Rublun aşağı məzənnəsi və iş yerlərinin ixtisarı – bu ideyadan imtina etmək üçün kifayət qədər ciddi əsasdır " />

Sanksiya girovları: niyə ermənistanlı fəhlələrə Rusiyaya getmək sərfəli deyildi

Rublun aşağı məzənnəsi və iş yerlərinin ixtisarı – bu ideyadan imtina etmək üçün kifayət qədər ciddi əsasdır

Yerevan. Foto: Qrant Marinosyan, JAMnews

Yerevan həyətləri üçün adi olan xoş sakitliyi yavaş-yavaş tikintinin yaratdığı səs-küy əvəz edir. Qırx dərəcə istidə vibromişar əla işləyir, metodik surətdə asfaltı hamarlayır. Qəhrəmanımızı tez tapsaq da müsahibənin başlanması bir müddət çəkir – Karapetyan Arsruni və ya onunla işləyən gənclərin adlandırdığı kimi Arsrun əmi işin onun üzərinə düşən hissəsini tamamlamalıdır, əks halda bütün briqadanın işi dayanacaq.    

Onlar cəmi on nəfərdir və sonradan məlum olduğuna görə, demək olar ki, hamısı vaxtıykən mövsümi qazanc dalınca Rusiyaya gedib. Bir dəqiqəlik fasilə zamanı kişi doğma Gümri dialektində artıq üç ildir ki, vətəndə qaldığını deməyə imkan tapır. Burada iş tapmaq çətindirmi? – sualına artıq texnikası tərəfinə gedə-gedə “yaxşı mütəxəssis hər yerdə lazımdır” – deyir.

Təbii ki, onun sözlərində həqiqət də var, amma kişinin daha çox bəxti gətirib. Ermənistanda iş tapmaq əvvəlki kimi heç də asan deyil. Respublikada artıq neçənci ildir ki, tikinti həcmləri düşür. Bu fonda ölkədə işsizliyin səviyyəsi 2017-ci ilin birinci rübündə təkcə rəsmi məlumatlara görə, 19 faizə çatır. Çoxları üçün də yeganə çıxış yolu xaricdə iş tapmaqdır.

İşi bitirəndən sonra Arsuni bizə bir neçə dəqiqə ayırmağa imkan tapır. Operator kameranı hazırladığı müddətdə o, zarafat edir, bütün komandalara yumorla cavab verir: hara çəkilsin, hara dönsün, hara baxsın. Belə görünür ki, ağır fiziki əmək və evdən uzaqda keçirdiyi illər onun nikbinliyini azaltmayıb.  

İlk dəfə şimal istiqamətə Arsuni hələ kommunistlərin dövründə, uzaq 1986-cı ildə gedib. Deyir ki, onda pul çatırdı, amma daha çox qazanmaq istəyirdi. Sovet İttifaqı dağılandan sonra Rusiyada mövsümi işlər artıq norma deyil, zərurətə çevrildi.  

1990-cı illərin əvvəllərində Ermənistan ciddi iqtisadi və enerji böhranı yaşadı, sənaye demək olar ki, tamamilə məhv olmuşdu. Bu fonda Cənubi Qafqaz dövlətindən əhalinin böyük axını başladı. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirdi, ya həmişəlik, ya da qazanc dalınca.  

Demoqraf Ruben Yeqanyan qeyd edir ki, 1990-cı illərdə Ermənistandan mühacir fəhlələr əvvəlcə Rusiyaya qayıtmaq niyyəti ilə gedir, amma sonradan çoxları elə orada da qalırdı: “Respublikada sosial-iqtisadi həyatın kollapsından sonra müvəqqəti mühacirlər axını yarandı, onlar bu gedişləri ilə də respublikada yaranmış həmin o anormal vəziyyətdən çıxış yollarını axtarmağa çalışırdılar”.

Arsuni də istisna olmadı: “Əlbəttə, orada daha çox pul verirdilər. O vaxtlar burada elə indiki kimi, iş azıydı. Heç kim deyə bilməz ki, burada, inşaatda işlələ-işləyə ailə dolandırmaq olar”.

