Dissertasiyaların plagiatı Moldovada kütləvi hala çevrilib" />

Moldova: Satlıq dissertasiyalar

Dissertasiyaların plagiatı Moldovada kütləvi hala çevrilib

Material Ziarul de Gardă

Sifarişlə təklif olunan dissertasiyalar Moldova Respublikasında yayılmış biznes sahəsinə çevrilib. Çox sayda bu cür təklifi informasiya ilə birlikdə internetdən rahatlıqla tapmaq mümkündür. Dissertasiyaların plagiatı və satışı qanunla qadağan edilsə də, heç bir hüquq idarəsi bununla bağlı tədbir görmür, mübahisəli və qeyri-leqal biznesin arxasında duran insanları üzə çıxarmaq üçün bu fenomeni araşdırmır.

İnternet sifarişə uyğun bütün ixtisasları əhatə edən dissertasiyaların, o cümlədən illik iş, lisensiat dərəcəsi almaq üçün dissertasiya, magistr dissertasiyası təkliflərinin yer aldığı elanlarla qaynayır. “Satıcıların” danışdıqlarından məlum olur ki, onlar təcrübəli insanlardır və müştəri korluğu çəkmirlər.

Bir dissertasiyanın qiyməti 150 avrodur

Dissertasiya sifarişini çox asan eləmək mümkündür. Google-da axtarış vermək kifayətdir, onlarla təklif tapacaqsız, onların arasından sizə ən uyğun olanını seçmək qalır. Bir qayda olaraq, “satıcılar” internetə öz telefon nömrələrini, elektron poçt ünvanlarını, skype loqinlərini qoyurlar. Bəzi hallarda öz məlumatlarınızla, sizə lazım olan dissertasiyanın mövzusu ilə bağlı formulyar doldurmaq lazım gəlir. Daha sonra heç 5 dəqiqə keçmədən elektron ünvanına cavab gəlir. Cavabda işin görülməsi üçün tələb olunan məbləğ və zaman haqda məlumat əks olunur. Əgər onların şərtləri sərf edirsə, sifarişi telefonla təsdiqləmək və məbləğin 25 faizini ödəmək lazımdır, bundan sonra daha dissertasiya üçün narahat olmaya bilərsən. Əvvəlcə onlar işin planını hazırlayırlar və tələbənin elmi rəhbərinin istəyinə uyğun olaraq bu plana dəyişiklik edə bilərlər, daha sonra A-dan Z-ə qədər dissertasiyanı yazırlar, tələbəyə isə yazılanı əzbərləyib, komissiya qarşısında müdafiə etmək qalır. Əslində, Moldova Respublikasında plagiat çox asan proseduradır.

Adi rejimdə illik işin qiyməti 150 avrodan başlayır və doqquz ay ərzində ərsəyə gətirilə bilər. Diplom işi iki həftəyə hazır olur və 200 avroya başa gəlir, magistr dissertasiyası isə 30 gün müddətində yazıla bilər, qiyməti isə 250 avro və daha çox olur. Təcili olduqda bu işin bir-dörd gün arası həyata keçirilməsi mümkündür. Sifarişdən asılı olaraq qiymət də müvafiq olaraq yüksəlir.  

Hər şey “leqal” baş verir

Satıcılar məxfilik vəd edirlər. Hətta işin unikallığına, sifarişin yerinə yetirilmə müddətinə, anti-plagiat sisteminə və avans olaraq ödənilən məbləğə “zəmanət” verən müqavilə də imzalanır. Digər hallarda əvvəlcədən ödənən məbləğin göstərildiyi qəbz doldurulur. Sifarişi qəbul edən qız əmin edir ki, hətta dissertasiyanı yazan adam da müştərinin adını bilmir, məxfilik isə razılaşmanın ən güclü tərəfidir.

İşin elmi rəhbərə təqdimatından sonra ortaya çıxan dəyişikliklər isə pulsuz edilir. Bir qayda olaraq, dissertasiyanın kölgəsində oturanlar keçmiş müəllimlərdir, hansılar ki artıq işləmirlər və ixtisaslarını dəyişərək, sifarişlə dissertasiya yazmaqla məşğuldurlar.  

Keçmiş məzun öz dissertasiyasını satır

Keçmiş məzun, hazırda ingilis dili müəllimi və tərcüməçi 2010-cu ildə diplom işi, 2012-ci ildə isə magistr dissertasiyası müdafiə edib və hər ikisindən 10 bal qazanıb. İndi o öz dissertasiyasını 150 avroya satır ki, özünün dediyi kimi, işin öhdəsindən gələ bilməyən birinə yardımçı olsun. O, 10 balla qiymətləndirildiyini əsas gətirərək əmin edir ki, onun işləri əladır. Eyni zamanda o bildirir ki, əgər elmi rəhbər tələb edərsə müəyyən dəyişikliklər də edə bilər, hərçənd, işlərdə bircə səhvin belə olmadığından əmindir.

