Rusiyada pensiya yaşı və vergilər artırılıb. Niyə bu qeyri-populyar qərarlar qəbul edilib?
Vladimir Putinin inauqurasiyasından heç bir ay keçməmiş Rusiya hakimiyyəti həddən artıq qeyri-populyar tədbirlərə əl atıb – pensiya yaşının qaldırılması və bütün istehlak mallarının qiymətinə təsir edən vergilərin artırılması. Bu addımın səbəbi nədir?
• Rusiya və Dünya Vladimir Putinin qələbəsindən nə gözləməlidir?
Vergilər
Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan edib ki, hökumət əlavə dəyər vergisinin (ƏDV) 18 faizdən 20 faizə qaldırılmasını təklif edib. Böyük ehtimalla 20 faizlik vergi 2019-cu ildən qüvvəyə minəcək, – Rusiyanın “Kommersant” qəzeti yazır.
ƏDV dövlət tərəfindən müxtəlif malların istehsalçılarından tutulan vergidir. Bu vergi istehsalçı tərəfindən öz məhsulunun qiymətini hesablayarkən nəzərə alınır, deməli, vergi həcminin artırılması istehlakçının ödəyəcəyi qiymətə bilavasitə təsir edəcək.
Rusiya iqtisadiyyatının bugünki vəziyyətində ƏDV-nin iki faiz artırılması qiymətlərin bir faiz yüksəlməsinə səbəb ola bilər. Ekspertlər bildirirlər ki, Rusiya əhalisinin gəlirləri artmadığı üçün qiymət artımı bəzi mallara olan tələbatı da azaldacaq.
Pensiyalar
ƏDV-nin artırılması ilə eyni zamanda Rusiya hökuməti pensiya yaşının qaldırılması qərarını da qəbul edib.
- Kişilərin pensiya yaşı yaxın on ildə 60-dan 65-ə qaldırılacaq;
- Qadınların pensiya yaşı 8 il artırılacaq və 2034-cü ildə 63 yaş təşkil edəcək.
Rusiyanın Pensiya Fondu artıq bir neçə ildir ki, dolmur, yəqin ki, hökumət də bu yolla onu balanslaşdırmağa çalışır. Kişilərlə qadınların pensiya yaşı arasındakı fərqin azalmasını Rusiya hakimiyyəti “qadının cəmiyyətdəki statusinin dəyişməsi” və “evdəki yükün ailə üzvləri arasında bərabər bölünməsi” ilə arqumentləşdirir.
Rusiyada pensiyanın orta həcmi 120-140 avrodur. Keçmiş deputatların, məmurların və hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyası isə 10-15 dəfə çoxdur.
Səbəblər və nəticələr
Rusiya hakimiyyəti bildirir ki, bir neçə ildən sonra bu tədbirlərin iqtisadiyyata müsbət təsirini görmək mümkün olacaq.
Amma ƏDV artımı nəticəsində qiymətlərin bahalaşması dərhal baş verəcək, pensiya yaşının qaldırılması isə bir çox rusiyalı üçün faciə olacaq – onlar pensiyaya ümid edərək uzun illər az maaşlı işlərdə çalışıblar.
Bir çox ekspertlərin fikrincə, bu cür qeyri-populyar tədbirlərin səbəbi artıq bir neçə ildir ki, yüksələ bilməyən Rusiya iqtisadiyyatının ağır durumu ilə bağlıdır. Bu əsasən iki fundamental prosesin nəticəsidir: Krımın ilhaqına və ABŞ-da prezident seçkilərinə müdaxiləyə görə tətbiq olunan beynəlxalq sanksiyalar, bir də Rusiya ixracının əsasını təşkil edən neft və qazın ucuzlaşması.
Cəmiyyətdə etiraz
Pensiya yaşının qaldırılması haqda Rusiya hakimiyyəti hazırda ölkədə gedən futbol üzrə Dünya Çempionatının açılış günündə elan edib. Demək olar ki, dərhal Ümumrusiya Həmkarlar İttifaqları Birliyi online etiraz petisiyası yaradıb. Petisiyanın mətnində deyilir ki, “Rusiyada pensiya yaşının qaldırılması üçün bu gün heç bir əsas yoxdur”.
Bu günə qədər pensiya yaşının qaldırılmasına qarşı petisiyanı bir milyon yarıma yaxın insan imzalayıb.
Rusiyanın Prezident Administrasiyasında bu qeyri-populyar tədbirə görə etiraz aksiyalarının başlanmasından ehtiyat edirlər və islahatı yumşaltmağa hazırlaşırlar, – Rusiyanın “Vedomosti” qəzeti mənbələrə istinadən yazıb.