Peyvənddən buynuz və quyruq çıxacaqmı?" />

Niyə Azərbaycanda bir çox valideynlər uşaqları peyvənd etməkdən imtina edir

Peyvənddən buynuz və quyruq çıxacaqmı?

Uşağı peyvənd etmək yoxsa etməmək? – bütün dünyada analar cavab axtarır, Azərbaycan da istisna deyil.

Dövlətin Səhiyyə Nazirliyi “hə” cavabını verir. İlk peyvəndləri körpələrə hələ doğum evlərində edirlər, sonra da sizə zəng edib, uşağın pulsuz vaksinasiyası üçün poliklinikaya gəlmənizi xahiş edəcəklər.

Bu gün milli təqvimə 11 xəstəlikdən peyvəndlər daxil edilib: hepatit B, poliomielit, vərəm, tetanus, göyöskürək, difteriya, qızılca, məxmərək, parotit, pnevmokok və hemofil infeksiyaya qarşı. İlk üç peyvənd uşağın dünyaya gəlməsindən sonra 12 saat ərzində edilir. Dövlət poliklinikalarında peyvənd pulsuzdur, özəl mərkəzlərdə çox bahadır.

Peyvənd nədir: tarix

+

Vaksinasiya orqanizmə hansısa xəstəlik və ya zəifləmiş virusa qarşı anticisimlərin daxil edilməsidir, bu, orqanizmin immun cavabını oyatmaq məqsədiylə edilir ki, gələcəkdə insan həmin xəstəliyə yoluxmasın. İlk dəfə peyvəndlərdən ingilis həkimi Cenner 1796-cı ildə istifadə edib – o, insanları onlar üçün təhlükəli olmayan inək çiçəyinə yoluxdurdu ki, onları həmin dövr üçün əsl fəlakətə çevrilən təbii çiçək xəstəliyindən qorusun.

ÜST-nın məlumatlarına görə, bütün dünyada vaksinasiya hər il 2.5 milyon insanın həyatını xilas edir – 2007-ci ildən bu xəstəliklərdən ölüm səviyyəsi bu qədər azalıb. Göyöskürəkdən vaksinasiya bütün dünya üzrə 1980-ci ildə 20%-dən 2006-cı ildə 79%-ə qədər qalxıb, hepatit B və məxmərəyə qarşı vaksinasiya isə bir çox ölkələrdə hələ də layiqincə qiymətləndirilmir.

Ümumilikdə isə vaksinasiya indiyə qədər 20 xəstəliyi demək olar ki, tamamiylə məhv etmək imkanı verib, bunların arasında da milyonlarla insanı öldürən çiçək xəstəliyinin artıq 1979-cu ildə kökü kəsilib.

Amma uşaqları heç də hamı peyvənd etmir. Sosial şəbəkələrdə vaxtaşırı olaraq qəti şəkildə peyvəndlərə qarşı olan analara rast gəlirsən. Onlar başqalarına da peyvəndin dəhşətli fəsadları və bunun qarşısının alınması yolları barədə danışır:

“İmtina ərizəsi yazın. Düzdür, fikrinizdən daşındırmağa və qorxutmağa çalışacaqlar ki, uşaq xəstələnəcək və s. Nə cavab verəcəksiz? Mübadilə kartı ilə probleminiz yaransa, pulla həll edin. Yazsınlar ki, peyvənd ediblər. İndi çoxları belə edir. Uşaqlarınızı şikəst etməyin. Bunun hamısı biznesdir. Bizim uşaqlarımız onların vecinə də deyil. Nə qədər çox xəstələnsək, o qədər də cibləri dolu olacaq”.

“Uşaq steril doğulur, onun ağzına da zəif poliomielit virusu damızdırırlar. Bilmirəm, bu, ona necə təsir edəcək, amma düşünürəm ki, bu, doğru deyil. Diri poliomielit peyvəndindən vaksinlə bağlı poliomielit yarana bilər, eşitmişəm ki, Ukraynada bir uşaq bu cür xəstələnib, üstəlik də başqa bir uşağı da yoluxdurub. Bütün bunlar da peyvənddən olub”.

