Ekoloqlar Gürcüstan hökumətini qeyri-effektivlikdə günahlandırır; hökumət kömək üçün qonşularına müraciət edib " />

Təbii fəlakətin üçüncü günü: Borjomidə yanğını söndürmək mümkün deyil

Ekoloqlar Gürcüstan hökumətini qeyri-effektivlikdə günahlandırır; hökumət kömək üçün qonşularına müraciət edib

Borjomi dərəsində artıq üçüncü gündür ki, yanğındır. Müxtəlif məlumatlara görə, güclü yanğın 12 hektar meşəni məhv edib.

Alovu söndürmək mümkün olmayıb. Yardım xahişiylə Gürcüstan qonşu dövlətlərə və Avropa İttifaqı üzvlərinə müraciət edib. Bu haqda Gürcüstanın kənd təsərrüfatı naziri Levan Davitaşvili məlumat verib.

Onun sözlərinə görə, fəlakətin miqyası genişlənir və ekspertlər təbii fəlakətlə mübarizə aparmaq üçün daha böyük sayda texnika səfərbər etməyi məsləhət görür.

“Hazırki mərhələdə biz danışıqlar aparırıq, bütün qonşu dövlətlərə baş verənlərlə bağlı məlumat göndərmişik, Avropa İttifaqı ölkələri ilə isə ilkin razılaşmaya nail olmuşuq. Düşünürəm ki, yanğınla mübarizəni sərtləşdirə, əlavə sayda texnika cəlb edə biləcəyik”, – deyə Levan Davitaşvili bildirib.

Təbii fəlakət sonasından foto “Borjomi” televiziya şirkətinin saytındandır

Saqveri meşəsində 500-ə yaxın yanğınsöndürən-xilasedici və yeger xüsusi texnikanın köməyilə yanğınla mübarizə aparır. Havadan yanğının söndürülməsində onlara üç vertolyot kömək edir, onlardan biri Azərbaycandan göndərilib.

Bu gün səhər köməyə Türkiyədən daha iki vertolyot gözləyirdilər. Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin sözlərinə görə, vertolyotların uçuşu Türkiyədə səhər hava şəraitinin pis olması səbəbindən təxirə salınıb, amma onlar artıq yoldadır və tezliklə hadisə yerində olacaqlar.

Ətraf Mühitin Mühafizəsi Nazirliyindən verilən məlumata görə, gecə müəyyən işlər görülüb, meşədə 3 kilometrlik yol açılıb ki, bu da yanğınsöndürən maşınları yanğın ocaqlarının lap yaxınlığına sürmək imkanı verəcək.

Dərədə baş nazirin rəhbərliyi altında təbii fəlakətlə mübarizə prosesinə nəzarət edən qərargah fəaliyyət göstərir. Qərargahdan bildiriblər ki, hazırda yaxınlıqla yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyə edilməsinə və ya onun yanğının söndürülməsi işlərinə cəlb edilməsinə heç bir ehtiyac yoxdur.

Bununla belə, fəlakət zonasına bitişik kəndlərin sakinləri qorxu içindədir. Çoxları yanğının onların kəndlərinə qədər yayılmasından və evlərini heç kimin yanğından qorumayacağından narahat olaraq, kəndləri tərk etmək istəmirlər.

Daba kənd sakinləri panika içində evlərini tərk ediblər. Bir ailə bütün əşyalarını evindən çıxararaq, başqa kənddə yaşayan qohumlarının evinə köçüb. Yerli sakinlər deyir: “Heyvanları təhlükəsiz yerə aparmışıq, alov deyəsən, yaxınlaşmaqdadır… Kənddə elə bu dəqiqə yanğın başlaya bilər, qorxuruq… Əvvəllər də yanğınlar olub, amma bu cür heç vaxt olmayıb. Əvvəllər meşədə bəzi yerlər yanırdı, indi isə böyük alov üstümüzə gəlir… Vəziyyət kritikdir. Alovun nə vaxt evlərimizə yayılacağını gözləyirik. Alov düz kəndin üstünə gəlir. İkinci gündür ki, yanır və cəmi bir vertolyotla onu söndürməyə çalışırlar. Qərargah yaradana, o, bu işləri görənə qədər hər şey yanıb, məhv oldu”.

Saqveri meşəsi birinci dəfədir yanmır. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi günlərində də yanğın olub. O vaxt yanğına səbəb məhz hərbi əməliyyatlar oldu.

İndiki yanğının səbəbləri hələlik məlum deyil. İlk yanğın ocaqları avqustun 20-də, Daba kəndi yaxınlığında təxminən yarım hektarlıq sahədə qeydə alınıb. Amma güclü külək və yüksək temperatur alovun yayılmasına gətirib çıxarıb və tezliklə böyük bir ərazi yanmağa başlayıb.

E koloqların fikrincə, faciədə baş verənlərə vaxtında və effektiv reaksiya verməyən hökumət də günahkardır.

Avqustun 21-də, günorta saatlarında fövqəladə qərargahda əsas ocaqların lokallaşdırıldığını bildirdilər. Amma sonrada məlum oldu ki, yanğın nəinki lokallaşdırılmayıb, hətta yeni ocaqlar da yaranıb.

Milli meşə agentliyinin rəhbəri Tornike Qvazavanın sözlərinə görə, artıq 12 hektardan çox meşə yanıb.

Ekoloqlar və yerli hakimiyyət nümayəndələri xüsusi yanğın əleyhinə texnikanın az olmasına diqqət çəkir.

Ekoloqların sözlərinə görə, hakimiyyət qızmar, quraq yayla bağlı təhdidlərə hazır deyildi. “Yaşıl alternativ” qeyri-hökumət təşkilatının konservasiyası proqramının əlaqələndiricisi İrakli Maçaraşvili “Azadlıq Radio”suna müsahibəsində bildirib ki, xarici donorların maliyyələşdirməsi ilə meşə yanğınları ilə mübarizə, bu fəlakətə müqavimət göstərmək üçün lazımi hazırlıq üzrə bir sıra sənədlər hazırlanıb, amma nəticə ortada yoxdur.

O hesab edir ki, dövlət lazımi texnikanı ala bilmirsə, mütləq tərəfdaş ölkələrlə sıx əlaqəsi olmalıdır ki, heç olmasa vaxtında və effektiv kömək ala bilsin. Qonşu ölkələrlə əlaqələr isə ancaq avqustun 21-də baş tutub, yəni ekoloqları fikrincə, gecikmə ilə.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Rustavi-2” televiziya şirkətinin jurnalistinin “hökumətin fəlakətlə mübarizəsində addımları nə dərəcədə effektivdir?” sualına kifayət qədər ikimənalı cavab verdi – o, hökumətin addımlarını qiymətləndirmək istəmədi.

“Qiymət həmişə axırda verilir. Nəticələrin çıxarıldığı vaxt da gəlib çatacaq. Həmin vaxt da gələcək… bu gün biz birik, bu gün fəlakətlə mübarizə aparmaq üçün birləşmişik”, – Marqvelaşvili vurğulayıb.

Borjomunun mərkəzindən yanğın bu cür görünür. Foto “Borjomi” televiziya şirkətinin saytındandır

 

Təbii fəlakət sonasından foto “Borjomi” televiziya şirkətinin saytındandır

More on JAMnews