Rusiyanın 210 məmuru və oliqarxı Amerika bankları ilə işləmək imkanından məhrum ola bilər" />

Putinin ətrafını sanksiyalar gözləyir

Rusiyanın 210 məmuru və oliqarxı Amerika bankları ilə işləmək imkanından məhrum ola bilər

ABŞ Maliyyə Nazirliyi “Kreml məruzəsini” dərc edib. Məruzənin hazırlanmasına Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsi səbəb olub. Sənədə Vladimir Putinin yaxın ətrafındakı 210 şəxsin adı daxil edilib – onlardan 114 nəfəri dövlət qulluqçusu, 96 nəfəri isə biznesmendir.

Məruzədə sanksiya tətbiq olunacaq şəxslərin tam siyahısı əks olunmayıb. Maliyyə Nazirliyi sənədi ABŞ Konqresinə təqdim edib, burada məruzə ilə bağlı bir neçə dinləmə keçiriləcək. Kimə və hansı sanksiyaların tətbiq olunacağı məhz Konqressdə müəyyən ediləcək.

Məruzədə hər bir məmurun və ya iş adamının Vladimir Putinə nə dərəcədə yaxın olduğu haqda danışılır, onların Rusiyada korrupsiyaya nə dərəcədə bulaşdıqları və qazanc mənbələri təsvir olunur. Həmçinin adı çəkilən hər bir rusiyalıya qarşı tətbiq olunacaq sanksiyanın nə ilə nəticələnə biləcəyinə dair ehtimallar da qeyd olunub.

Məruzədə başqaları ilə yanaşı baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, Rusiya Parlamentinin hər iki palatasının rəhbərləri Vyaçeslav Volodin və Valentina Matviyevko, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, iri iş adamları Aleksey Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Rusiyanın nəhəng dövlət şirkətlərinə – “Rosneft” və “Qazprom”a rəhbərlik edən şəxslər – İqor Seçin və Aleksey Miller də var.

CNN xəbər verir ki, siyahının ikinci hissəsi də mövcuddur, ABŞ Maliyyə Nazirliyi onu dərc etmək istəməyib:

İkinci hissədə Putinin yaxın ətrafına daxil olan başqa insanlardanmı söhbət gedir, yoxsa artıq adları sadalanan 210 məmur və iş adamı haqda daha ətraflı məlumatmı var – hələlik bəlli deyil. Konqressin razılığı ilə ABŞ-ın hansı sanksiyaları tətbiq edəcəyi də aydınlığa qovuşmayıb. CNN-in sorğu etdiyi ekspertlər ehtimal edirlər ki, ilk növbədə bu, Amerika bankları ilə işləmək imkanının məhdudlaşdırılıması olacaq.


More on JAMnews