Çempionat günlərində Moskvada nəqliyyat, qida, ünsiyyət və təhlükəsizlik haqda " />

Rusiyada futbol üzrə Dünya Çempionatı – rusiyalılar və gəlmə azarkeşlər özlərini necə hiss edir?

Çempionat günlərində Moskvada nəqliyyat, qida, ünsiyyət və təhlükəsizlik haqda

Rusiyada futbol üzrə 21-ci Dünya Çempionatı davam edir – 2018-ci il iyunun 14-də başlayan tədbir iyulun 15-də sona çatacaq. Çempionat nəinki Rusiyada, ümumiyyətlə Şərqi Avropada ilk dəfədir ki keçirilir.

Bu gün oyunlar haqda ixtisaslaşmış nəşrlərdə detallı və çox danışılır. Biz isə bu görünməmiş bayram günlərində Moskvanın və rusiyalıların yaşamı haqda söz açacağıq. Sonda maraqlı statistikanı təqdim edəcəyik, bu dəfə Rusiyada keçirilən oyunlara hansı ölkədə daha çox bilet alındığı və kimlərin daha hərarətli azarkeş olduğu barədə.

Qısaca rəmzlər haqda

 

Bu, çempionatın emblemidir. Təşkilat Komitəsinin press-relizində deyilir ki, rəsmin əsas komponentləri kosmosun fəthi, ikona çəkmə və futbola sevgidən ibarətdir.

 

 

 

 

 

Bu, rəsmi talismandır – Zabivaka adlı canavar. Onu Rusiyanın Tomsk şəhərində qrafik dizaynerlik oxuyan tələbə Yekaterina Boçarova çəkib. Talismanı bütün Rusiya seçib, namizəd şəkillərə səsvermə onlayn aparılıb.

Çempionatın rəsmi himni – “Live It Up” mahnısıdır. Müəllif və ifaçı puertorikolu müğənni Niki Cemdir, onunla birlikdə himni amerikalı repçi Uill Smit və Kosovodan olan müğənni Era İstrefi də oxuyur.

Bu ana qədər çempionatda baş verən sensasiyalar haqda qısaca

Bir neçə sensasiya baş verib.

Braziliya və Argentina kimi favoritlər qələbə qazana bilməyib.

Hazırkı Dünya çempionu – Almaniya yığması isə meksikalılara məğlub olub. Bir çox şərhçilər hesab edirlər ki, Meksika yığması gözlənilmədən müdafiədə oturmayaraq, rəqibindən daha yaxşı oynaması sayəsində qələbə qaza bilib.

Onların ən yaxşı oyunçusu Çiçarito hətta oyundan sonra emosional və fiziki gərginliyə dözməyərək ağlayıb.

Argentina ilə oyunda heç-heçəyə nail olan İslandiya yenidən futbol dünyasını sarsıdıb.

2016-cı ildə futbol üzrə Avropa Çempionatında islandiyalılar dörddə bir finala qədər gedib çıxmışdılar. Bu, əhalisinin sayı Moskvanın bir rayonunun sakinlərinin sayı qədər olan kiçik ölkə üçün tarixi uğur idi.

İlk baxışdan islandiyalıların uğurları heyrətamiz görünə bilər, amma bu, qanunauyğundur. İslandiyada uşaqların və böyüklərin bütün il boyu futbolla məşğul ola biləcəyi 300-ə yaxın manej var. 300 min nəfərdən bir qədər çox əhalisi olan ölkə üçün bu hədsiz çoxdur.

Birinci turun ən baxımlı oyunları Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı açılış oyunu, bir də Portuqaliya və İspaniya yığmalarının oyunu olub.

Rusiyalılar səudiyyəlilərə 5-0 hesabı ilə qalib gəliblər – bu, hələlik hazırkı çempionatda qazanılan ən böyük hesablı qələbədir.

Ümumilikdə çempionatın təşkili haqda müsbət rəylər

Beynəlxalq media və sosial şəbəkə istifadəçiləri Rusiyada keçirilən çempionat haqda yetəri qədər müsbət rəy bildirirlər. Çoxları əla təşkilatçılıq, yerli sakinlərin mehribanlığı və yardımsevərliyi haqda yazır.

İngilis futbol fanatlarından birinin sosial şəbəkədəki belə bir rəyini kifayət qədər tipik hesab etmək olar [ingilis dilindən tərcümə – JAMnews]:  

“Tverdə yerləşmişəm, Moskvadan 200 kilometr aralı olsa da, bura daha ucuzdur. Axşam gec qayıdırdım, azdım. Rusiya yığmasının azarkeş qrupu ilə rastlaşdım. Bu mənim altıncı dünya çempionatımdır. Başqasının hesabına mən heç vaxt bu qədər içməmişdim!”

Nəqliyyat

Moskvanı tıxacla təəccübləndirmək çətindir – işə gedərkən və evə qayıdarkən hər dəfə yolda maşının içində saat yarım qalmaq burada norma sayılır. Amma çempionat günlərində yollarda baş verənlər hətta nələr görmüş moskvalıları da təəccübləndirir.

Hətta gecə də Şeremetyev aeroportundan Moskvanın mərkəzinə qədər olan yol iki saatdan çox vaxt aparır.

Moskvanın taksi sürücüləri xidmət qiymətlərini təxminən üç dəfə artırıb. Onlardan biri – perulu azarkeşi aeroportdan mehmanxanaya gətirən və sayğacdakı 1200 rəqəminin rubl yox, avronu nəzərdə tutduğuna inandıran taksiçi şəhər əfsanəsinə çevrilib.