“Həkimlərimizin mənfi cəhəti ondadır ki, onların yanına uşaqla birlikdə girən kimi, ilk soruşduqları o olur ki, uşaq peyvənd olunub ya yox. Bilən kimi ki, olunmayıb, dərhal qorxutmağa başlayırlar”.

“Yoldaşımla mən peyvənd olunmuşuq, uşaq bir yaş yarımına qədər heç yerə çıxmayıb, ancaq yaxın qohumlarımızla olub. Bütün oyuncaqları keyfiyyətli materiallardandır, ona ancaq təbii, orqanik yeməklər verirəm. Evimizdə heç civə termometri də yoxdur, sınası bir şey yoxdur. Nədən xəstələnsin ki?”

Peyvənd etmək yoxsa etməmək?

Azərbaycanda peyvəndlərə qarşı çıxan  neçə nəfər var? Bunu vaksinasiyadan imtina edənlərin sayı ilə müəyyən etmək daha məntiqli olardı. Amma əgər valideynlər disput.az forumunda məsləhət görüldüyü kimi, “pulla məsələni həll edirlərsə” kim bu statistikanı aparar? Yeri gəlmişkən, onlar niyə belə edir?

“Məcburi tibbi dispanserləşdirmə haqqında qanunda” deyilir ki, vaksinasiya məcburidir. Uşaqların böyüklər kimi xəstəliklərdən qorunmaq hüququ var. Onları bu hüquqdan məhrum etmək olmaz. Peyvəndlərdən imtina edən valideynlərdən yazılı izahat tələb olunur. İmtina səbəbi kimi “Mən istəmirəm” yazmaq olmaz. Vaksinasiya və epidemiyanın qarşısının alınması dövlət miqyaslı bir məsələdir, onlar kiminsə istəyi ilə keçirilə və ya keçirilməyə bilməz” – Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyir.

Bu zaman da kartda “mən istəmirəm”in əvəzində ya hər hansı allergiya, ya da başqa bir əks göstəriş qeyd edilir. Və mütləq deyil ki, həkim buna görə rüşvət götürsün, o, güclə peyvənd etməyin mümkünsüzlüyünü anlayır, digər bir tərəfdən də hesabatlılığı pozmaq istəmir – axı yuxarı instansiyalar hamını peyvənd etməyi tələb edir. Həkimlər də daha asan yol seçir.

Statistika

+

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2000-ci ildə 2 difteriya, 11 göyöskürək, 3 tetanus, 212 qızılca, 218 məxmərək, 6859 epidemik parodit faktı qeydə alınıb. 2015-ci ilə olan məlumatlara görə, difteriya, qızılca, məxmərək və göyöskürək ümumiyyətlə olmayıb, əvəzində düz səkkiz tetanus və yeddi parotit faktı qeydə alınıb.

Bu xəstəliklərin nəticəsində ölüm halları olub ya yox – bu haqda heç bir məlumat yoxdur. Yeri gəlmişkən, 2015-ci ildə infeksion və parazitar xəstəliklərdən bir yaşına qədər olan 65 uşaq dünyasını dəyişib.

2016-cı ildə 13 nəfər tetanus xəstəliyinə yoluxub, bu, son 15 il üçün rekord göstəricidir. AGDT (göyöskürək, difteriya, tetanus) peyvəndi bu xəstəlikdən qoruyur.

“Belə bir mafiya var – dərman şirkətləri və Ümumdünya Səhiyyə Təşkilatı. Onlar saysız-hesabsız quş, donuz, balıq, tarakan və s. qriplər icad edirlər. Bütün bunlar da bircə məqsədə işləyir – pul”, – disput.az-da daha bir şərh.

Amma neçə nəfərin bu fikirdə olduğunu hesablamaq mümkün deyil. Bircə şeyi dəqiq söyləmək olar ki, Azərbaycanda peyvəndə qarşı çıxanlar hərəkatı heç də Rusiyada olan qədər güclü və çoxsaylı deyil. Bu da kifayət qədər savadlı insanlardır ki, internetdə peyvəndlərin zərəri barədə oxusunlar və baxsınlar.

