Pankisi dərəsində həyəcan – Suriyadakı müharibənin əks-sədası Gürcüstana qədər çatıb
Pankisi dərəsinin sakini Maxlaz Maçalikaşvili artıq iki aydır ki, Gürcüstan parlamenti qarşısında etiraz edərək ədalətli mühakimə tələb edir. Ötən ilin yanvarında onun 19 yaşlı oğlu Tamerlan öz yataq otağında xüsusi təyinatlılar tərəfindən güllə ilə yaralandıqdan sonra həyatını itirib.
Maxlaz oğlu Dato ötən il dekabrın 1-də dava zamanı öldürülən Zaza Saralidze ilə birlikdə övladlarının qatilləri cəzalandırılana qədər küçədə qalmaq niyyətindədir. Maçalikaşvili ailəsinin faciəsi haqda bəhs edən bu reportaj 2018-ci il yanvarın 29-da dərc olunub.
Vaxtilə bütün dünyada məşhur olan Pankisi dərəsi son illər tam sülh şəraitində yaşayırdı. Amma Suriyadakı müharibənin əks-sədası bura da gəlib çatıb. Gənclərin İslam Dövlətinə döyüşmək üçün getdiyi dərədə Gürcüstan hakimiyyəti 2017-ci ildə bildirildiyinə görə, terrorçularla əlbir olanları üzə çıxarmaq məqsədilə xüsusi əməliyyat keçirib. Nəticədə dərədə böyük çətinliklə əldə olunan sabitlik yenə də sual altındadır.
“Aydın səmada şimşək çaxdı”
Alazani çayının yuxarı hissəsində, gözəl mənzərəli, meşə ilə örtülmüş qarlı dağlar arasında yerləşən kəndlərdə bu gün sakit və dinc şərait hökm sürür. Yerli sakinlərin sadəcə “Xeoba” (dərə) adlandırdığı, son zamanlar yenidən Gürcüstan və onun hüdudlarından kənarda diqqəti özünə çəkən bu yer ilk baxışdan Gürcüstanın qalan əyalətindən demək olar ki, fərqlənmir. Fərqlər ancaq minarələr, küçələrdə çox sayda qəribə formalı saqqalı kişilərin olmasında və burada spirtli içki almağın çətinliyindədir.
Əslində isə dərədə son bir ay ərzində vəziyyət xeyli gərginləşib. Xüsusilə 10 yanvar tarixində 19 yaşlı yerli sakin Temirlan Maçalikaşvili komadan çıxmadan vəfat edəndən sonra. Xüsusi təyinatlı hərbçi 26 dekabr tarixində onu yataq otağında başından atəş açmaqla yaralayıb. O vaxt Pankisidə terrorçulara yardımda şübhəli bilinən daha beş yerli sakini həbs edilib. Daha sonra hakimiyyət oğlanın əlində qumbara olduğunu bildirib, ailəsi isə bu məlumatı qəti surətdə təkzib edir.
Bu əməliyyat 22 noyabr tarixində Tbilisidə keçirilən xüsusi əməliyyatın davamı oldu, bu zaman xüsusi təyinatlılar az qala bir sutka ərzində davam edən döyüşlərin nəticəsində çoxmərtəbəli binanın mənzillərindən birində gizlənən üç silahlını məhv edib. Bir qədər sonra öldürülənlərdən birinin Axmad Çatayev olduğu bildirildi. Çeçenistan sakini Çatayev İslam Dövləti sıralarında vuruşub.
Türkiyə hakimiyyəti onu 2016-cı ildə İstanbulun Atatürk aeroportunda 45 insanın həlak olması ilə nəticələnən terror aktının təşkilində şübhəli bilir. Bundan əvvəl Çatayev Gürcüstanda olub və qanunsuz silah saxlamaqda şübhəli bilinərək, həbs çəkib.
İstintaqın rəsmi versiyasına görə, Çatayev Gürcüstana Suriyadan qayıdıb, bu zaman Gürcüstan-Türkiyə sərhədini qeyri-qanuni yolla Acariya dağlarındakı meşə cığırları ilə keçərək gəlib. O vaxt Çatayevin əli və ayağı amputasiya olunmuşdu. Tbilisidə meyiti tez bir zamanda tanımaq məhz protez qalıqlarına görə mümkün olub.
Gürcüstan hakimiyyəti bildirir ki, Çatayevin dəstəsi Gürcüstanda xarici diplomatik nümayəndəliklərə qarşı terror aktı planlaşdırıb. Və guya ki, Çatayevin Gürcüstanda, o cümlədən də Pankisi dərəsində tərəfdarları olub.
