“Bu, mənim üçün böyük bir imkandır: qazandığım pulu da Ermənistana – ailəmə göndərirəm” " />

Okeanın o tayında iş

“Bu, mənim üçün böyük bir imkandır: qazandığım pulu da Ermənistana – ailəmə göndərirəm”

Sakit okean sahilində yerləşən Mələklər Şəhəri son 20 il ərzində minlərlə Ermənistan vətəndaşının qazanc dalınca üz tutuğu çox böyük və cəlbedici əmək bazarına çevrilib, amma bunun üçün də Amerika vizası almaq lazımdır. Onların az hissəsi müəyyən olunmuş vaxt bitəndən sonra Ermənistana qayıdır: çoxları daha çox qazanmaq ümidilə vizanın müddətini pozur və uzun illər boyu ölkədə qeyri-leqal yaşayır və işləyirlər.

Yerevandan olan 56 yaşlı Bella Martirosyan artıq üç ildir ki, Los-Ancelesdə yaşayır. İki uşağa dayəlik edir və onların ailəsinin evində yaşayır. Deyir ki, vizada qoyulan müddəti çoxdan pozub və Ermənistana qayıtdığı halda ona təkrar ABŞ-a getməyi qadağan edəcəklər.

“Bu, mənim üçün böyük imkandır: qazandığım pulu da Ermənistana – ailəmə göndərirəm. Mənim bu qazancım olmadan onlar orada dolana bilməyəcək. Burada həmişəlik qalmağa hazırlaşmıram. Sadəcə bir az işləyəcəm, pul yığacam və evimə qayıdacam. Emənistanda uzun illər mühasib işləmişəm, burada isə dayəyəm. Mənə ayda 2000 dollar verirlər. Ermənistanda hansı işi görməliyəm ki, bu qədər pul alım? Həmin işə görə bizim ölkədə 100-150 min dram verirlər. Bu da təxminən 300 dollardır. Aydın məsələdir ki, seçimimiz nə olur”, – Bella deyir.

Bella kimi vizanın müddəti bitəndən sonra Birləşmiş Ştatlarda qalıb işləyən Ermənistan vətəndaşları çoxdur. Onlar burada “qara iş” görür və onlara başqalarından daha az pul verirlər. Onlar, əsasən, uşaqlara və ya qocalara baxır, çörəkxanalarda, şirniyyat sexlərində işləyir. Kişilər taksi sürür, maşın yuyur, tikintidə fəhləlik edirlər.

İlk vaxtlarda qohumlarının evində qalır, sonra da daha az pul ödəmək üçün bir neçə nəfərlə bir ev kirayə edirlər. Ev kirayələmək isə burada 1500-2000 dollardır. Qeyri-leqal işçinin maaşı da təxminən bu qədərdir. İşi ermənilərin daha çox olduğu şəhərlərdə – Hollivudda, Qleyndeyldə, Byorbankda, Vellidə və Pasadenada tapırlar.

Uzun müddət Yerevanda müəllimə işləmiş Nelli Xaçatryan Amerikada çörəkçi olub.

“Məktəbdə maaşım 80 min dram, təxminən 190 dollar idi. Bura gələnə qədər çox düşünüb-daşındım. Amma orada da uşaqlarımı bir təhər dolandırırdım, ərim xəstəydi. Bəxtim gətirdi, viza verdilər və mən bura gəlib çıxa bildim. Çörəkxanada işləyirəm, ayda 1600 dollara qədər maaş alıram. Evin pulunu üç nəfər ödəyirik. Boş vaxtlarımda bəzi evlərdə xadiməlik etməklə pul qazanıram. Buradakı işimin sayəsində uşaqlarımın təhsil haqqını və yoldaşımın əməliyyatının pulunu ödəyə bildim. Amerikaya gəlməsəydim, heç bilmirəm axırımız harada qalardı”, –  artıq 4 ildir ki, Qlendeyldə yaşayan Nelli danışır.

Ermənilərin məskunlaşdığı şəhərlərdə elə məhəllələr var ki, burada bütün lövhəciklər erməni dilindədir, küçələrdə erməni dili eşidilir, mağazalarda da sizə erməni dilində cavab verirlər.  Hollivudun şərqində yerləşən böyük Little Armenia məhəlləsi xüsusilə məşhurdur. Məhəllənin şimal sərhədində Hollivud prospekti keçir, mərkəzdə Sanset bulvarı, cənubdan isə Santa-Monika şəhəri ilə sərhəddə yerləşir.

Qeyri-rəsmi məlumata görə, ABŞ-da 1,5-2 milyon erməni yaşayır, onların arasında 90-cı illərdə mühacirət edənlər də var. Ermənilərin çoxu tez-tez Amerikanın Ermənistanı adlandırılan Kaliforniya ştatında yaşayır.

Qlendeyldə yaşayan nasir və dramaturq Xoren Aramuni Kaşişyan deyir ki, ermənilər ABŞ-da istənilən ağır işi görür, fiziki iş görməyə adət etməyən ziyalılar xüsusilə əziyyət çəkirlər.

“Burada minimal əmək haqqı bir saatda 9 dollar təşkil edir, onlara isə 4-5 dollar verirlər. Amma istənilən halda bu, Ermənistanda həkim və ya müəllimin aldığı maaşdan çoxdur. Əsası da odur ki, onlar orada ailə dolandırırlar. Çoxları burada həyatını qurur və artıq vətənlərinə qayıtmır”, – Aramuni deyir. Onun özü İranda doğulub, böyüyüb, 1969-cu ildə ailəsi ilə birlikdə Ermənistana, 1980-ci ildə isə ABŞ-a köçüb.

