Onun vəkili prezident administrasiyasına rəsmi müraciət ünvanlayıb" />

Saakaşvili Ukrayna prezidentindən vətəndaşlığının geri verilməsini xahiş edib

Onun vəkili prezident administrasiyasına rəsmi müraciət ünvanlayıb

Mixail Saakaşvili Kiyevdə etiraz aksiyasında çıxış edir. Noyabr 2017-ci il. Foto: David Pipia, JAMnews

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş başçısı Mixail Saakaşvili Vladimir Zelenskiyə Ukrayna vətəndaşlığının qaytarılması xahişi ilə müraciət edib. Hromadske televiziyasının məlumatına əsasən, bu haqda Saakaşvilinin vəkili Ruslan Çernolutski xəbər verib.

“Mixail Saakaşvilinin Ukraynaya qayıtması üzrə yeni mərhələni və fəal müdafiəni davam etdiririk. Yeni prezidentlə yeni dövr başlayır!” – o yazıb.

Şərh: Saakaşvili Ukraynada – başlanğıc və son

Vəkil danışıb ki, mayın 22-də Prezident Administrasiyasına gəlib və müraciəti təqdim edib.

Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, DİN, Sərhəd Xidməti və Təhlükəsizlik Xidmətinə müraciət edərək Ukraynaya girişinə qoyulan qadağanın aradan qaldırılmasını istəyib.

Martın 31-də Ukraynada prezident seçkiləri günü Vladimir Zelenski jurnalistlərin suallarına cavab verərkən bəyan etmişdi ki, Saakaşvilinin Ukraynaya qayıtmasını alqışlayır:

“Qoy gəlsin. Düşünürəm ki, Mixail Saakaşvili indi Avropada Ukrayna demokratiyasını qoruyarkən ən böyük rolu oynayır və bunu öz əməlləri ilə göstərir. O ciddi diplomatdır və bu gün siyasətə qatılan bütün insanlar, bütün namizədlər üçün ciddi məsləhətçidir. <…> Mən hesab edirəm ki, Saakaşvili kimi adamın köməyi hamıya lazım ola bilər”.

Saakaşvili Ukrayna vətəndaşlığını necə alıb və itirib? 

Gürcüstanın keçmiş prezidentinə Ukrayna vətəndaşlığını 2015-ci ildə Pyotr Poroşenko vermişdi və onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. 2016-cı ilin sonunda Saakaşvili istefa verib və prezident Poroşenkonu korrupsiyada və islahat aparmaq istəməməkdə günahlandırıb. Saakaşvili yeni partiya yaratdığını və müxalifətə keçdiyini bəyan edib. 2017-ci ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərarı Saakaşviliyə vətəndaşlıq verilərkən, onun Gürcüstanda haqqında qaldırılan cinayət işləri barədə məlumatı guya gizlətməsi ilə əsaslandırılıb.

2017-ci ilin dekabrında Saakaşvili Ukrayna Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın üzvlərinə yardım etməkdə və dövlət maraqlarına zidd olaraq cinayətkar fəaliyyəti dəstəkləməkdə” ittiham olunub – guya o, etiraz aksiyaları təşkil etmək üçün Rusiyadan, keşmiş Ukrayna prezidenti Yanukoviçin yaxın adamlarından pul alıb. Saakaşvili həbs edilib, amma səhəri gün Ukrayna Məhkəməsi onu azadlığa buraxıb. 2018-ci ilin fevralında Mixail Saakaşvili Ukraynadan Polşaya deportasiya olunub. Hazırda Hollandiyada yaşayır.

Mixail Saakaşvilinin Ukraynada siyasi karyerasının necə irəlilədiyi haqda reportaj  


More on JAMnews