Xüsusi əməliyyat, daha sonra da 19 yaşlı gəncin ölümü Pankisidə vəziyyətin gərginləşməsinə səbəb olub. Yanvar 12-də Temirlanın dəfn mərasiminə görülməz sayda – minə yaxın insan gəlib.
16 yanvar tarixində Gürcüstanın xalq müvəkkili Nino Lomcariya Maçakaşvili ailəsini ziyarət edən ilk rəsmi şəxs oldu. O gün qar və şaxta olmasına baxmayaraq, evin ətrafında çox sayda insan toplaşmışdı. Xalq müvəkkili bir saata yaxın bağlı qapılar arxasında ailə ilə söhbət etdiyi evdən çıxandan sonra bildirib ki, istintaq ailəyə həm Temirlanın günahını sübut edən faktlar, həm də xüsusi əməliyyat haqda daha çox məlumat verməlidir.
“Ailənin vermək istədiyi suallar bizi da narahat edir”, – o görüşdən sonra deyib.
Yerli sakinlərin sualları həqiqətən də çoxdur.
“Biz bilirik ki, qanun var, istintaq da həqiqəti üzə çıxarmalıdır. Amma bizim etirazımız məhz əməliyyatın necə keçirilməsi ilə bağlıdır. Mənim fikrimcə, əməliyyat çox pis keçirilib”, – dərənin ağsaqqallar şurasının üzvü Xaso Xanqoşvili deyir.
O hesab edir ki, yerli gəncləri dindirilməyə çağırsaydılar, heç kim boyun qaçırmazdı, faciəvi hadisə də baş verməyə bilərdi.
Dərə sakinləri oğlanın günahkar olduğuna inanmırlar. Hər halda dövlət təhlükəsizliyi tərəfindən təqdim olunmuş Temirlanın Tbilisi küçələrində Çatayev dəstəsi üzvləriylə mağazalar gəzdiyi kadrları yetərli sübut kimi qəbul etmirlər.
Pankisidə söhbət etdiyimiz insanların demək olar ki, hamısı bildirir ki, gəncləri, hansılarla ki əlaqə istintaqın saxlanılan yerli sakinlərə qarşı əsas arqumentidir, Pankisidə çoxları tanıyırdı. Bu gənc çeçenləri dərədə son iki ildə tez-tez görürdülər. Yerli sakinlər onlara dilini bilmədiyi yad ölkədə uyğunlaşmağa kömək edirdilər, onların İnterpol tərəfindən axtarışda olduqlarından isə xəbərsiziydilər.
Eyni zamanda hakimiyyət nümayəndələri saxlanılanların günahkar olduğundan əmindir. Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvilinin sözlərinə görə, “istintaqın Gürcüstan vətəndaşlarının Çatayevin dəstəsinə texniki vasitələr və silah əldə etməkdə kömək etməsinə dair sübutları var”. Düzdür, bu sübutlar hələlik ictimaiyyətə təqdim edilməyib.
P
ankisi dərəsində yeddi minə yaxın insan yaşayır. Sakinlərin böyük əksəriyyəti XIX əsrin əvvəllərində köçürülmüş çeçen-kistinlər nəslindəndir. İkinci çeçen müharibəsi zamanı dərə müvəqqəti olaraq Çeçenistandan olan 12 min qaçqın qəbul etdi. 90-cı illərin sonları 2000-ci illərin əvvəllərində bu bölgə Gürcüstan hökuməti tərəfindən demək olar ki, idarə olunmurdu, daha çox kriminal, narkotik alveri və insan oğurluğu mərkəzi kimi tanınır və beynəlxalq miqyasda potensial təhlükə ilə assosiasiya olunurdu.
O vaxt Rusiya Gürcüstanı çeçen qiyamçılarını dəstəkləməkdə ittiham edir və bir neçə dəfə Pankisi ərazisini bombalayıb.
2003-cü ildə hakimiyyət dəyişikliyindən sonra vəziyyəti stabilləşdirmək mümkün oldu, hakimiyyət hər hansı bir güc tətbiq etmədən dərə üzərində nəzarəti bərqərar etməyə nail oldu.
Hətta 2012-ci ildə Lapankuri dərəsində baş verən hadisələr zamanı Gürcüstanın xüsusi təyinatlıları Dağıstanla sərhəddə əsasən Pankisi sakinlərindən ibarət olan silahlı dəstəni məhv etdikdən sonra çox sayda cavabsız sual qalsa da bu belə bərqərar olmuş sabitliyi sarsıtmadı.