O deyir ki, SSRİ dağılandan və dəmir pərdəaçılandan sonra insanlar ölkədən çıxmaq imkanı qazandılar və özləri üçün daha etibarlı ölkələr axtarmağa başladılar.

“Dövlətin yürütdüyü siyasət insanları məyus edirdi və 90-cı illərdə emiqrasiya başladı. Amerikaya mühacirlərin bu gün də davam edən böyük axını da bu dövrə təsadüf edir. Güclə çörək pulu qazandıqları Ermənistanda 20 il işləyəndən sonra insanlar Amerikaya gəlir və bura 15-20 il əvvəl gələnlərin nəyə nail olduqlarını görürlər, başa düşürlər ki, burada da işləmək asan deyil, amma inkişaf etmək mümkündr.

Gələnlər anlayırlar ki, Amerika həqiqətən də böyük imkanlar ölkəsidir. Və insanlar istənilən ağır işin qulpundan yapışmağa hazır olur, halbuki Erməninstanda bu işə heç vaxt razılıq verməzdilər, çünki perspektivin olmadığını bilirlər.  Təsadüfi deyil ki, Ermənistandan 20 il əvvəl gələn gənc Qlendeylin meri olur. Bu gün təkcə Qlendeyl meriyasında üç erməni var, mən hələ Amerikanın qalan yerlərindən danışmıram”, – Aramuni deyir.

Ermənilərin bir hissəsi bu ölkəyə Green Card-ın sayəsində gələ bilir. ABŞ Konqresinin qərarı ilə bütün dünyada hər il keçirilən lotereya çərçivəsində daimi yaşayış üçün 50 min viza təqdim olunur. İnsanlar püşk atma nəticəsində seçilir, onlar ABŞ-a aşağı miqrasiya səviyyəsi olan ölkələrin vətəndaşları olmalıdırlar. 2015-ci ildə keçirilən püşk atmada 56 min Ermənistan sakini iştirak edib, onlardan 2000 nəfəri qalib gəlib.

59 yaşlı Ayk Petrosyanın dörd nəfərdən ibarət ailəsi Green Card-ı 2011-ci ildə udub və onlar Qlendeylə köçüblər.

“Burada sən işləyib, addım atırsansa, növbəti addım səni qabağa aparır. İnsanlar öz əməyi ilə özlərini yaxşı həyatla təmin edirlər. İlk beş ili harda gəldi işləmişəm. Burada işə düzəlmək üçün möhkəm iradə və hövsələ lazımdır. Amma indi xeyli daha yaxşı yaşayırıq və köçməyimizə də peşiman deyiləm. Buradan Ermənistanda qalan bacımın və qardaşımın ailələrinə də kömək edirəm”, – Ayk danışır. O, yük daşımaları ilə məşğul olan şirkətdə sürücü işləyir.

Green Card alan ermənilərin çoxu çətinliklə yeni yerə uyğunlaşır. Bunlardan biri də Card-ı 2015-ci ildə udan Aram Manvelyanın ailəsidir.

“Gəldiyim gündən burada kim olduğumu anlamağa çalışıram. Yaxşı işini, ətrafını, doğmalarını atıb gəlmək asan iş deyil. İstənilən halda 40 yaşında insana yeni reallıqda yeni həyata başlamaq asan deyil. Ermənistanda idman məşqçisi idim, burada isə bu işə az maaş verirlər. Başqa işlə məşğul olmağa başladım. Adaptasiyam çətin keçsə də buradan köçməyəcəm, uşaqlarımın xatirinə. Burada onların gələcəyi var”, – Manvelyan deyir.

ABŞ-da 2010-cu ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, Qlendeyldə yaşayan ermənilərin sayı 170 min nəfər təşkil edib ki, bu da şəhər əhalisinin təxminən yarısıdır. Burada həm də meksikalılar, koreyalılar, yaponlar, çinlilər, iranlılar, Suriya və İraqdan olan muhacirlər yaşayır.

Xoren Aramuni deyir ki, erməni icmasının şəhərdə kifayət qədər böyük nüfuzu var. Öz həmvətənləri barədə danışarkən deyir ki, çox zəhmətkeşdirlər, ev kirayələməyi sevmirlər, mentalitet ev almağa məcbur edir.

“Bir dəfə poçtalyonumuz mənə dedi: “Maraqlıdır, bir erməni gəlir, ev alır və artıq küçəni tanıya bilmirsən: təmir edir, səliqə-sahman yaradır…” 20 il ərzində nə qədər erməni ev alıb! Biz qeyri-adi xalqıq, amma bizi və əməyimizi öz dövlətimiz qiymətləndirmir. Orada oliqarxiya hökm sürür”, – yazıçı deyir.

Niyə ABŞ-a gələn əksər ermənilər vətəninə qayıtmır – sualına Aramuni aşağıdakı cavabı verir: “Çünki vətəndə işıq ucu görmürlər, burada isə onları cəlb edən həmin o işıq var. Axı iş olsa insanlar niyə bura gəlsinlər? Xəstə deyillər ki!”.

Dərc olunub: 23.01.2017

 

 


More on JAMnews