Məhkəmə maşinistlərə yalnız işdən kənar vaxtlarda tətil etməyə icazə verib" />

Tbilisi metrosunun maşinistləri niyə tətil edir?

Məhkəmə maşinistlərə yalnız işdən kənar vaxtlarda tətil etməyə icazə verib

Foto: mənbə city.kvira.ge

Tbilisi Metropoliteninin maşinistləri iyunun 4-də tətil elan eləmək niyyətindədir. Martın 1-dən onlar “tətilqabağı” rejimdə çalışırlar. Onların əsas tələbi əməkhaqqının qaldırılmasıdır.

Maşinistlərin bu planları ilə əlaqədar “Tbilisi Nəqliyyat Şirkəti” Tbilisi şəhər Məhkəməsinə müraciət edib. Mayın 21-də məhkəmə şirkətin ərizəsinə baxıb və maşinistləri qeyri-müəyyən müddətə iş vaxtı tətil eləmək haqqından məhrum edib. Məhkəmə qəbul edir ki, “tətil hüququ insan haqları sahəsində baza hüququ olaraq sosial şəraitin yaxşılaşdırılması üçün həmkarlar ittifaqlarının işverənə təzyiq vasitəsi kimi istifadə oluna bilər”, amma oradaca aydınlıq gətirir: “bu hüquq mütləq deyil və demokratik cəmiyyətdə milli maraqlara, təhlükəsizlik və ctimai təhlükəsizlikmaraqlarına mənfi təsir göstərə bilər”.

Məhkəmə öz qərarını Tbilisi Metropiliteninin hər həftə 400 min sərnişinin istifadə etdiyi ən ucuz və ən sürətli bələdiyyə nəqliyyatı olması ilə izah edib. Qatarların dayanması isə nəqliyyat xaosu yarada bilər. Məhkəmə xəbərdarlıq edir ki, metronun işinin dayandırılması təqdirində təcili yardım, yanğınsöndürmə komandası və digər həyati önəmli xidmətlərin işində böyük problemlər yaranacaq.

____________________

Maşinistlərin tələbi

Metro maşinistləri artıq altı ildir ki, əməkhaqlarının artırılmasını tələb edirlər. Bu tələb ilk dəfə Gürcüstanda “Gürcü arzusu” hakimiyyətə gələn zaman səslənib. Amma indiyə qədər nə bu tələbdə, nə də maşinistlərin həyatında heç nə dəyişməyib.

2018-ci il martın 1-də “Vəhdət-2013” Tbilisi metrosu işçilərinin müstəqil həmkarlar ittiifaqı və “Tbilisi Nəqliyyat Şirkəti” arasında münaqişə yenidən alovlanıb. Metro işçiləri aksiya keçirib, növbəti dəfə əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqqının qaldırılmasını tələb ediblər.

Tbilisi metrosunda 250 maşinist işləyir. Onlar saat hesabı əməkhaqqı alır. Hər növbədə maşinistlər altı-səkkiz saat çalışır, işin hər saatı 6,92 lari (üç dollara yaxın) dəyərləndirilir, bununla da aylıq olaraq 1150-1200 lari (500 dollardan az) əməkhaqqı alırlar. Maşinistlər bildirirlər ki, bu məbləğ onların gündəlik işinə və yüksək məsuliyyətinə hec cür uyğun deyil, odur ki, əməkhaqqının 45 faiz artırılmasını, yəni iş saatının 6,92 laridən (3 dollara yaxın) 9 lariyə (dörd dollardan çox) qədər qaldırılmasını  tələb edirlər. Əgər bu tələb təmin edilərsə, maşinistlərin əməkhaqqı 1600 lariyə qədər (650 dollardan bir qədər çox) yüksələcək.

Metropoliten işçiləri ağır iş şəraitindən də şikayətlənirlər: onlar həyatlarının yarısını yerin altında keçirirlər, səs-küy, toz içində, güclü vibrasiya və oksigen çatışmazlığına məruz qalaraq. Həmçinin elektrik sahəsinin yaratdığı radiasiya səviyyəsi də yüksəkdir. Bütün bunlar sağlamlığa mənfi təsir göstərir, o səviyyədə ki, maşininstlərin 60 faizi pensiya yaşına qədər yaşamır.

Tbilisi metrosunun maşinistləri maaşların ədalətsiz bölünməsinə diqqət yönəldirlər: “Tbilisi Nəqliyyat Şirkətinin” rəhbəri 10 min lari (4100 dollara yaxın) əməkhaqqı alır.