2012-ci ildə yeni hakimiyyət infrastruktur layihələri və müxtəlif proqramların maliyyələşdirilməsi ilə regionun inkişafı siyasətini davam etdirdi.
P
ankisinin öz hökumət orqanları yoxdur, dərə Axmeti bələdiyyəsinə daxildir. Ən nüfuzlu institutları arasında məscid və ağsaqqallar şurası var. Ən böyük kəndi Duisidə polis şöbəsi, bir neçə qeyri-hökumət təşkilatı ofisi və ingilis dili kursları var. Buranın yolları yaxşıdır, bu yaxınlarda qaz çəkilib. Bir ildən artıqdır ki, burada beynəlxalq donorların dəstəyiylə yeganə yerli kütləvi informasiya vasitəsi olan Way ictimai radiosu fəaliyyət göstərir.
Bütün bunlar son illərin bəhrəsidir, Pankisidə də onları normal həyatın qurulması baxımından çox dəyərləndirirlər. Eyni zamanda burada hesab edirlər ki, son hadisələr “stabillik illəri”nə son qoya bilər.
“Əhali, nüfuzlu şəxslər və dövlət əvvəlki illərdə dərədəki vəziyyəti tənzimləmək üçün xeyli səy göstərməli oldular… Baş verənlər çox gözlənilməz oldu… Bizim üçün bu, çox ağır zərbədir”. – Xaso Xanqoşvili deyir.
Way radiosunun jurnalisti İslam Qorqişvili deyir ki, son həftələrdə baş verən hadisələr “dövlət tərəfindən dərədə edilənlərin üstündən xətt çəkdi. Yenidən hakimiyyətə etimadsızlıq artdı”.
“Son hadisələr hər şeyin 2000-ci illərin əvvəlləri səviyyəsinə qayıtması hissini yaradır”, – sələfi icması imamının nümayəndəsi Musa Pankiseli deyir. O, gücün tətbiq edilməsinə nəyin səbəb olduğunu anlamır, axı dərənin istənilən sakini ifadə verməyə hazırıydı.
Pankisidən İslam Dövlətinə
Suriyada qondarma İslam Dövləti yarandığı andan dünyanın bir çox ölkələrindən onun sıralarına keçmək istəyən könüllülər peyda oldu. Gürcüstan, o cümlədən də onun müsəlman əhalisinin yaşadığı regionları da istisna olmadı. İslam Dövləti ideyalarının ən populyar olduğu yer isə Pankisiydi.
Bu gün heç kim dəqiq neçə gəncin Suriyaya döyüşməyə getdiyini deyə bilmir. Onlarla adamdan 150 nəfərə qədər rəqəmlər söylənilir. Dəqiq məlum olan ancaq ölənlərin sayıdır – 26 nəfər. O qədər də böyük olmayan icma üçün bu, böyük rəqəmdir.
Yerli sakinləri daha çox yetkinlik yaşına çatmayan kistinlilərin Suriyaya getməsi faktı qəzəbləndirdi – qanunla sərhədçilər onları ölkədən buraxmamalıydı, onların gedə bilməsində isə dövləti günahlandırırlar.
Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bildirib ki, yeni hakimiyyətin vaxtında, 2012-ci ildən qanunvericilik sərtləşdirilib və gənclərin Gürcüstandan Suriyaya gedə bilməməsi üçün tədbirlər görülüb. Sesiaşvili bildirir ki, 2012-ci ilə qədər Gürcüstandan İŞİD-in sıralarında vuruşmaq üçün onlarla adam gedibsə, sonra bu, cəmi bir neçə adam olub.
Cokolo kəndindən olan Leyla Açiaşvili bu müharibədə iki oğlunu itirib. Xamzat və Xalid əvvəlcə Avstriyaya qaçqın kimi gedib, ailə qurub. 2013-cü ildə böyük qardaş Xamzat İslam Dövlətinin sıralarında vuruşmaq üçün gedir. Leyla oğlunu bu yoldan daşındırmaq və qaytarmaq üçün Suriyaya yola düşür. Oğlunu tapa bilir, hətta bir neçə gün də yanında qalır. Amma yola gətirə bilmir.