“Satıcı” ona da əmin edir ki, 2010-cu ildə komissiya üzvü olmuş müəllimlər çoxdan gediblər, odur ki, işi tanıyan olmayacaq, üstəlik o vaxtdan bəri çox iş təqdim olunub, zamanla isə bu işlər unudulur. Dissertasiyanı almağımız üçün bizi razı salmaqdan ötrü o bildirir ki, dissertasiya əldə etməyin ən yaxşı yolu onu artıq müdafiə etmiş və yüksək qiymətləndirilmiş keçmiş məzunlardan almaqdır. Dissertasiyanı sifarişlə yazdıranda isə yüksək qiymətə heç kim zəmanət vermir.

Dissertasiya almaqla peşəkar olmayacaqsan

Xabilitat doktor, dosent, Kişinyovda Nikolay Tesmenitsanu adına Tibb və Əczaçılıq Universitetinin Təsviri Anatomiya Kafedrasının müdiri İlya Katerinyuk bildirir ki, gələcək doktorlar dissertasiya almaqla sözün həqiqi mənasında yaxşı həkim ola bilmirlər. “Anatomiya kafedrasında bu mümkün deyil. Bizdə dissertasiya yazan hər tələbədən anatomik material üzərində iş aparmaq tələb olunur, bu zaman isə haradansa şəkillərin surətini çıxarmaq mümkün deyil. Müdafiə vaxtı kimin nəyi sübut etdiyini görürük. Bir şeyi vurğulamaq istəyirəm: tibdə dissertasiya almaq işə yaramır”, – o deyir.

Doktor, dosent, Moldova Aqrar Universitetinin Meşə Təsərrüfatı Kafedrasının müdiri Yakim Qumenyuk bildirir ki, çox vaxt çalışmaq istəməyən tələbələr ən sadə yola əl atırlar – hazır dissertasiya alırlar. “Diplom işlərinin və magistr dissertasiyalarının alınması tələbənin intellektual geriləməsinə gətirib çıxarır, onun peşəkar gələcəyinə mənfi təsir göstərir. Müəllim və kafedra rəhbəri kimi tələbələrdən hansının işi özü yazdığını, hansının hazır aldığını asanlıqla seçə bilirəm. Tələbəylə dörd il müddətində işləyəndən sonra kimin qabiliyyətinin nədən ibarət olduğunu artıq bilirəm və sonda tələbənin nə ilə gəldiyini görürəm. Diplom müdafiəsinə alınma dissertasiya ilə gələn tələbəni isə mütəxəssis hesab etmək olmaz, o diplomlu adamdı, amma mütəxəssis deyil. Bundan başqa, bütün işlərin yoxlamadan keçdiyi anti-plagiat sistemi də var. Dissertasiyalar cavabdeh şəxsin imzası olmadan müdafiəyə buraxılmır”, – professor deyir.

Dissertasiyaların satışı qanunsuz fəaliyyətdir

Vəkil Denis Dobrioqlo bildirir ki, dissertasiyaların satışı qanunsuz sahibkarlıq fəaliyyətidir, bununla məşğul olan şəxslər isə məsuliyyətə cəlb oluna bilər.

“Dissertasiya satışı ilə məşğul olanlar inzibati məsuliyyətə cəlb oluna bilər, bu halda 700 ley həcmində cərimə nəzərdə tutulub. Dissertasiya alan şəxslər (daha doğrusu, tələbələr) plagiatda ittiham oluna bilər, yəni söhbət intellektual mülkiyyət hüququnun pozulmasından gedir. Belə hallarda dissertasiya, həmçinin şəxsin bu dissertasiya nəticəsində daha sonra əldə etdiyi bütün nailiyyətlər ləğv olunur”, – vəkil deyir.

Maarif Nazirliyi nə deyir?

Maarif Nazirliyi bildirir ki, universitet muxtariyyəti ictimai məsuliyyətlə birləşir. Tələbə işlərində plagiat və saxtakarlıq fenomeninin qarşısını almaq üçün isə Maarif Nazirliyi səviyyəsində Universitet Etikası və Menecmenti Konsiliumu yaradılıb və bu struktur pozuntuları üzə çıxarmalı, araşdırmalı və hökumətə  sanksiya vasitələri (təhsil müəssisəsinin maliyyəsinin azaldılması və ya müvəqqəti dayandırılması, yenidən təşkil edilməsi və ya ləğv olunması) təklif etməlidir.

Həmçinin Maarif Nazirliyi nümayəndələrinin bildirdiyinə əsasən universitetlərdə plagiatın müəyyən edilməsi üçün anti-plagiat proqram təminatı əldə edilib. Tələbələr arasında plagiatın qarşısının alınması qaydaları təsdiq edilib – imtahan sessiyalarında İT-dən istifadə etməklə qiymətləndirmə, diplom işi və magistr dissertasiyalarının seçmə üsulu ilə yoxlanması, tələbələr isə öz növbəsində şəxsi məsuliyyətlərini təsdiqləyən ərizələri imzalayırlar.

Maarif Nazirliyi etiraf edir ki, dissertasiyaların alınması və plagiat təhsilin keyfiyyətinə ciddi təsir göstərir.

Maarif Nazirliyinin statistikasına əsasən 2015-ci ildə ümumilikdə 23.260 nəfər universitetdən məzun olub. Onlardan neçəsinin təhsil müəssisəsini sifarişlə yazılmış dissertasiya sayəsində bitirdiyini heç kim bilmir.


More on JAMnews