Rusiya hakimiyyəti gənclərin mədəni tədbirlərini pozur, çünki gənclərlə ümumi dil tapa bilmir və onlardan qorxur " />

Rusiya: hakimiyyət gənclərə hücum edir

Rusiya hakimiyyəti gənclərin mədəni tədbirlərini pozur, çünki gənclərlə ümumi dil tapa bilmir və onlardan qorxur

Sankt-Peterburqda korrupsiyaya qarşı aksiya, Rusiya. İyun 2017-ci il REUTERS/Anton Vaganov

“Novaya qazeta”nın materialları əsasında

Noyabrın 26-da Moskvada rep ifaçıları tərəfindən Krasnodarda saxlanılan repçi Xaskiyə dəstək olaraq təşkil olunmuş xeyriyyə konserti keçirildi. Konsertin başlamasına bir az qalmış 12 sutkalıq həbs olunan Xaskini azad etdilər, amma aksiya baş tutdu. Bununla belə, Rusiyanın hər yerində konsertlər və digər tədbirlər ləğv olundu. “Novaya qazeta”nın müraciət etdiyi ekspertlərin fikrincə, mədəni tədbirlərin pozulması hakimiyyətin konkret musiqiçilərə qarşı deyil, ümumiyyətlə gənclərə qarşı böyük müqavimətinin bir hissəsidir.  

İfaçıların ünvanına səsləndirilən əsas ittiham “əxlaqsızlıq”dır. Bir qayda olaraq, konsertlər “səlahiyyətli orqanlar”ın tələbi ilə ləğv edilir, çox vaxt iştirakçıların üzərində narkotik axtarılır. Daha bir üsul “narazı ictimaiyyət”, “narahat valideynlər” və ümumiyyətlə uşaqların hüquqlarının qayğısına qalanları axtarıb tapmaqdır.   

Bu yaxınlarda “əxlaqsızlıq” ittihamı ilə Dağıstanda (Şimali Qafqazda, Rusiyanın tərkibində respublika) AniDag anime festivalı ləğv olunub. Qeyd olunub ki, bu tədbir Dağıstan sakinlərinin “mənəvi paklığına” xələl gətirir.

Rusiyada pensiya islahatına qarşı etiraz aksiyalarında kütləvi həbslər və döyülmələr

Abxaziyada rusiyalı gürcü opera müğənnisinin konserti qalmaqalla bitib

Şərh: Gürcüstan – dünyaların savaşı

Yekaterinburqda Tolerantlıq Günü münasibətilə keçirilən uşaqlar arasında rəsm müsabiqəsini də “əxlaqsız” saydılar. Fəallar məktəblilərin yaradıcılığında LGBT motivləri tapdılar: bu, göy qurşağı və “Biz xarici görünüşümüzü, oriyentasiyamızı və irqimizi seçə bilmərik. Hər birimiz özümüzə görə unikalıq” yazısı idi.

Rəsmləri polis apardı, əxlaq “keşikçiləri” məktəb direktorunun barəsində inzibati xəta haqqında iş açmağı tələb edirlər.

Hakimiyyətin davranışı ümumilikdə “şagirdlərlə əlaqəni itirən müəllimənin” davranışını xatırladır, sosioloq və filosof Qriqori Yudin belə hesab edir.  

“Onların həyatına çoxdandır ki, maraq göstərmir, amma nə etməli olduqları və olmadıqları ilə bağlı təsəvvürləri var. Onun normalarına heç kimin tabe olmadığını  görəndə də müəllimə əsəbiləşir və hamını döyməyə, küncə qoymağa və barmaqlarına xətkeşlə vurmağa başlayır”, – sosioloq deyir.

Hakimiyyətin sülh danışıqlarına başlamaq vaxtıdır, çünki elə həmin rep ifaçıları hakimiyyətə qarşı loyal olmayan qurumların tərəfinə keçir.

Belə ki, konsertdən sonra Xaski gəlirinin bir hissəsini digər təqib olunan musiqiçi və hüquq müdafiəçilərinə verib, repçi L`One isə hələ ifaçılara kütləvi hücum başlamazdan əvvəl hakimiyyətin böyük cərimə yazdığı Rusiyanın “The New Times” jurnalına pul köçürüb.

Hakimiyyətlə gənclər arasında konflikt artıq 2017-ci ilin mart ayında yaxşı hiss olunurdu, həmin vaxt müxalifətçi Aleksey Navalnının mitinqində etirazçılar arasında çox sayda yeniyetmələr göründü.

Siyasi texnoloq Vitali Şklyarov hesab edir ki, 2017-ci il mitinqlərində Rusiya hakimiyyəti korrupsiyaya qarşı etiraz aksiyalarını infantil yeniyetmə isterikası kimi təqdim etməyə çalışdı, yaşlı nəsil də ən yaxşı halda buna mərhəmətlə yanaşmalıdır.  

Nəsillər arasında gerçəkliyi anlamaqda bu cür böyük uçurum çoxdan müşahidə olunmayıb, ekspertlər belə deyir. Gənclər və yaşlı nəsil həmişə müxtəlif dünyalarda yaşayıb, indi isə “necə lazımdır”ı göstərmək  cəhdləri ən yaxşı halda gülüş doğurur, ən pis halda isə hər iki tərəfin barışmaz düşmənçiliyinə gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, gəncləri ələ almaq cəhdləri bəzən çox gözlənilməz görünsə də, tanış gəlir. Yekaterinburqda məktəblilərə stend atıcılığı üzrə yarışlarda “rus xalqının düşməni”ni vurmağı təklif ediblər. Elə həmin yerdə, amma bir qədər əvvəl məktəblilərə girov rolunda olmağı təklif ediblər. Nijni Taqildə region başçısı Əbədi məşəlin qar topları ilə söndürülməsinə “vətənpərvərlik” mövzusunda kütləvi dərs saatları ilə cavab verir, Peterburqda isə məktəblilərə “atalarına cəbhəyə” məktub yazmaq təklif olunur. Vətənpərvərlik tərbiyəsinin gedib çatmadığı yerlərdə isə ailə həyatının qaydaları və nikahdan əvvəl əlaqələrin qadağası ilə kilsə hökmranlıq edir. Dövlət Dumasında bu yaxınlarda ümumiyyətlə tanışlıq saytlarını qadağan etmək təklif olundu. 


More on JAMnews