Leyla qayıdandan bir neçə gün sonra oğlunun ölüm xəbəri gəlir. Bir müddət keçəndən sonra kiçik oğlunun da müharibəyə getdiyini öyrənir, o da bir qədər sonra həlak olur. Ana oğlanlarının seçimini bəyənmirdi, amma onlara heç cür təsir edə də bilmirdi. Oğlanları öləndən sonra qadın başına gələnlər barədə susmamaq qərarına gəlir ki, bəlkə başqa ailələri də bu faciədən qoruya bilsin.
Sələfi icması imamının nümayəndəsi Musa Pankiseli Suriyaya müharibəyə gedən Pankisi sakinləri barədə danışarkən bildirir k, vəziyyət bir neçə il ərzində dəyişib:
“Əvvəllər, İslam Dövləti yaranana qədər bütün sivil adlanan dövlətlər Suriyanın əzab çəkən xalqına köməyə çağırırdı. O vaxtlar bununla bağlı problemlər yoxuydu. Sonra da digər istiqamətdə hərəkətlər başlayanda (İŞİD-in yaranması və güclənməsi – red.) çoxları bunu başa düşdü, çoxları daşındı (İŞİD tərəfində müharibədən). Üç il dərədən heç kim ora getməyib, getsə də bu, həmin vaxt başqa ölkələrdə yaşayanlarıydı”.
Xaso Xanqoşvili hesab edir ki, gənc kistinlilərin Suriyaya getməsinin əsas səbəbi “xilafətin” ilk qələbələrindən olan “eyforiya” və İslam Dövləti tərəfdarlarının təşviqiydi, gənclər də tezliklə buna aldandı. Bundan başqa, onun sözlərinə görə, kistinlilər vaynaxlardı, döyüş ruhu da onların qanındadır. Rusiyanın Suriyadakı münaqişəyə müdaxiləsi faktı da öz rolunu oynayıb, bir çox kistinlilər Rusiyaya qarşı döyüşmək istəyirdi.
“İllərlə, Suriyadakı münaqişə başlayandan sonra hakimiyyətdən gənclərimizi buraxmamağı, sərhədi bağlamağı tələb etmişik”, – ağsaqqal deyir. Sonda Xanqoşvilinin sözlərinə görə, Suriyada döyüşmək istəyənlər üçün sərhədi bağladılar.
2015-ci ilin sonlarında İŞİD üçün döyüşçülər cəlb etmək ittihamıyla yerli sələfi məscidinin imamı Ayub Borçaşvili həbs edilib. 2016-cı ilin mart ayında o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Müəllim və ictimai fəal Luiza Mutoşvili hesab edir ki, bu vəziyyətin yaranmasının səbəblərindən biri yerli gəncləri nəyləsə məşğul etmək üçün dəqiq dövlət siyasətinin olmamasıdır.
Gənclərin burada həqiqətən də doğru-dürüst məşğuliyyəti yoxdur – elə əslində Gürcüstanın digər əyalətlərində olduğu kimi. Bircə fərqlə – digər əyalətlərdə gənclərə müharibə və şöhrət təklif etmirlər. Bu yaxınlarda Duisidə idman kompleksi açılıb. Amma Luiza hesab edir ki, dərə üçün bu, kifayət deyil.
2016-cı ildə həlak olmuş Pankisi sakini Tarxan Batiraşvili və ya İslam Dövlətinin hərbi naziri Umar aş-Şişani obrazı görünür, Pankisi gənclərinin cihadçıların sıralarına səfərbər olmasında mühüm rol oynadı.
Pankisidəki xüsusi əməliyyatdan sonra gürcü mediasının diqqətini Temirlan Maçalikaşvilinin “Pankisili Temirlan” adı ilə yaratdığı “Facebook” səhifəsi çəkdi. Burada o, eyni zamanda Tarxan Batiraşvili və İŞİD-in digər döyüşçülərinin foto və videolarını paylaşıb. Amma belə məlum oldu ki, Pankisi gəncləri üçün burada qeyri-adi heç nə yoxdur.
“Batiraşvilinin foto və videolarını “Facebook”a təkcə kistinlilər deyil, gürcülər də yerləşdirirdilər. Ona çoxları simpatiyasını ifadə edirdi. Düşünmürəm ki, bu, İŞ-ə simpatiyanın təcəssümüdür. Vaynaxlar arasında vətənpərvərlik ruhu güclüdür, çoxları da sosial şəbəkələrdə Rusiyaya qarşı azadlıq uğrunda vuruşan çeçen döyüşçülərinin foto və videolarını dərc ediblər”, – İslam Qorqiaşvili izah edir.
