“Biz mübarizə aparırdıq, amma İvanişvili televiziyanı tamamilə işğal edib”, - jurnalistlər deyir " />

Müxalif “Rustavi 2” kanalının yeni sahibi kadr təmizliyinə başlayıb

“Biz mübarizə aparırdıq, amma İvanişvili televiziyanı tamamilə işğal edib”, - jurnalistlər deyir

“Rustavi 2” telekanalının yeni baş direktoru Paata Saliya telekanalın kadrları arasında təmizlik işlərinə başlayıb.

Saliya teleşirkətin informasiya xidmətinin rəhbəri Nodar Meladzeni, həmçinin telekanalın bir neçə aparıcı jurnalisti və prodüserini işdən çıxarıb. Siyasi tok-şou aparıcısı Eka Kvesitadze, “Nanukas şou” əyləncəli verilişinin müəllifi Nanuka Jorjaliani, siyasi verilişlərin prodüseri Giorgi Laperaşvili, həm də canlı efirdə Rusiya prezidentinin ünvanına söyüş söyən, ictimai-siyasi, müəllif “Post Skriptum” verilişinin qalmaqallı aparıcısı Giorgi Qabuniya işdən azad edilib.

Mətbuat konfransı zamanı Saliya deyib ki, jurnalistlərin işdən çıxarılmasına səbəb “maraqların toqquşması” olub. Onun sözlərinə görə, bu jurnalistlər sosial şəbəkələrdə “Rustavi 2”nin nizamnaməsinə zidd bəyanatlar yayır, o cümlədən “Rustavi 2”nin keçmiş baş direktoru Nika Qvamariyanın yeni telekanalının yaradılmasında iştirak edirlər.

“Bu adamları “Rustavi 2” maraqlandırmır, onlar istəyirlər ki, kanala konkret adam – Mixail Saakaşvili başçılıq etsin”, – deyə Saliya bildirib.

Həmin gün, bir qədər sonra, 21.00-da telekanalda əsas informasiya proqramı olan “Kuryer” başlayanda, onun aparıcıları Diana Corcua və Mişa Sesiaşvili teletamaşaçılarla sağollaşdılar və teleşirkəti tərk etdiklərini bildirdilər.

13 il ərzində “Kuryer”in aparıcısı işləmiş Diana Corcua özünün emosional çıxışında bildirib ki, Bidzina İvanişviliyə məxsus telekanalda işləyə bilməyəcək:

“Hamıya uğurlar arzulayıram, o cümlədən hələ də Bidzina İvanişvilinin telekanalında öz azadlıqlarını qoruyub saxlaya biləcəklərini düşünənlərə də. Abxaziyadan Kreml tərəfindən qovulan mən, Diana Corcua bu ölkədə Kremlin əsas əməkdaşı olan Bidzina İvanişvilinin efirində otura bilmərəm. Bu gün mən sizinlə vidalaşmağa məcburam. Biz mübarizə apardıq, amma bu gün İvanişvili telekanalı tamamilə işğal etdi”, – deyə o bildirib.

Ön tarixçə

Gürcüstanın əsas müxalif telekanalı olan “Rustavi 2”də vəziyyət iyulun 18-də Strasburq məhkəməsi qərar qəbul edəndən sonra dəyişib, nəticədə “Rustavi 2” teleşirkəti hakimiyyətə yaxın olan və 2006-cı ildə Saakaşvilinin onun əlindən televiziyanı aldığını deyən iş adamı Kibar Xalvaşinin mülkiyyətinə keçib.

İlk gündəcə Xalvaşi kanala yeddi il ərzində rəhbərlik edən Nika Qvamariyanı işdən çıxararaq, vəkili Paata Saliyanı bu vəzifəyə təyin edib.

“Rustavi 2” indi gürcü hakimiyyəti, hakim “Gürcü arzusu” partiyası və onun lideri, Gürcüstanı qeyri-rəsmi idarə edən Bidzina İvanişvilinin ən kəskin tənqidçisi olub. İvanişvili müxtəlif müsahibələrində dəfələrlə “Rustavi 2”ni “yalan maşını” və “milliyyətçilərin partiya televiziyası [Milli hərəkat – Saakaşvilinin partiyası_JAMnews] adlandırıb. O deyirdi ki, “Rustavi 2” cəmiyyətin bir hissəsini girov saxlayır, onu aldadır, amma tezliklə bu bitəcək.