Tbilisi Nəqliyyat Şirkətinin mövqeyi

“Tbilisi Nəqliyyat Şirkətində”altı minə yaxın insan çalışır. Gəlirlərin ümumi həcminin 65 faizini maaşlar təşkil edir, – şirkət rəhbərliyi belə deyir və vurğulayır ki, maşinistlərin maaşlarının qaldırılması təqdirində digər işçilərin də maaşlarını qaldırmaq lazım olacaq, elə bir imkan isə sadəcə yoxdur.

“Şirkət işçilərin ayrıca bir qrupunun (maşinistlərin) əməkhaqqının qaldırılması məsələsini nəzərdən keçirmir, çünki bu, şirkətin digər işçilərinin qanunauyğun narazılığına səbəb olacaq, bütün işçilərin əməkhaqqının qaldırılması üçün isə ciddi maliyyə resursları lazımdır, hazırda şirkətin belə imkanı yoxdur”, – “Tbilisi Nətliyyat Şirkətinin” bəyanatında deyilir.

Maşinistlər tətil eləmək niyyətində olduqlarını bildirəndən sonra şirkət rəhbərliyi işçinin iş stajı və xidmətləri nəzərə alınaraq əməkhaqqına artımların həyata keçirilməsinə razı olduğunu bildirdi və büdcədən bunun üçün bir milyon lari (408 min dollar) ayırdı. Amma maşinistlərin saathesabı əməkhaqqının qaldırılması tələbini həyata keçirməkdən hələ də imtina edir.

Tbilisi meri nə deyib?

Paytaxt meri Kaxa Kaladze Tbilisi Metropoliteninin maşinistlərinin saat hesabı əməkhaqlarının artırılmasının qəti əleyhinədir. Onun əsas arumenti bununla bağlıdır: ola bilər ki, maşinistlərin əməkhaqqı o qədər də yüksək deyil, amma ölkənin iqtisadi vəziyyətini nəzərə alsaq, digər vacib və məsuliyyətli mövqelərdə də əməkhaqqı 700 laridən (300 dollardan az) yüksək deyil.

“Hamıya şəhəri narahat edən problemlərin öhdəsindən birgə səylərlə gəlməyi təklif edirəm. Burada isə birdən bir qrup çıxıb və maaşın artırılmasını tələb edir. Bu gün Gürcüstanın iqtisadi vəziyyətindən çıxış etsək, bu mümkün deyil. Həmçinin demək istəyirəm ki, heç nə iflic vəziyyətinə düşməyəcək, biz əlimizdən gələni edəcəyik ki, metronun işi dayanmasın”, – Kaladze bəyan edib.

Metro maşinistlərinin planları

Maşinistlərin Həmkarlar İttifaqı məhkəmənin qərarı ilə qətiyyən razı deyil. Onlar xatıraldırlar ki, tətil haqqı konstitusiyada təsbit olunub və həmkarlar ittifaqı iyunun 4-də mütləq bu haqdan yararlanacaq. Həmkarlar ittifaqı nümayəndələrinin sözlərinə görə, insanlar onsuz da inkamların son həddində çalışırlar. Çoxları ailələrinin yeganə çörək gətirənidir, buna görə də sadəcə oturub ölkə iqtisadiyyatının yüksəlişini gözləyə bilmirlər.

Gürcüstan Konstitusiyasında tətil hüququ təsbit olunub. Üstəlik Əmək Məcəlləsi məhkəmənin tətili 30 gün təxirə sala biləcəyi vəziyyətləri nizamlayır. Məhkəmə tətilin insan həyatını və sağlamlığını, ətraf mühitin və ya üçüncü şəxsin əmlakının təhlükəsizliyini, o cümlədən də həyati önəmli xidmətlərin fəaliyyətini təhdid etdiyi hallarda bu mümkün ola bilər.

Maşinistlərin Həmkarlar İttifaqında hesab edirlər ki, “Tbilisi Nəqliyyat Şirkətinin” rəhbərliyi məsələni uzadaraq vaxt udmağa çalışır ki, ştreyxbeykerlər (ştreyxbeyker – elan edilmiş və ya keçirilən təil zamanı işə davam edən adam – JAMnews) qrupu toplaya bilsin. Həmkarlar İttifaqının nümayəndələri bildirirlər ki, şirkət təmsilçiləri fəal şəkildə 15-20 il əvvəl işdən getmiş maşinistləri axtarır və onlara işə qayıtmağı təklif edirlər.

1966-cı ildə açılmış Tbilisi Metropoliteni səhər saat 6-dan işə başlayır və gecəyarısına qədər çalışır. Tbilisi metrosu ən sürətli, ən ucuz və ən rahat məqliyyat vasitəsidir. Metro xidmətindən hər gün 290 min sərnişin istifadə edir (məhkəmə başqa rəqəm göstərir – həftədə 400 min nəfər). Metroda gedişhaqqı 50 tetridir (20 sentə yaxın).


More on JAMnews