17212039_1574853455876252_21263784142715738_o

Əhməd Rəhmanov

Əhməd Rəhmanovun ailəsi artıq müsahibələrə yeddi il əvvəl oğulları autist olandan sonra alışıb. Əhməd hesab edir ki, oğlu peyvənddən xəstələnib və bu haqda da açıq danışır.

Biz özəl klinikanın izolyasiya olunmuş palatasında görüşürük – burada uşağa bir neçə saat sürən inyeksiyalar edirlər. O, çarpayıda oturub, qarşısında kompüter var, sağ əli ilə həvəslə mausu hərəkət etdirir. Sol əlinə plastırla yapışdırılmış iynələr vurulub, nazik şlanqlar adət etdiyimiz damcısalanın müasir analoqu olan kiçik bir qutuya aparır.

Rafaelin anası Ülkər xanım (yeri gəlmişkən, ixtisasca həkimdir) danışmağa başlayır:

“Əvvəlcə bütün peyvəndləri plan üzrə edirdik. Amma hələ körpə yaşlarından oğlumun bağırsaqlarıyla bağlı problemləri varıydı, düşünürəm ki, bu, doğum evindəki ən birinci vurulan peyvəndlərdən oldu. Amma biz yenə də vaksinasiyanı dayandırmadıq, sadəcə bir qədər təxirə saldıq.

Yaş yarımında Rafael normal inkişaf edirdi, sözlər, qısa cümlələr deyirdi; jestləri yaranmışdı. Amma tədricən bütün bunlar yoxa çıxmağa başladı”.

Uşağın atası, Əhməd Rəhmanov peyvəndlərin tərkibi haqqında məlumat almaq üçün Səhiyyə Nazirliyinə müraciət edir:

“Söhbət altı-yeddi il bundan əvvəlki dövrdən gedir. İndi internetdə istənilən peyvəndə annotasiya tapmaq olar, o vaxtlar belə bir şey yoxuydu”.

Sahə həkimləri annotasiya verməkdən imtina edirdilər, baş həkimin yanına göndərirdilər. Baş həkim də Səhiyyə Nazirliyinə yazılı sorğu göndərməyi təklif edirdi.

“Nəhayət “qaçaqmalçılıq yolu ilə” peyvəndlərin kağızlarını əldə edə bildik – o vaxtlar ancaq Rusiya və Hindistan istehsalı gətirilirdi. Onların tərkibində civə və alüminium tərkibi normadan 30-40 dəfə artıq idi”. Əhməd Rəhmanovun sözlərinə görə, peyvəndlərin içliklərinin iki növü var – sadə istehlakçılar və təchüzatçılar üçün: “Təchizatçılar üçün olan on üç səhifəlik annotasiyanın on birinci səhifəsində qeyd edilirdi ki, peyvənd autizmə səbəb ola bilər”.

“Uşağın autizm xəstəliyinə tutulanda, ona kömək etmək üçün hər şeyə hazır olursan, – Rafaelin anası deyir. – Nəyə əl atmadıq, ippoterapiya, delfinoterapiya etdik, qlüteni rasiondan çıxardıq, orqanizmin ağır metallardan təmizlənməsi prosedurundan, bir çox başqa prosedurlardan keçdik. Dəyişikliklər baş verir, amma çox yavaş templə”.

Rəhmanov peyvəndin tərkibində təhlükəli maddələrin olduğunu sübut etmək üçün Səhiyyə Nazirliyini məhkəməyə verib:

“Mən məhkəməyə qəzetə bükülmüş lampa gətirdim, onu sındırdım və orada olan adamlardan barmaqlarını toza salıb, sonra da onu yalamağı xahiş etdim. Mənə təəccüb dolu nəzərlərlə baxdılar. Onlara dedim: “Uşaqlara peyvəndin tərkibində civə verisizsə, niyə lampadan həmin civənin dadına baxmaq istəmirsiz?”.

Məhkəmədə uduzandan sonra Əhməd Rəhmanov Səhiyyə Nazirliyinin vaksinasiya siyasətinin ifşası ilə məşğul olmağa başlayır.

