Suxuminin məğlub olduğu gün Gürcüstanın baş naziri abxaz xalqına müraciət edib

Giorgi Kvirikaşvili deyir ki, gürcülər abxaz qardaşları ilə münasibətləri təmiz səhifədən başlamağa hazırdır

REUTERS/David Mdzinarişvili

Gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstan silahlı qüvvələrinin Suxumini tərk etdiyi gündən 24 il keçdi. Hakimiyyət və siyasi partiya nümayəndələri Tbilisidə qəhrəmanların xatirə Memorialında və Gürcüstanın başqa şəhərlərində silahlı münaqişə zamanı həlak olanların xatirəsini yad ediblər.   

Suxuminin məğlub olduğu günün 24-cü ilində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili gürcü və abxaz dillərində bəyanatla çıxış edib:

“1993-cü il 27 sentyabr ölkəmizin tarixində ən faciəvi günlərdən biridir. Bu, müharibənin dağıdıcı və məhv edici gücünü xatırladan gündür” , – baş nazirin bəyanatında bildirilir.

Giorgi Kvirikaşvili abxaz müharibəsini qardaş qırğını adlandırır. Onun sözlərinə görə, bu, abxazlara və gürcülərə qarşı olan müharibə idi və bu müharibədə qalib yoxdur.

Baş nazirin bəyanatında deyilir ki, gürcülər abxaz qardaşları ilə münasibətlərini təmiz səhifədən başlamağa hazırdırlar.

“Biz Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək, abxazları və gürcüləri həmişə birləşdirən qardaşlıq və sevgini bərpa etmək, irəliləmək üçün mütləq olan qarşılıqlı etimadı bərpa etmək üçün hər şeyi edirik. Mən abxaz və osetin qardaşlarımızı əmin etmək istəyirəm ki, bizim gələcəyimiz birdir, yalnız birgə səylərlə biz övladlarımızın sülh, əminamanlıq, firavanlıq içində yaşaya biləcəyi ölkəni qura biləcəyik . Biz birlikdə daha yaxşı ölkə qurmağa qadirik”, – Kvirikaşvilinin bəyanatında deyilir.

Tbilisidə Qəhrəmanlar Memorialı önünə bu gün ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli də gül çələngi qoyub. Jurnalistlərlə söhbətində o deyib ki, Gürcüstan hökuməti abxaz məsələsi ilə bağlı doğru mövqe tutub.

“Hesab edirəm ki, Gürcüstan hökumətinin yanaşması doğrudur, abxazlara səsini çatdırmaq lazımdır ki, onların Gürcüstan cəmiyyətinə reinteqrasiyası başlasın. Amerika Birləşmiş Ştatları bu yanaşmanı dəstəkləyir, səhiyyə, təhsil sahəsində abxazlarla əlaqələrin inkişafını dəstəklədiyi kimi. Biz bütün bunları müsbət dəyərləndiririk”, – Yan Kelli bildirib.

  • Abxaziyada silahlı münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay və 13 gün davam edib, 1993-cü il sentyabrın 27-də Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə sona çatıb. Bəzi məlumatlara görə, silahlı münaqişə 13 min insanın həyatına son qoyub, 300 minə yaxın insan qaçqın düşüb.

Məqalə müəllifinin ifadə etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə aiddir, JAMnews-un  və ya ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış əks etdirən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews