Salome Zurabişvili: Gürcüstan Rusiya ilə əməkdaşlığa hazır deyil
Gürcüstan “özünü işğal xəttində bu cür aparan” Rusiya ilə əməkdaşlığa hazır deyil.
Bunu Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili BBC-nin rus xidmətinə müsahibəsində deyib.
«Nə qədər ki Rusiya hər gün insan oğurluğunun baş verdiyi işğal xətti yaxınlığında öz hərəkətlərini dəyişməyib və bu xətt daimi təhlükə mənbəyidir, nə qədər ki bizim ərazilərimizə doğru sürünən işğal davam edir və getdikcə daha çox Tbilisiyə yaxınlaşır, düşünmürəm ki, Rusiya ilə əməkdaşlıq mümkün olsun», – Zurabişvili deyib.
Moskva ilə Tbilisi arasında dialoqun bərpasına mane olan amillərə o həmçinin Rusiyanın Ukraynadakı siyasətini aid edib.
•Who is Gürcüstanın yeni prezidenti Salome Zurabişvili?
•Birləşmiş müxalifət seçkilərin nəticlərini tanımır və küçələrə çıxır
•Beynəlxalq müşahidəçilər: seçkilər rəqabətlilik mühitində keçdi, lakin ədalətli olmadı
•Gürcüstanda prezident seçkiləri barədə bilmək lazım olan hər şey
Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə dialoq aparmağa hazırdır, lakin mütləq Qərbin iştirakı ilə:
«Əgər Qərb – Avropa və bizim amerikalı tərəfdaşlarımız – hər hansı formada Rusiya ilə dialoqa başlasalar, biz də orada olacağıq və vəziyyətə diqqətlə nəzarət edəcəyik ki, prinsiplərimiz, suverenliyimiz, ərazi bütövlüyümüz zərər görməsin», — Zurabişvili deyib.
Onun sözlərinə görə, Gürcüstan bu gün avropayönümlü ölkədir.
“Biz Qərbik, biz Avropayıq”, – o vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan prezidenti kimi o, avropayönümlü olacaq və Rusiya ilə Avropa arasında balans saxlamayacaq.
Vladimir Putin haqqında
Salome Zurabişvilinin sözlərinə görə, bu gün Rusiya və Putin dəyişiblər, onlar artıq 2005-ci ildə Gürcüstanın Rusiya ilə hərbi bazaların ölkədən çıxarılması barədə danışıqlar apardığı kimi deyillər.
«Düşünmürəm ki, bu gün Putin bazaların çıxarılması ilə razılaşardı. 2008-ci il müharibəsindən sonra hər şey dəyişib. Rusiya Gürcüstanın işğal olunmuş iki regionunu müstəqil dövlətlər kimi tanıyıb və bu Rusiya ilə istənilən dialoq imkanını əngəlləyir”, – Zurabişvili deyir.
Onun sözlərinə görə, Gürcüstan XİN-ə rəhbərlik etdiyi 2005-ci ildə Gürcüstan üçün şərtlər indikindən daha sərfəli idi. “İndiki şəraitdə, Rusiyanın aqressiv əhval-ruhiyyəsi nəzərə alınmaqla, Gürcüstan onunla göz-gözə qala bilməz. Biz tərəfdaşlarımızla daha yaxın olmalı, onları arxamızda hiss etməliyik”, – Zurabişvili qeyd edib.
Onun sözlrinə görə, Gürcüstan təkbaşına Rusiya ilə dialoqa daxil olmamalı, bunu yalnız xarici tərəfdaşlarının iştirakı ilə etməlidir.
Sovet mentalitetinin əvəzlənməsi barədə
Zurabişvili BBC-yə bildirib ki, o, yalnız Gürcüstandan kənarda deyil, həmçinin ölkə daxilində fəal olmağa hazırlaşır.
Onun öz vəzifəsi olaraq gördüyü ilk sahə beynəlxalq siyasətdir. “Məqsədim Gürcüstanı dünya xəritəsində daha nəzərə çarpan etməkdir”, – Zurabişvili deyir.
«Prezidentliyimin bu altı ili Gürcüstanın Avropaya və NATO-ya inteqrasiyası baxımından çox vacib olacaq. Bu dövrdə biz Avropa ilə maksimal dərəcədə yaxınlaşmalıyıq. Daim xatırlayıram ki, 1999-2007-ci illərdə Latviya prezidenti olmuş Vayra Vike-Frayberqa ölkəsini Avropa İttifaqına və NATO-ya çatdırdı», — Zurabişvili bildirib.
Bundan əlavə, Salome Zurabişvili qeyd edib ki, onun fəallığı ölkənin daxilində də vacib olacaq. İlk növbədə, onun sözlərinə görə, sovet mentalitetini dəyişmək, onu Avropa mentaliteti ilə əvəz etmək lazımdır.
«Mən Avropada böyümüşəm. 30 il fransız diplomatı kimi çalışmışam. Cəmiyyəti necə birləşdirib, Avropa istiqamətində nə cür hərəkət etməyi yaxşı bilirəm», — Zurabişvili Britaniya teleşirkətinə bildirib.
Onun sözlərinə görə, prezident üçün ən ağır dövr ilk həftələr və aylardır ki, cəmiyyət hələ ki səs-küylü və müəyyən qədər alçaldıcı seçki kampaniyasından sonra sakitləşməyib.
Gürcüstanın beşinci prezidenti 28 noyabr 2018-ci ildə seçilib. Bunun üçün ikinci turun keçirilməsi lazım gəlib.
Hakimiyyətyönlü namizəd Salome Zurabişvili səslərin 59,52 faizini, onun müxalifətdən olan rəqibi Qriqol Vaşadze isə 40,48 faizini toplayıb.
Mixail Saakaşvilinin rəhbərliyi altında müxalifət seçkilərin nəticələrini tanımır, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir və küçə aksiyalarının keçirilməsinin anonsunu verir. İlk belə aksiya bazar günü Tbilisidə Azadlıq meydanında keçiriləcək.
Yeni Konstitusiyaya əsasən, Gürcüstan prezidenti 6 il müddətinə seçilir. Hazırkı seçkilər prezidentin birbaşa ümumxalq seçkisi yolu ilə seçildiyi son seçkilər oldu, artıq 2024-cü ildə prezidenti Gürcüstan parlamentinin 300 deputatından, Acarıstan və Abxaziya muxtariyyətlərinin Ali Sovetlərinin, həmçinin yerli özünüidarə orqanlarının nümayəndələindən ibarət seçici kollegiyası müəyyənləşdirəcək.