Ukraynanın Hromadske teleşirkəti bu hərəkatlarda kimlərin təmsil olunduğunu və Rusiya millətçiləri ilə ümumi nələrinin olduğunu aydınlaşdırmağa çalışır " />

“Rus dünyasından” kalka: Ukraynada pedofillərlə mübarizə aparan hərəkatlar haradan yaranıb

Ukraynanın Hromadske teleşirkəti bu hərəkatlarda kimlərin təmsil olunduğunu və Rusiya millətçiləri ilə ümumi nələrinin olduğunu aydınlaşdırmağa çalışır

“Ağ şirlər” qrupunun üzvləri Foto: “ВКонтакте” sosial şəbəkəsindəki rəsmi səhifədən

Hromadske-nin materialı

 

“Ağ şirlər” və “İrs”

Kirovoqrad vilayətinin prokurorluğundan verilən məlumata görə, saxlanılan “Ağ şir” qrupunun üzvləri ehtimal olunan pedofillərə hücum edir, qurbanlarının döyülməsini videoya çəkir, sonra da bu videonu şəbəkədə yayacaqları ilə hədələyərək onlardan zor yolu ilə pul alırdılar.

Artyom Artyomyev “İrs” hərəkatının lideridir. Bu qruplaşma Ukrayna şəhərlərində “pedofilləri ovlamaqla” məşğuldur, Artyom izah edir. “Ağ şir”dən olan həmkarlarının həbsi ilə bağlı onun öz izahı var.

““Ağ şirlər” sərt davranırdı”, – o deyir, – “Güc aksiyaları təşkil edirdilər. Deyirlər, adamlardan pul alırlarmış”.

“İrs”in hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur, çünki Artyomyev zamanında Zaporojye vilayətinin DİN-də baş tutan söhbəti “qulağına sırğa edib”: “Özümüzü necə aparmalı olduğumuzu mənə yaxşıca izah etdilər, dedilər ki, maddi dəyəri olan əşyalarını əllərindən almayın, bir də onların döyülmə ilə bağlı iddiaları olmasın”, – Artyomyev danışır.

“İrs” özünü “uşaqların ləyaqətinə qəsd edən şəxslərin ifşasına yönəlmiş ictimai hərəkat” kimi xarakterizə edir. Aşağıdakı sxem üzrə hərəkət edir: fəallar “ВКонтакте” şəbəkəsində feyk profillər vasitəsilə kişiləri azyaşlılarla görüşə təhrik edirlər. Onlar görüşə gələndə azyaşlılar əvəzinə bir neçə idmançı ilə qarşılaşırla.

Bundan sonra “İrs” hərəkatının üzvləri qurbanlarının üzrxahlıqlarını və bir daha yetkinlik yaşına çatmayanlarla ünsiyyətdə olmayacaqları haqda vədlərini kameraya çəkirlər. Videonu Artyomyevin “ВКонтакте” şəbəkəsindəki səhifəsinə yerləşdirirlər, oradan da öz qruplarında paylaşırlar.

Artyomyev bildirir ki, onun üçün “İrsin” fəaliyyəti heç bir gəlir gətirməyən hobbidir.

“Mən bunu uşaqların sağlam cəmiyyətdə böyümələri üçün, onların psixikasını zədələməsinlər deyə edirəm”, – o izah edir. – “Onlar ölkənin, millətin, irqin gələcəyidir. Mən ağ irqi nəzərdə tuturam, bu irq prioritetdir. Mən irqçi deyiləm, sadəcə özümüzünküləri aha çox sevirəm”.

Pedofilləri üzə çıxarmaqdan başqa “İrs” uşaqlar üçün qeyri-rəsmi dərslərin təşkili ilə də məşğuldur. Artyomyevin sözlərinə görə, bu dərslər uşaqları böyüklərin zorakılığına qarşılıq verməyi öyrətməkdən ibarətdir. Layihə “Uşaq sayıqlığı məktəbi” adlanır.

“Məktəbdə” iki qrup var: 4-7 yaşlı və 10-15 yaşlı uşaqlar üçün. Bu dərslərin ümumtəhsil məktəblərinin bazasında keçirilməsi, həm də sadəcə Zaporojyeni deyil, Ukraynanın digər regionlarını da əhatə etməsi Artyomyevin planlarına daxildir. İndiyə qədər “sayıqlıq dərslərini” yüzə yaxın uşaq keçib.

“Rusiya izi”

Artyomyevin “ВКонтакте” şəbəkəsindəki dost siyahısında Rusiya millətçi çevrələrinə yaxşı məlum olan adamlar var. Məsələn, Zuxel ləqəbi ilə tanınan 2014-cü ildə Ukraynanın “Azov” batalyonuna qoşulan Roman Jeleznov. Buna görə, öz vətənində ona qarşı cinayət işi qaldırılıb.