Temirlanın bacısı Nata Maçalikaşvili də əmindir ki, Batiraşviliyə simpatiyalar təkcə kistinlilər deyil, gürcü gənclər arasında da populyardır. “Orada Suriyadan cəmi bir-iki foto varıydı. Çoxları – orada ölənlərə görə narahat olanlar belə videoları paylaşır. Qardaşımı nahaq yerə bunda suçlayırlar”, – o deyir.
Bununla belə, görünür ki, yerli gənclər üçün aralarında onların qohumları, qonşuları və sinif yoldaşlarının da olduğu İŞİD döyüşçülərinə simpatiya Gürcüstana qarşı vətənpərvərlik hissini istisna etmir.
“Öz aramızda bu mövzunu müzakirə edəndə həmişə deyirik ki, Suriyada döyüşən Pankisi sakinlərindən heç kim heç vaxt Gürcüstana pis heç nə etməzdi”, – Luiza Mutoşvili bizə deyir.
“Başa düşmürəm, niyə hər dəfə Gürcüstanı sevdiyimizi sübut etməli oluruq”, – gənc müəllimə bir qədər kədərlə deyir. İslam Qorqişvili də onu dəstəkləyir: “Biz də digərləri kimi, Gürcüstan vətəndaşıyıq və dəfələrlə bunu sübut etmişik”.
Pankisidə söhbət edə bildiyimiz demək olar ki, hər kəsi dərə və onun sakinlərinin reputasiyası narahat edir. “Niyə bizim haqqımızda pis danışırlar?” – bu sualı burada tez-tez eşidirsən.
“Bəzi siyasətçilər deyəndə ki, burada terrorizm var, terrorizm dəstəklənir – bu, çox acıqlandırır”, – Xaso Xanqoşvili deyir.
Suriyada iki oğlunu itirən Leyla Açişvili bu gün şəxsi qest-xausunu açıb və burada əcnəbi turistləri qəbul edir. Öz narahatlıqları ilə də bölüşür: “Yenə də burada terrorçuların olduğunu deməyə başlayıblar. Qorxuram ki, qonaqlar artıq bizə gəlməyəcək”.
Musa Pankiseli Pankisi haqqında neqativ fikirlərin yayılmasında bəzi media və QHT-ləri günahlandırır. Onun sözlərinə görə, dərə sakinləri sabitlik istəyir ki, “iqtisadiyyat və turizm potensialını inkişaf etdirmək imkanı olsun”.
Gürcü jurnalisti, Gürcüstanın regionlarında işləyən “İnformasiya mərkəzləri şəbəkəsi”nin redaktoru Qela Mtivlişvili bildirir ki, Pankisiyə qarşı stereotiplər və damğanın möhkəmlənməsinə Gürcüstan mediası tərəfindən son hadisələrin həddən artıq faciəvi şəkildə işıqlandırılması da xidmət edib.
“Onların bir hissəsi deyirdi ki, hakimiyyət odla oynayır, digər hissəsi bildirirdi ki, dərədə təhlükəli vəziyyət var… Bu, obyektiv qiymət deyildi. Dərədə həqiqətən də gərgin vəziyyət var, amma medianın bir hissəsinin təqdim etdiyi səviyyədə deyil”.
İslam – təzə və köhnə
Sünni islamında nisbətən yeni cərəyan olan, həm də vəhhabilik adlanan sələfilik “saf”, əsl islama qayıtmağı təbliğ edir. Sələfilik Rusiyanın Şimalı Qafqazında təqib olunur, Pankisidə isə son illərdə dominantlıq etməyə, uğurla ənənəvi islamı sıxışdırmağa başlayıb.
Gənclərin böyük hissəsi sələfilərdir. Suriyada döyüşən demək olar ki, bütün pankisililər sələfilərdir. Duisinin mərkəzində sələfi məscidinin yeni binası ucalır.
Sələfilərin təsiri gücləndikcə, görünür, adətlərin sərtləşməsi də gözlənir. Amma hələlik o qədər də aqressiv formalarda deyil. Ötən ilin yanvar ayında Duisidəki polis şöbəsinin düz qarşısında kimsə yeni il yolkasını yandırıb. Bir qədər sonra gender bərabərliyi məsələləri ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatının ofisini yandırmaq cəhdi edilib. Günahkarlar elə də tapılmadı.
Ağsaqqallar “radikal islam”ın yayılmasından açıq narazılıqlarını ifadə edirlər. Xaso Xanqoşvilinin dediyinə görə, Gürcüstanda dinlər haqqında “qanunu pozanları məhdudlaşdıran” qanunvericilik qəbul edilməlidir.
