gürcüstan kiçik bir möcüzədir. Bura dünyanın ən qeyri-adi yerlərindən biridir, – bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2012-ci ildə Gürcüstana səfər edəndə deyib.

Amerikalı milyarder, daşınmaz əmlak sahəsində maqnat olan Donald Tramp Gürcüstana 2012-ci ilin aprel ayında ölkənin o vaxtkı prezidenti Mixail Saakaşvilinin dəvəti ilə gəlib və Batumidə “Tramptauer layihəsinin təqdimat mərasimində iştirak edib. Layihə baş tutmasa da, bu, tarixi bir səfər olub.

 

Gürcüstana səfəri zamanı Tramp Tbilisinin görməli yerlərinə baş çəkib, prezident sarayında olub, Batumiyə səfər edib və Gürcüstan prezidenti tərəfindən Əzəmət Ordeni ilə təltif olunub. Dünən sosial şəbəkələrdə zarafat edirdilər ki, Amerika tarixində ilk dəfə gürcü ordenli prezident seçilib.

Buna görə də hələ bütün ştatlarda səslər hesablanmamış Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Facebook səhifəsində Donald Trampla şəklini yerləşdirəndə heç kim təəccüblənmədi. Bu şəkli Ukrayna dilində yazı müşayiət edirdi:

“Onunla 20 ildən çoxdur ki, tanışam, biz dostuq. Bunu gözləyirdim. Bu, proqnozlaşdırılmayan siyasətə sahib güclü şəxsdir. Onunla münasibətlərdə əvvəlkindən daha ehtiyatlı və daha mütəşəkkil olmaq lazımdır.

Trump - Saakashvili

Saakaşvilinin sözlərinə görə, “Tramp detallara istiqamətlənən, hər bir xırdalıqla maraqlanan insandır.

“Batumidə olarkən, o palmaların işıqlandırılması ilə maraqlandı. Detalları ilə hər şeyi xəbər aldı, şirkətin dəqiq adını istədi, parametrləri soruşdu və bunu dəqiqliyi ilə Floridada həyata keçirdi… – Saakaşvili dünən “Rustavi-2 televiziya kanalına müsahibəsində xatırladıb.

“Bir neçə ay əvvəl öz kitabımda yazdım ki, prezident seçkilərində böyük ehtimalla Tramp qalib gələcək. Tramp çox istedadlı və ağıllı, intellekti layiqincə qiymətləndirilməyən bir insandır, – deyə o vurğulayıb.


More on JAMnews