Zuxel daha çox “Tesak” ləqəbi ilə tanınan rusiyalı Maksim Martsinkeviçin ən yaxın silahdaşlarından biridir. O, “Restrukt” və “Okkupay pedofilyay” təşkilatlarının banisidir. 2015-ci ilə qədər bu hərəkat pedofillərin axtarışı və bütün Rusiya regionlarında onların təhqir olunmasını əks etdirən video-görüntüləri yaymaqla məşğul olurdu. “Okkupay pedofilyay” yetərincə sərfəli iqtisadi müəssisəyə çevrildi – Martsinkeviç öz silahdaşları ilə həm Youtube kanalında videoların izlənməsindən, həm də “safari” – yəni fəalların ehtimal olunan pedofili necə təhqir etdiklərinə canlı baxmaq istəyənlər üçün biletlərin satışından qazanc əldə edirdi.

2013-cü ildə Martsinkeviç “Okkupay pedofilyay”la Ukrayna üzrə tur həyata keçirdi. rusiyalı və ukraynalı silahdaşları ilə o, Xarkovda, Xersonda, Odessada, Kiyevdə və digər regionlarda oldu və videolar çəkdi. Daha sonra bu video-roliklər Rusiya hüquq-mühafizə orqanları üçün “nifrət və ya nifaq yaratmaq, zor tətbiq etməklə insan ləyaqətinin alçaldılması” ilə bağlı cinayət işinin qaldırılması üçün əsas oldu.  

Martsinkeviçin ardınca bütün Rusiya üzrə “Restrukta” və “Okkupay pedofilyay” təşkilatlarının digər üzvlərini həbs etdilər. Öz ölkəsində təqiblərdən yaxa qurtarmaq istəyən bir çox qruplaşma üzvləri Ukraynaya qaçdı; bəziləri “Azov” batalyonuna qoşuldu.

“Okkupay pedofilyay” hərəkatının Çuvaşiya özəyinin lideri Mixail Oreşnikov da beləcə Çebaksardan Kiyevə gəldi. Ukraynaya dəstək aksiyalarının birində polisə hücum ittihamı ilə Rusiyada ona qarşı cinayət işi açıldı, 2014-cü ilin iyulunda isə o Rusiya və Ukrayna arasındakı dövlət sərhədini keçərək siyasi sığınacaq istədi. Ona qaçqın statusu verməkdən imtina etdilər, amma onun sözlərinə görə, sıralarına qoşulduğu “Azov” batalyonunun dəstəyi sayəsində yaşamaq hüququ, daha sonra isə Ukrayna vətəndaşlığı ala bilib. Ukraynaya köçəndən sonra Oreşnikov “pedofil ovunu” davam etdirib. Metodlar haqda o belə danışır:

“Bizdə heç bir zorakılıq olmurdu, mən bunu qadağan etmişdim. Pedofil özünü düzgün aparsın, həyasızlıq etməsin və hər şeyi etiraf etsin deyə mənəvi təzyiq lazımdır. Məsələn, telefonu götürüb, “indi anana zəng vuracağıq, gəlib səni götürəcək” deyərək”.

Ardı var

Ukraynada “Okkupay pedofilyay” təşkilatının şöhrət dalğasındaçoxlu klon-hərəkatlar yarandı.

Beləcə, Rusiyanın “Okkupay pedofilyay” təşkilatının nümunəsində və çox vaxt bu təşkilatın keçmiş liderlərinin dəstəyi ilə “İrs”, “Ağ şirlər” və “Dəbli hökm” hərəkatları yarandı və onlar nəinki ehtimal olunan pedofillərə qarşı, həm də geylərə qarşı “səlib yürüşü” elan elədilər

Sonuncu hərəkatın əsasını millətçi və antisemit, “Najdak” partiyasının lideri Nikolay Dulski qoymuşdu.

Hüquq müdafiəçiləri və LGBT birliyi fəalları “Dəbli hökm” üzvləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı dəfələrlə şikayət ediblər. “Dayaq nöqtəsi” LGBT təşkilatının icraçı direktoru Timur Levçuk danışır ki, 2015-ci ildə təşkilat əməkdaşları pedofil və gey adlandırılan insanlara qarşı zorakılıq səhnələrini əks etdirən video-görüntülərlə bağlı daha sonra polisə göndərilməklə ombudsmenə 14 müraciət ünvanlayıblar. Amma onun sözlərinə görə, bu müraciətlər əsasında ya iş açılmayıb, ya da iş açıb, sonra da sübutlar olmadığı üçün xitam verilib.

Məhkəmələrdə bir qayda olaraq, belə işlər nifrət zəminində baş vermiş cinayət kimi deyil, xuliqanlıq kimi təsbit edilir. Ən yaxşı halda ittiham olunanlar şərti cəza alır.

“Pedofil ovu” – özündən daha zəif olanlara, məsələn, geniş yayılmış homofobiya səbəbindən onlara qarşı törədilmiş cinayətlər haqda susmağa məcbur olan geylərə yönəlmiş fiziki və ya psixoloji zorakılıq üçün yaxşı bəhanədir, – radikal sağ yönlü hərəkatların tədqiqatçısı Anna Qritsenko hesab edir.

“Bu neonasist ruhlu mütəmadi və nümayişkaranə terror çox təhlükəlidir, həm də kimlərin qurban olmağından asılı olmayaraq. Əgər kiməsə real pedofiliya faktları məlumdursa, öz ədalətini qurmaq yerinə hüquq-mühafizə orqanlarına müraciət edib, işin gedişatını nəzarətdə saxlamaq lazımdır”, – Anna Qritsenko deyir.

Hromadske-nin materialı


More on JAMnews