Sələfi icmasının nümayəndəsi Musa Pankiseli ənənəvi islamın sələfiliklə mübarizəsini yaşlı və gənc nəsil arasında münasibətlər kimi görür. “Texnologiyaların indiki səviyyəsində on yaşlı uşaq da 60-70 yaşlı adamdan çox bilə bilər. Yaşlılarımızın haqqımızda nə deməsindən asılı olmayaraq, onları dəyərləndiririk”, – Musa deyir.
Vaynaxlılar üçün ağsaqqalların lider mövqe tutduğu ənənəvi iyerarxiya sələfiliyin Pankisiyə gəlişiylə əməlli-başlı laxlayıb.
Duisi orta məktəbinin dəhlizlərində gürcü şairləri Şota Rustaveli və İlya Çavçavadzenin portretləri var. Tənəffüs vaxtı məktəblilər şəhadət barmaqlarını yuxarı qaldıraraq, sevinclə kameraya poza verirlər – tək allahlığı ifadə edən bu jest sələfilər arasında daha populyardır.
İslamın Pankisidə radikallaşması diqqət yetirilməli olan problemdir, Tbilisidə fəaliyyət göstərən “Təhlükəsizlik və inkişaf mərkəzi” qeyri-hökumət təşkilatının direktor müavini Georgi Qoquadze deyir.
“Sələfiliyin Pankisidə təsiri artır, amma hamımız eyni cür hərəkət etməməliyik… Onların arasında radikal baxışları ilə seçilən çox kiçik insan qrupu var. Sələfi icması ilə kommunikasiyaya ehtiyac var”, – Qoquadze deyir.
Onun sözlərinə görə, dövlətin bu məsələdə yeganə strategiyası yoxdur, ayrı-ayrı qurumların da radikallıqla mübarizəyə fərqli yanaşmaları var.
“Sayıq olmaq”
Tbilisi və Pankisidəki xüsusi əməliyyat gürcü müxalifəti sıralarında şübhələr yaratdı. Müxalif Vahid Milli Hərəkatın nümayəndəsi Xatiya Dekonaidzə bizə bildirdi ki, bununla bağlı xeyli sayda suallar yaranır.
“O cümlədən, Çatayevin qrupu Gürcüstana necə gəldi? Yaşayış məhəlləsində silah anbarı hardan əmələ gəlib? Hakimiyyət eyni zamanda Temirlan Maçalikaşvilinin terrorçuları ilə əlaqənin əsaslı sübutlarını təqdim etməyib… Hər iki xüsusi əməliyyat qeyri-proporsional və qeyri-peşəkar əməllərlə fərqlənir. Maçalikaşviliyə qarşı proporsional güc tətbiq edilmişdimi? Onun silahı varıydımı? Çox sayda sual cavabsız qalıb və hakimiyyət onlara cavab verməlidir”, – Dekonaidze deyir.
Ekspert Georgi Qoquadze hesab edir ki, son hadisələr nəticəsində Pankisi əhalisinin dövlət və onun institutlarına etibarı pozulub.
“Bütün orada həyata keçirilən proqramlar, donorların, qeyri-hökumət sektorunun və dövlətin bütün cəhdləri hazırda zərbə altındadır. Onların əsas məqsədi etnik azlığın inteqrasiyasının dəstəyi olub, bu da indi sual altındadır”, – ekspert deyir.
O hesab edir ki, hökumət vəziyyəti tənzimləmək məqsədilə yerli əhali ilə kommunikasiya üçün təcili olaraq tədbir görməlidir, o cümlədən dərəyə yüksək vəzifəli şəxslər səfər etməlidir.
İslam Dövlətinin süqutu ilə bir çox ölkələr üçün ora keçmiş İŞİD döyüşçülərinin keçmək təhlükəsi yaranıb. Çatayevin qrupu da, istintaqın məlumatlarına görə, Tbilisiyə Suriyadan gəlib.
Georgi Qoquadze hesab edir ki, “fəlakətin baş verməsini gözləməyə dəyməz”, amma hər halda təhlükə də göz qabağındadır, çünki İŞİD sıralarında Gürcüstanın yüzdən çox vətəndaşı döyüşüb və dövlət sayıqlıq göstərməlidir. Bunun üçün isə uzlaşdırılmış iş və beynəlxalq tərəfdaşların cəlb edilməsi lazımdır.