Amma hər şeyə rəğmən qəhrəmanımız artıq bir neçə ildir ki, vətənində qalır. Özünün son səfəri zamanı Olimpiya tikintisində də işləyib. 2014-cü ildən sonra rublun məzənnəsinin kəskin şəkildə azalması və iş yerlərinin ixtisarı səbəbindən daha getməyib. Adi riyazi hesablamalar göstərdi ki, elə həmin pulu o burada da qazana bilər: “2014-cü ilə qədər pis qazanmırdıq. Ayda hardasa min dollardan az olmurdu. Çox da olurdu, az olmurdu. İndi isə rublun məzənnəsi iki dəfə düşüb. Buna görə ora getməyə dəyməz. Çünki bu zaman siqaretə də, telefona da xərcləyirsən, müxtəlif başqa xərclər də var. Bütün bu xərcləri çıxsan, heç nə qalmır. Burada ailənlə qalmaq daha sərfəlidir”.

Arsuni böhrana qədərki dövrlərdə evə təxminən səkkiz yüz dollar göndərə bilirdi. Özünün də qeyd etdiyi kimi, Rusiyaya getməkdə davam edənlər hazırda ayda orta hesabla 40-45 min rubl alırlar. Rublun aşağı məzənnəsi fonunda evə qəpik-quruş göndərə bilirlər. “Mənim yaşıdım, məndən yaşlı olan adamlar daha getmir. Necə olsa da yaş öz sözünü deyir. Gənclərə isə getmək müəyyən mənada sərfəlidir. Çünki necə deyərlər, təkbaşınadırlar. Necə olsa özü özünü orada dolandıra biləcək. Ailəli olanlar isə getməməyi üstün tutur”, – Arsuni deyir.

Ermənistandan olan bəzi keçmiş əmək miqrantları öz vətənlərində iş tapıblar. Foto: David Yenqibaryan, JAMnews

Ermənistandan Rusiyaya üz tutanlarının sayının azaldığını bəzi statistik məlumatlar da deyir, halbuki indiyə qədər postsovet məkanında əmək miqrantlarının axınını izləməyin dəqiq mexanizmləri hələlik işlənib hazırlanmayıb. Misal üçün, Avrasiya İqtisadi Komissiyasının məlumatlarına görə, 2014-cü ildə, Rusiyaya qarşı Qərbin sanksiyaları yenicə tətbiq olunanda Ermənistandan şimal istiqamətinə 286 min nəfər gedib.  

Bir il sonra, Rusiya iqtisadiyyatında durğunluq başlayanda, rublun məzənnəsi isə kəskin şəkildə düşəndə Rusiya sərhədini işə düzəlmək məqsədilə keçən Ermənistan vətəndaşlarının sayı 124 min nəfərə qədər azaldı. Eyni dinamika 2016-cı ildə də müşahidə olunurdu. Rusiya Xalq Təsərrüfatı Akademiyasının məlumatlarına görə, 2016-cı ildə Ermənistandan əmək miqrantlarının axını azalmaqda davam edirdi, halbuki Rusiyanın özü həmin il miqrasiya “quyu”sundan çıxmağa başladı və böhrandan əvvəlki, 2012-2013-cü il göstəricilərinə qayıtdı.   

Başqa bir, Ermənistan iqtisadiyyatı üçün çox mənada faciəvi və ölkə vətəndaşlarının rifahına birbaşa zərbə endirən maraqlı statistika da var. 2014-2016-cı illər ərzində Rusiyadan Ermənistana transferlərin həcmi 38 faiz azalıb.  

Bu məlumatlar rəsmi olmasa da, belə bir nəticə çıxarmağa imkan verir ki, Ermənistandan daha az sayda miqrant fəhlə Rusiyaya mövsümi qazanc dalınca gedir.   

Qraç Xaçatryan üçün artıq uzun illərdir ki, ailəni dolandırmağın yeganə yolu Rusiyada orda-burda iş tapmaqdır. Alternativ kənddə qalıb, torpağı becərməkdir. Amma bu zaman da o, borc yığmaq riski ilə də üzləşə bilər, amma ali məktəbdə oxuyan oğlunun təhsil pulunu da ödəməlidir.  

Böhrana baxmayaraq, bu il Çitaya getmək qərarına gəldi. Amma nə pul, nə də işin həcmi baxımdan  gözləntiləri doğrulmadı. Nəticədə artıq avqustun axırlarında qayıtdı: “Birotaqlı mənzilləri təmir edirdik. Xüsusi keyfiyyət heç kim gözləmirdi. Tez bitirdik, amma ayda orta hesabla 25 min rubl alırdıq. Yemək və qalmağa, həm də bilet xərclərini hesablayın və bu il nə qədər qazandığımı biləcəksiz”.

Qraş Xaçatryanın başına gələnlər standart haldır – qiyməti razılaşdırdılar, briqada ilə getdilər, yerində isə tam fərqli mənzərə ilə üzləşdilər. Xüsusi seçimləri yoxuydu, qalıb heç olmasa səfərin xərclərini çıxarmaq lazımıydı. Və belə bir vəziyyətə minlərlə adam düşür. Rusiyada tez-tez, o cümlədən də həmvətənlərin aldatması haqda Rusiyadakı tikintilərdə işləmək üçün gedən bir çox adam danışır.

Son illərdə Ermənistandan Rusiyaya əmək miqrantlarının sayının azalmasının səbəbləri barədə danışarkən, demoqraf Ruben Yeginyan iki amili göstərir: “Rusiyaya qarşı sanksiyalar səbəbindən ölkənin bütün əhalisinin, o cümlədən də əmək miqrantlarının qazancı əməlli-başlı azalıb, bu da gəlmə fəhlələrin sayının azalmasına gətirib çıxarıb. İkinci amil – Rusiyanın miqrasiya siyasətində yanaşmaların dəyişməsini hər dəfə nəzərə almaq lazım olur. Məhz 2014-cü ildə tətbiq edilən “əjdaha ölçüsü”nə əsasən, hansısa normaların pozulmasına görə fəhlələr deport olunur, onlara bir neçə il müddətinə Rusiya Federasiyası ərazisinə giriş qadağası qoyulurdu”.

Ruben Yeqinyan hesab edir ki, iqtisadi vəziyyətin pisləşməsi Ermənistandan əmək miqrantlarının qazanc səviyyəsinə birbaşa təsir etdi: “Tədqiqatlarımızın nəticələri göstərir ki, son üç il ərzində əmək miqrantlarının qazancları iki dəfədən çox azaldı. Əmək miqrantlarımız bu qədər az qazanır, respublikaya da bu dərəcədə az pul axınları yönəldilir”. 

Qeyd etmək lazımdır ki, bu, Ermənistandan Rusiyaya əmək miqrantlarının axınının zəifləməsi ilə bağlı ilk belə hal deyil. 2000-ci illərdə, Ermənistanın ikinci şəhəri olan Gümridə zəlzələ zonasının bərpası üzrə proqram start götürəndə burada böyük tikinti işlərinə başlanıldı ki, bu da əmək miqranlarının sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. Amma sonradan əvvəlki göstəricilər bərpa olundu. İndi də vəziyyət təkrar oluna bilər.   

Bu il, Ermənistan tərəfinin rəsmi məlumatlarına əsasən, 2016-cı illə müqayisədə Ermənistandan Rusiyaya transfer həcmində 15 faizlik artım qeydə alınıb. Mütəxəssislər artıq bildirir ki, bu cür dinamika qıza zaman ərzində Rusiyaya əmək miqrasiyasının əvvəlki göstəricilərinin bərpasına gətirib çıxaracaq.  

Amma onu da unutmaq olmaz ki, vəziyyətə Rusiyaya qarşı Qərbin yeni sanksiyaları təsir edə, buna görə Rusiya iqtisadiyyatı yenidən çətinliklərlə üzləşə bilər. Həm də məlum olduğu kimi, Rusiyada ən xırda neqativ tendensiyalar anındaca Ermənistanın iqtisadi göstəricilərində əks olunur. Əmək miqrantları isə ümumiyyətlə vəziyyətin girovlarına çevrilir.

Hər halda birmənalı olan odur ki, ancaq Ermənistan iqtisadiyyatının vəziyyətinin yaxşılaşdırılması və ölkədə yeni iş yerlərinin açılması Rusiyaya mövsümi qazanc dalınca gedənlərin sayının azaldılmasına gətirib çıxara bilər. Amma Ermənistanda iqtisadi artımın indiki templərini nəzərə alsaq, nəyəsə ümid etməyə dəyməz.   


More on JAMnews