“Poliklinikalarda adətən müxtəlif tibbi jurnallar olur. Mən öz broşüralarımı həmin jurnalların arasına qoymaqla yayırdım. Bu broşüralarda Azərbaycan Respublikasının qanunlarından parçalar varıydı, orada da aydın şəkildə yazılıb ki, hər bir valideynin peyvəndin tərkibini bilmək hüququ var və vaksinasiya məcburi prosedur deyil. Bizim ölçülərə görə, bu, anti-peyvənd təbliğatı sayılır, çünki poliklinikalar peyvəndlərin tərkibini gizlədirlər. Sonda valideynlərə həkimlərin təkidlərinə uymamağa və peyvəndi edib-etməməklə bağlı öz qərarlarını verməyi təklif edirdim”, – ata danışır.

Həkimlərə inanmaq olarmı?

Həkimlər hesab edir ki, peyvəndlərin autizmlə heç bir əlaqəsi yoxdur. Amma əksər valideynlər onlara inanmır.

Tibb üzrə fəlsəfə elmləri doktoru, psixiatr Kəmran Salayev izah edir ki, psixi xəstəliklər adətən, genetika, xarici mühit və s. kimi amillərin mürəkkəb birliyindən yaranır, peyvənd də sadəcə xəstəliyin simptomlarını üzə çıxara bilər, onu yarada bilməz:

“Autizmlə peyvənd arasında heç bir əlaqə yoxdur. Bu mövzuda xeyli sayda ciddi tədqiqatlar keçirilib, nəticələri də elmi jurnallarda dərc edilib. Timerasolun da autizmlə əlaqəsi sübuta yetirilməyib. Yeri gəlmişkən, baxmayaraq ki, timerasol hazırda bir çox vaksinaların tərkibində yoxdur, autizm xəstəliyinə tutulanların sayı artır”.

Uşaq üçün zərərli effekt təhlükəsi kimi arqumentə gəlincə, həkimlər, bir qayda olaraq, cavab verirlər ki, bu risk istisnasız bütün dərmanlarda olur, bununla belə hər gün bu dərmanlar milyonlarla insanların həyatını xilas edir. Bundan başqa uşağın vaksinasiyadan əvvəl dəqiq müayinəsi keçirilsə (əslində belə də olmalıdır) risk minimuma enir.

Həkimlər öz uşaqlarını peyvənd edirlər?

Çinarənin öz əri və yaş yarımlıq qızı ilə yaşadığı mənzil kiçik və səliqəlidir. Qapının ağzında bizi böyük pişik qarşılayır. “O, çox mehribandır, qonaqları çox sevir”, – ev sahibəsi deyir. Adətən körpə uşaqlar olan ailələrdə ev heyvanlarını saxlamaqdan çəkinirlər – yəni ev heyvanı olsa da təmiz deyil, Allah bilir, uşağa hansı xəxtəliyi keçirəcək. Amma Çinarənin evində həkim çoxdur: “Bunun sayəsində də həmişə tibblə maraqlanmışam. Bilirəm ki, steril şəraitdə uşağın immuniteti işləmir. Həm də pişik təmizdir, sterildir, heç yerə çıxmır, pişik xəstəlikləri isə insanlara ötürülmür”.

“Bəziləri deyir ki, həkimlər öz uşaqlarını peyvənd etmir, – o deyir, – bu, doğru deyil. Bizim ailədə bütün həkimlər peyvənd olunub və heç bir problem də yaşanmayıb. Mən peyvəndin qoruduğu xəstəliklərlə maraqlanmışam. Bir qohumumuzun bu yaxınlarda yüz yaşı tamam olub. Ailəsində altı uşaq varıydı. Yaşlı vaxtlarına qədər ancaq ikisi çatıb. O vaxtlar bir çox xəstəliklərdən qan buraxmaqla müalicə edirdilər. Peyvəndi tibbin nailiyyəti hesab edirəm, o bizə daha sağlam yaşamaq imkanı verir”.

IMG_2168

Çinarə Quliyeva

Qızına peyvəndi Çinarə özəl klinikalarda etməyi üstün tutur. Adətən burada peyvəndlər Avropa ölkələrindən – Belçika, Fransadan gətirilmiş olur.

