Bir neçə versiya var, amma onlardan heç biri hadisəni tam izah etmir" />

Moskva ətrafında sərnişin təyyarəsi niyə qəzaya uğrayıb? Ekspertlərin versiyaları

Bir neçə versiya var, amma onlardan heç biri hadisəni tam izah etmir

Rusiyada Moskva ətrafında baş vermiş facinin mümkün səbəbləri müzakirə olunur. Orada iki gün əvvəl Omsk şəhərinə uçan An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarədə 71 nəfər olub: 65 sərnişin və 6 heyət üzvü. Qəzadan heç kim sağ çıxmayıb.

Meduza –nın məlumatına görə, hadisənin versiyalarından biri yerə çırpılmazdan əvvəl təyyarınin içində partlayışın olmasından ibarətdir. Bu, terror aktı, ya da mühərriklərdən birinin partlaması ola bilərdi. Təyyarənin qalıqlarının 30 hektara yaxın əraziyə səpələnməsi də bu versiyanı dolayısı ilə təsdiqləyir. Ekipajın hər hansı nasazlıq haqda dispetçerə məlumat verməməsi də bu ehtimalı gücləndirir.

An-148-in qəzaya uğramasının başqa bir səbəbi ifrat yüklənmədən təyyarənin havada dağılması ola bilər. Bu versiyanın tərəfdarları 2011-ci ildə baş vermiş analoji An-148 təyyarəsinin qəzaya uğramasına istinad edirlər. O zaman təyyarənin cihazları nasazlamış və təlim uçuşu həyata keçirən ekipaj sürət həddini aşmışdı. Təyyarə bu ifrat yüklənməyə tab gətirməyib havada partlamışdı.

Digər mənbələr yerə çırpılmazdan əvvəl təyyarənin dağılması versiyasını inkar edir. Onların məlumatına görə, An-148 təyyarəsinin mühərriki yerə çırpılan ana qədər işlək olub. Bu versiya tərəfdarlarının fikrincə, təyyarə qalıqlarının bu qədər geniş əraziyə dağılması yerə çırpılan zaman yanacaq bakının partlaması ilə bağlı ola bilər.

Hələlik məlum olmayan səbəblər üzündən qəzaya uğramış An-148 təyyarəsinin ekipaj komandiri uçuşdan əvvəl buzbağlamaya qarşı tədbirdən imtina edib. Bununla belə bir çox ekspertlər razılaşırlar ki, buz bağlamış olsaydı, təyyarə yüksələ bilməzdi, An-148 isə təxminən 2 kilometr yüksəkliyə qalxıb.

Rusiyada bundan əvvəlki böyük təyyarə qəzası 2016-cı ilin dekabrında baş vermişdi. O zaman Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçan TU-154 təyyarəsi Soçidə qəzaya uğramışdı. Hadisə ilə bağlı rəsmi istintaqın nəticələri bu günə qədər açıqlanmayıb.


More on JAMnews