Qida

“Makdonalds” qarşısında belə növbələri Moskva ən son 28 il əvvəl, Puşkin meydanında ilk bu cür restoran açılan zaman görüb.

Bu, yalnız əcnəbilərin öyrəncəli olduğu loqo ilə izah olunmur, eyni zamanda yeməyin stabil keyfiyyəti və qiymətlərinin təsirindəndir.

Məsələ ondadır ki, Moskva restoran və kafeləri yerli taksiçilərdən geri qalmır. Hələlik dələduzlar reytinqində “Lujniki” meydanındakı bar birinciliyini qoruyur. Orada iki menü təqdim olunub – rus və ingilis dilində. Məzmun eynidir, amma qiymətlər arasında üç qat fərq var.

Ünsiyyət

Rusiya paytaxtının sakinlərinin bir kateqoriyası – əsasən gənc moskvalılar baş verənlərdən xoşbəxtdir. Bu günlərdə onların nümayiş etdirdiyi geyimlərə baxsaq, Dünya Çempionatına hazırlıq çoxdan və böyük səylə aparılıb.

Onların səyləri dəqiq boşa getməyib. Turnir başlayandan keçən bir həftə ərzində Rusiya üzrə populyar olan Tinder tanışlıq saytında sorğuların sayı 20 faiz artıb.

Təhlükəsizlik

Polis, xüsusi təyinatlılar və onlara kömək edən yarı-hərbi formalı könüllülərin sayı futbol azarkeşlərinin sayından çox da az deyil.

Əcnəbi futbolsevərlər polis əməkdaşlarına ilk növbədə yol soruşmaq üçün müraciət edirlər. Moskva mürəkkəb quruluşlu şəhərdir, üstəlik çempionat zamanı internet provayderlərinin və mobil operatorların trafiki də kəskin artıb, buna görə də naviqasiya ləng işləyir.

Onlar həvəslə yardım edir, amma heç də həmişə dil probleminin öhdəsindən gələ  bilmirlər. JAMnews-un müxbiri belə bir səhnənin şahidi olub: avtomatla silahlanmış, yanında boynu xaltalı iki ovçarka ilə gəzən bir yığın polis bir nəfəri mühasirəyə alıb. Elə təəssürat yaranır ki, terrorçunun saxlanılması əməliyyatı həyata keçirilir.

Amma məlum olub ki, yox, onlar sadəcə avropalı fanata kirayə tutduğu evə doğru necə gedə biləcəyini izah etməyə çalışırlar.

JAMnews-un müxbiri müdaxilə etmək istəsə də, çatdıra bilməyib. Rütbəcə yüksək olan polkovnik problemi çözüb. O, əl-qol işarələri ilə turistə onu mənzil başına çatdırmağı təklif edib və yaxınlıqda dayanan həbs olunanların daşınması üçün nəzərdə tutulan, pəncərələri barmaqlıqla qapalı polis avtobusunu işarə edib.

Müzakirə olunan qalmaqallar

İlk müzakirələrdən biri – FİFA nümayəndələri müğənni Yuliya Çiçerinaya Rostov şəhərində azarkeşlər qarşısında çıxış etməyə icazə verməyib. Səbəb müğənninin Ukraynanın cənub-şərqindəki separatçılara rəğbət bəsləməsi ilə bağlıdır. FİFA-nın məktubunda deyilir ki, onun mahnıları isə “müharibəyə çağırışı əks etdirir”. Cavabında Çiçerina açıq məktubunda qadağa müəlliflərini “futbol banderaçıları” adlandırıb.

Moskvada Qızıl Meydanda keçirilən, çempionatın açılışına həsr olunmuş təntənəli  konsert də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Ən çox iki ifaçı haqda – opera müğənniləri Yusif Eyvazov və Anna Netrebko haqda danışılıb. Amma müzakirə mövzusu onların vokal ustalığı olmayıb, bununla bağlı heç kimin iradı yoxdu.

Sosial şəbəkələrdəki müzakirələrdən birinin mövzusu Eyvazovun iri brilyant yaxa sancağı olub.

Digər müzakirənin mərkəzinə isə Netrebkonun seçdiyi repertuar gəlib. O, Çaykovskinin “Bütün bunlar sənin haqqındadır” romansını oxuyub və bütün ifa müddətində üzünü Kreml divarına tutub. Sosial şəbəkə istifadəçiləri yekdilliklə belə nəticəyə gəliblər ki, romans prezident Putinə ünvanlanıb.

Amma ən amansız tənqidə müğənni Aleksandr Malinin və qızı Ustiniyanın çempionatın rəsmi himnini ifa etdikləri video-çarx məruz qalıb.

Maraqlı statistika

Çempionat Rusiyanın 11 şəhərinin 12 meydançasında keçirilir.

2018-ci il iyunun 7-də FİFA bilet statistikasını dərc edib. Həmin zamana qədər ümumilikdə 2 milyon 403 min 116 bilet satılıb ki, onlardan 872 minə yaxını rusiyalılar tərəfindən alınıb.

Alınmış biletlər üzrə ölkələrin ilk onluğunun (Rusiyadan başqa) siyahısı:

ABŞ – 88, 825

Braziliya – 72,512

Kolumbiya – 65,234

Almaniya – 62,541

Meksika – 60,302

Argentina – 54,031

Peru – 43,583

Çin – 40,251

Avstraliya – 36,359

İngiltərə – 32,362

Azarkeşlərin ən çoxsaylı yaş qrupu (37 faiz) 25-34 yaş arası insanlardan ibarətdir (Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinin məlumatı).

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.

JAMnews hadisələrin inkişafını bundan sonra da izləyəcək.

 


More on JAMnews