“Mən dövlət poliklinikalarında olan peyvəndlərin saxlanma şəraitinə və keyfiyyətinə əmin deyiləm, – o deyir. – Əlbəttə, bütün bunlar baha başa gəlir. Misal üçün, altıkomponentli İnfanriks Qeks peyvəndinin qiyməti 145 manatdır. Və bu cür üç peyvənd olmalıdır. Bəs nə edəsən? Uşağın sağlamlığı daha vacibdir. Stasionarda müalicə almaq, allah eləməmiş, xeyli daha baha başa gələcək. Bahalı paltarda və ya alınma uşaq qidalarında qənaət etməyi üstün tuturam”.

Dövlətə inanmağa dəyərmi?

Adətən peyvəndə inamsızlıq həkimlərə və ümumiyyətlə dövlət səhiyyəsinə inamsızlığın davamıdır. Bir neçə il əvvəl gənc analar arasında Hindistan istehsalı olan vaksinalara qarşı qorxu hissi yayılmışdı, sahə həkimlərinin özləri də özəl klinikaya getməyi məsləhət görürdülər. Bəs indi bu nə dərəcədə aktualdır?

Biz Bakıdakı poliklinikalardan birinin həkimi ilə söhbət etdik. Dövlət müəssisələrinin bir çox işçiləri kimi o da adının hallanmasını istəmir, çünki əmin deyil ki, mətbuata açıqlama verməsi rəhbərliyin xoşuna gələcək. Həkim hesab edir ki, uğurlu vaksinasiyanın alınması üçün uşaq diqqətlə müayinədən keçirilməli və keyfiyyətli peyvənd olmalıdır, poliklinikada isə hər iki məsələ tam qaydasındadır:

“Əvvəllər, onda mən hələ burada işləmirdim, Hindistan istehsalı olan peyvəndlər varıydı, artıq çoxdandır ki, yoxdur. Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd, difteriya və tetanus əleyhinə peyvənd bizdə misal üçün, Koreyadan gətirilib. Pnevmokok əleyhinə prevenar gətirilib, Belçika istehsalıdır. Mənfi fikir eşitməmişəm. Müdirimiz də çox tələbkardır: bəzi peyvəndlərdə 10 doza olur, saxlanma müddəti də çox qısadır. Qutunu açan kimi, hamıya zəng vururuq ki, gəlsinlər. İkicə saat vaxtı keçən kimi müdir peyvəndi atmağımızı tələb edir. Bizi də dövlətə zərər yetirdiyimizə görə danlayır”.

Vaksinasiyadan imtina məsələsinə gəlincə, belə hallar da olur. Onda sahə həkimi valideyni peyvənd etmək üçün dilə tutur, əlindən gələni edir, alınmayanda da yazılı şəkildə imtina ərizəsi alınmalıdır. Soruşuram ki, peyvənd olunmayan uşaqlar xəstələnirmi? Məlum olur ki, nadir hallarda olsa da xəstələnirlər:

“Bax, bir ailənin bütün üzvləri göyöskürəyə tutulub, – tibb bacısı söhbətə qoşulur, – dörd uşağın dördü də xəstələnib, xəstəxanada yatıb. Valideynləri də dindar adamlardı, anası başı bağlıdır, – demə, din onlara peyvənd olunmağa icazə vermir. Ta hamıya zəng vurmaqdan bezmişəm. İmtina edirlər, biz də deyirik, otur, imtina ərizəsi yaz”.

Belə olan hallarda karta hansısa xəstəliyin adını yazırlar. Həkimin sözlərinə görə, onlara əsl diaqnozu yazmaq icazə verilmir, çünki “rəsmi versiya”ya görə hamı peyvənd olunmalıdır. Görünür, məhz bu da neçə insanın vaksinasiyadan imtina etməsi səbəbindən xəstələndiyini hesablamağa imkan vermir. Belə bir statistika heç yerdə yoxdur.