Saliya və Xalvaşi kanalın redaksiya siyasətinə qarışmamağa və jurnalistləri işdən çıxarmamağa söz versələr də, Strasburqun qərarından bir ay sonra onlar kanalda kadr təmizliyinə başladılar. Media ekspertləri şübhə etmirlər ki, yeni kadrlar hakimiyyətə loyallq prinsipi ilə  seçiləcək və “Rustavi 2” daha tənqidi telekanal olaraq qalmayacaq.

Teleşirkətin daxilində baş verən bu proseslərə paralel olaraq onun yeni sahibi teleşirkətin satılacağını elan edib. Strasburq məhkəməsinin qərarı qəbul edilən gündən bir ay keçməmiş Xalvaşi bildirib ki, şirkəti satır, çünki keçmiş direktorun dövründə çoxlu borc yığılıb. Xalvaşi televiziyanı almaqda maraqlı olan adamlara bir həftə vaxt verib. Bir həftə keçib, amma hələlik kanalı almaq istəyənlər yoxdur.

Yeni “baş kanal”

Eyni zamanda “Rustavi 2”nin yeni sahibi tərəfindən işdən çıxarılan keçmiş baş direktor Nika Qvamariya yeni müxalif telekanalı işə salmağa hazırlaşır.

“Baş kanal” — Qvamariyanın artıq yayım hüququ alan teleşirkəti bu cür adlanacaq. Bu kanalın əsas iddiası “Rustavi 2”dən daha güclü olmaq və gürcü hakimiyyətinə ciddi narahatlıq yaradacaq, ölkənin əsas tənqidi kanalına çevrilməkdir.

Açıqlanmış sənədə əsasən, yeni “Mtavari arxi” teleşirkətinin səhmlərinin nəzarət paketi – 51% – Qvamariyanın özünə, 49% isə Kaxaber Andjaparidzeyə məxsusdur. Bundan başqa, sənəddə qeyd olunur ki, Qvamariya həm də kanalın baş direktorudur.

“Beləliklə, “Baş kanal” teleşirkətinin əsası qoyulub… Bir qədər sonra siz sərmayədarlar, bina, tezlik və hesab nömrəsi barədə – sizə çox ümid edirəm –  xəbər tutacaqsız, sizin bu hesaba köçürdüyünüz cəmi bir lari də bizə çox kömək edəcək və Gürcüstanın qərbyönlü və demokratik gələcəyinə sərmayə olacaq. Beləliklə, biz başlayırıq! Tezlikdə efirdə! Düşündüyünüzdən daha tez!” — Nika Qvamariya Facebook səhifəsində yazıb.

Qvamariya artıq “Rustavi 2”nin yeni baş direktorunun işçilərin işdən çıxarılması ilə bağlı qərarına reaksiya verib və öz televiziyasına işə dəvət edib. O, başqa işçiləri də “Rustavi 2”dən çıxmağa çağırıb.

Siyasi müşahidəçilər Nika Qvamariyanın yeni televiziyasının perspektivlərinə hələlik ehtiyatla yanaşırlar. Hələlik tam aydın deyil ki, Qvamariya Gürcüstanın ən uğurlu televiziya brendi olan “Rustavi 2” ilə rəqabət aparacaq televiziyanın yaradılması üçün lazım olan külli midarda maliyyəni haradan alacaq.

Nika Qvamariyanın anons etdiyi teleşirkətdən başqa, məlumdur ki, oktyabr ayından media bazarına daha bir televiziya daxil olacaq. “Formula” — “Formula kreativ” şirkətinin keçmiş müdafiə naziri David Kezeraşvili ilə birlikdə yaratdığı yeni kanal bu cür adlanacaq.

“Formula kreativ” illər boyu öz video məhsulunu, o cümlədən “Rustavi 2” kanalında populyar “Arvadımın rəfiqələri” serialını istehsal edib. “Rustavi 2”nin rəhbəri dəyişəndən sonra isə şirkətin rəhbərliyi bu kanalla əməkdaşlığı dayandırıb və yeni televiziyanın təsis olunduğunu elan edib.

Yeni televiziya özünün əsas məqsədi olaraq artan Rusiya təbliğatı ilə mübarizəni göstərib.

Artıq məlumdur ki, “Formula”nı keçmiş müdafiə naziri David Kezeraşvili maliyyələşdirəcək.

 


More on JAMnews