Mariya Zaxarova Gürcüstan-Rusiya münasibətlərinin bir neçə ağrılı aspekti ilə bağlı fikrini səsləndirib" />

Rusiya XİN nümayəndəsi: “Nəhayət, Gürcüstan etiraf etdi ki, osetinlər və abxazlar onun vətəndaşları deyil”

Mariya Zaxarova Gürcüstan-Rusiya münasibətlərinin bir neçə ağrılı aspekti ilə bağlı fikrini səsləndirib

Rusiya və Gürcüstan arasında münasibətlər durmadan yaxşılaşır. Bu haqda Rusiyanın “Dojd” telekanalına müsahibəsində RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“2012-ci ildə “Gürcü arzusu” Rusiya-Gürcüstan münasibətlərinin böhrandan çıxarılmasında öz marağını ifadə edən zaman biz dərhal buna reaksiya verdik. Normallaşma prosesi başladı, bu da bir neçə il ərzində müsbət nəticələrə səbəb oldu”, – Zaxarova söyləyib.

“Dojd” kanalına müsahibəsində Zaxarova Gürcüstan haqda çox danışıb və bir neçə konkret məsələyə toxunub:

Tatunaşvilinin işi

RF XİN nümayəndəsi Arçil Tatunaşvilinin işini – bu yaxınlarda Cənubi Osetiya milisində qeyri-müəyyən şəraitdə həlak olan Gürcüstan vətəndaşı – “arzuolunmaz insident” adlandırıb. O hesab edir ki, bu olay son illərdə Rusiya və Gürcüstan münasibətlərində yaranmış müsbət nəticələri korlamayacaq.

“Gürcüstanda və Gürcüstanın hüdudlarından kənarda iki ölkə arasında münasibətlərin yaxşılaşması çoxlarının xoşuna gəlmir. Buna görə də, təəccüblü deyil ki, onlar Tatunaşvili işinin üstünə düşüblər, amma bu cür təbliğat spekulyasiyasına baxmayaraq, onlar münasibətləri geri atmağa nail olmadılar”, – Zaxarova bildirib.

Gürcüstan vətəndaşı Arçil Tatunaşvili de-fakto Cənubi Osetiya hakimiyyəti tərəfindən 2018-ci il fevralın 22-də saxlanılıb. Növbəti gün müəyyən olunmamış şəraitdə Tatunaşvili ölüb.

Gürcüstan mediası

Bəzi təlimatlı Gürcüstan KİV-i Rusiya siyasətinə və Rusiyanın özünə qarşı nifrət yaymaq üzərində çalışır, amma onlar heç nəyə nail ola bilmir, – Zaxarova deyib.

Həmçinin oxuyun: Gürcüstan hökumətinin 6 illik hakimiyyəti dövründə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün atdığı 9 addım

Onun sözlərinə görə, Rusiya ilə münasibətlər Gürcüstanda hər zaman əsas daxili siyasi müzakirə mövzusu olaraq qalır. Gürcüstan mediasının böyük hissəsi Abxaziya və Cənubi Osetiya ilə bağlı tarixi münaqişələrin nizamlanmasında real çıxış yolları axtarmaq əvəzinə bütün bədbəxtliklərdə Rusiyanı günahlandırır, Zaxarova bəyan edib.

“Yüzlərlə turist gürcülərin rusları qarşıladığı istiliyi öz misalında yaşayıb. “İşğal olunmuş ərazilər haqda Qanun” isə başqa məsələdir. Bu qanun ləğv olunana qədər heç kim təxribatdan sığortalanmayıb və biz bu haqda vətəndaşlarımızı xəbərdar etməyə borcluyuq”, – Zaxarova bildirib.

Məftil çəpərlər

Zaxarova bildirir ki, Cənubi Osetiya çoxdan Gürcüstana “mövcud xəritələri yenidən yoxlamağı və Cənubi Osetiya ilə Gürcüstan arasında sərhəd xəttinin məhz haradan keçdiyini birlikdə müəyyən etməyi təklif edir”:

“Yerli əhali üçün kənd təsərrüfatı işləri zamanı sərhəd pozuntusuna yol verməməkdən ötrü bu xəttin real olaraq mövcud olması vacibdir”.

Amma onun fikrincə, Gürcüstan bu təklifə razı olmur ki, “əlində həmişə guya daima hərəkət etdirilən sərhədlərlə bağlı spekulyasiya mövszusu olsun”. Buna görə də, Cənubi Osetiya sərhədlərin demarkasiyası işi üzərində birtərəfli rejimdə çalışmaq məcburiyyətindədir. Bununla bağlı Gürcüstan tərəfinin etirazlarını Zaxarova “muzdlu statistlərin iştirakı ilə şou” adlandırıb.

Gürcüstanın yeni sülh planı haqda

Abxaziya və Cənubi Osetiya sakinləri özlərini Gürcüstan vətəndaşı hesab etmir və gələcəkdə də olmaq istəmirlər. Gürcüstanın bu yaxınlarda açıqladığı “Gələcəyə doğru addım” yeni sülh planı bu faktı faktiki olaraq təsdiqləyir, Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, bu sənəd abxazlara və osetinlərə Gürcüstan vətəndaşlığını qəbul etmədən Gürcüstanın dövlət proqramlarından istifadəni təklif edir.

“Tbilisi növbəti sülh təşəbbüsü ilə çıxış edib… Mətndə xüsusən vurğulanır ki, Abxaziya və Cənubi Osetiya sakinlərinin Gürcüstan proqramlarında iştirakı, onlar üçün müəyyən edilmiş güzəştlər onların Gürcüstan vətəndaşlığını qəbul etməli olduğuna dəlalət etmir. Bununla da rəsmi Tbilisi çoxdan bəri aydın olan şeyi nəhayət, etiraf edir: Abxaziya və Cənubi Osetiya sakinləri Gürcüstan vətəndaşları deyil və hətta böyük güzəştlər bahasına da Gürcüstan vətəndaşlığını qəbul etmək istəmirlər” – Zaxarova bildirib.

Onun sözlərinə görə, bu fakt Gürcüstanın reallıqla tam barışacağına ümidləri artırır, “bu, hamı üçün ən yaxşı çıxış yolu olar”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili aprelin 4-də münaqişəli regionlarla bağlı yeni sülh təşəbbüsünü irəli sürüb. “Ən yaxşı gələcəyə doğru addım” – Abxaziya və Cənubi Osetiya sakinlərinə bir sıra təklifləri nəzərdə tutan bu təşəbbüs belə adlanır. Bu təkliflər ticarəti, iqtisadi fəaliyyəti və təhsili əhatə edir; bundan başqa onlara Gürcüstan vətəndaşlarına aid olduğu kimi, Avropaya vizasız səyahət və Avropa ölkələri ilə azad ticarət imkanları da təqdim olunur.


More on JAMnews