Peyvəndlərin keyfiyyəti barədə suala respublikanın baş pediatrı Nəsib Quliyev cavab verir:

“Azərbaycanda istifadə olunan peyvəndlər başqa ölkələrə göndərilən peyvəndlərdən heç nə ilə fərqlənmir. Dünyada peyvəndlərin istehsalı ilə məşğul olan cəmi üç-dörd şirkət var, onların hamısı da Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altındadır. Ekspert-texniki komissiyaların tərkibində olan ekspertlər peyvəndin tərkibi və hazırlanma prosesinə nəzarət edirlər. Bundan sonra bu şirkətlər tərəfindən istehsal olunan peyvəndlər bütün dünyaya yayılır”. 

Bizə bu peyvəndlər Belçika, Fransa, İtaliya, Hindistan, Rusiya və Danimarkadan gətirilir. “Bəziləri hesab edir ki, Hindistan istehsalı olan peyvəndlər Avropadan gətiriləndən daha təhlükəlidir, – həkim deyir, – amma bu, belə deyil. Bu peyvəndlər, ilk növbədə, ÜST-nin lisenziyasını alır. Bunların hamısı özəl klinikaların uydurmalarıdır. Dövlət əhalini pulsuz peyvəndlə təmin edir. Özəl klinikalar isə onları özləri gətirir, buna görə də qiymət bu qədər bahadır”.

Alimlərə inanmağa dəyərmi?

IMG_5392

Zaur Orucev

Zaur Orucov – terapevt-hepatoloq və Facebook-da tibbi məsləhət qrupunun moderatoru:

“Hələ Cennerin vaxtlarında onun karikaturalarını çəkirdilər – buynuzlu, quyruqlu insanlar təsvir edirdilər, guya peyvənddən sonra insan inəyə çevrilir. İndi də eyni hallar baş verir – hansısa gülməli şəkillər və sarı mətbuatda vaksinasiyanı tənqid edən elmdən uzaq məqalələr çıxır, hətta kitablar da yazılır, özü də konkret peyvəndi də deyil, vaksinasiyanı bir prinsip olaraq tənqid edirlər.

Təəccüb doğuran məsələ odur ki, peyvənd əleyhinə olan hərəkat heç bir ciddi elmi tədqiqatlara istinad etmədən necə belə böyük populyarlıq qazanıb – axı bu cür tədqiqatlar ümumiyyətlə yoxdur.

Daha bir təəccüb doğuran məsələ – peyvənd əleyhinə çıxan fəallar bizi əmin etməyə çalışırlar ki, elm dünyasında vaksinasiya ilə bağlı mübahisələr var. Əslində isə elm dünyasında vaksinasiyanın vacibliyi və sxemi ilə bağlı mübahisələr artıq çoxdan bitib, artıq hamıya məlumdur ki, vaksinasiya səhiyyəmizin mühüm bir hissəsidir.

Bütün tanıdığım həkimlərin özləri də peyvənd olunur, öz övladlarını və yaxınlarını da vaksinasiya edirlər. Bu, nə qədər sərt səslənsə də, peyvənd nə qədər baha olsa da, uşaq məzarı daha bahadır.

Bəli, vaksinasiya əleyhinə olan insanların bütün dəlilləri ilə tanışam – deyirlər ki, misal üçün, peyvəndin tərkibində konservant kimi civə var və onun həcmi normanı aşır. Amma bir çox dərman preparatlarında konservant olaraq civədən istifadə olunur. Bundan başqa, heç bir tədqiqatda göstərilmir ki, bu komponent zərərlidir.

Pubmed portalının materiallarını nəzərdən keçirmək olar, burada az-çox əhəmiyyətli olan bütün tibbi tədqiqatlar dərc edilir, heç birində də yazılmayıb ki, peyvənd zərərlidir. Bundan başqa, istehlakçıların narahatlıqlarını nəzərə alan bir çox peyvənd istehsalçıları civəni onların tərkibindən çıxarıblar, bu, FDA (Food and Drug Аdministration) saytında qeyd olunur, civəsiz peyvəndin üzərində “Mercury free” yazılır. Bu da əslində sadəcə farmasevtlərin kommersiya fəndidir.

Peyvəndin autizmə səbəb olması barədə populist və səhv fikirlər artıq çoxdandır ki, elmi tədqiqatlarla təkzib edilib”.

Facebook Comments

More on JAMnews