Gürcü ultrasağçılarının siyasi iddiaları artır " />

Miqrantlara və NATO-ya qarşı “Gürcü marşı”

Gürcü ultrasağçılarının siyasi iddiaları artır

Sandro Breqadze 14 iyul 2017-ci ildə ilk “Gürcü marşı”nda çıxış edərkən. Foto: Levan Mikadze, JAMnews

Gürcü ultramillətçilərinin “Gürcü marşı” adlı təşkilatı iki il əvvəl yaranıb və artıq öz səs-küylü aksiyaları və bir sıra insidentləri ilə məşhurlaşıb.  

İndi “Marş” “həlledici döyüşə” hazırlaşır – təşkilatın üzvləri 19 mart tarixində “Rustavi-2” kanalının jurnalistlərinə hücum etdiklərinə görə həbs olunmuş altı üzvünün azad olunmayacağı təqdirdə kütləvi aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. O vaxt aparıcının İsa peyğəmbər haqqında etdiyi zarafat “marş” iştirakçılarının xoşuna gəlməmişdi. Aclığa hazırlaşan millətçilər irland fəallarının 1981-ci ilə təsadüf edən və 10 nəfərin ölümü ilə nəticələnən aclığını yada salırlar. Bununla “marşçılar” bir növ  sona qədər gedəcəklərinə işarə edir.

“Özümüzü qurban verməklə biz iqtidara, müxalifətə və bütün dünyaya göstərəcəyik ki, bizə qalib gəlmək mümkün deyil. Bizim inamımız, ciddi mənəvi dəyərlərimiz və cəmiyyətdən dəstəyimiz var”, – “Gürcü marşı”nın lideri Sandro Breqadze bizə deyib. O, keçmiş dövlət məmurudur, indiki hökumətdə dövlət nazirinin diaspora məsələləri üzrə müavini işləyib. Artıq o vaxtlar hüquq müdafiəçiləri onu ksenofobiya və homofobiyada günahlandırıb.

Dövlət qulluğundan çıxandan sonra Breqadze uğursuz olaraq Tbilisi şəhər  sovetinə namizədliyini irəli sürüb, sonra “Gürcü marşı”na başçılıq edib, indi də Gürcüstanda bu ilin payızında baş tutacaq prezident seçkilərində öz namizədliyini irəli sürməyə hazırlaşır

Breqadzenin dediyinə görə, “Gürcü marşı” ümumi məqsədlər – milli dövlətin yaradılması, milli mədəniyyətin və adətlərin qorunması ətrafında  birləşib. O bildirir ki, “Gürcü marşı” Fransadakı Marin Le Penin “Xalq cəbhəsi” və ya “Almaniya üçün alternativ” kimi sağmərkəzçi hərəkatdır.

“Bizim şüarımız “Gürcüstan gürcülər üçün” deyil, “Gürcü Gürcüstanıdır”. Gürcüstanda yaşayan bütün millətlər bərabər hüquqlu və eyni şəkildə qorunmalıdır. Amma eyni vaxtda Gürcüstan gürcü olmalıdır – bu o deməkdir ki, bizim ənənəvi dəyərlərimiz və mənəviyyatımız prioritetdir və onlarla mübarizə dayandırılmalıdır”, – Breqadze deyir.

Ənənəvi dəyərlərin qorunması dedikdə nə nəzərdə tutulur?

“Marşçılar” hesab edir ki, dəyərlərin qorunması ilk növbədə, “tarixən formalaşan ənənələrin” qorunmasıdır ki, onlara ilk növbədə “homoseksualizm və əxlaqsız həyat tərzinin təbliği” təhlükə yaradır. Keçən il Gürcüstan konstitusiyasına edilən və nikahın qadınla kişi arasında ittifaqın olduğunu deyən dəyişikliyi təşkilat üzvləri öz xidməti hesab edir və öz mübarizələrinin nəticəsi kimi dəyərləndirir.  

Bununla belə, onlar hesab edir ki, bu yetərli deyil və “millətin parçalanmağı”nın qarşısını almaq üçün addımlar atılmalıdır, yəni ölkədən xarici QHT çıxarılmalı və miqrasiya qanunvericiliyi sərtləşdirilməlidir.

“Gürcüstan mədəniyyətinə çox güclü hücum var və bu hücumun başında xarici qeyri-hökumət təşkilatları, əsasən də Soros fondu dayanır. Biz yeni heç bir şey təklif etmirik, biz Avropa praktikasının tərəfdarıyıq. Siz Macarıstana və onun baş naziri Viktor Orbana baxın, o bizim tələb etdiklərimizi edir”, – qeyri-hökumət sektorunu “açıq şəkildə fəaliyyət göstərən xarici rezidentura” adlandıran

Sandro Breqadze özünü fransız sağçı siyasətçi Marin Le Penə bənzədir Foto: David Pipia JAMnews

Miqrasiyaya qarşı tədbirlərə gəldikdə isə “Marş” Asiya və Afrika ölkələrindən miqrasiyaya böyük məhdudiyyət qoyulmasına təkid edir. Breqadzenin təklif etdiyi plana görə, bu ölkə vətəndaşlarına viza maksimum 1 aylıq verilməlidir, yaşam icazəsi və vətəndaşlıq isə maksimal çətinləşdirilməlidir.

“Gürcü marşı” üzvləri əmindirlər ki, belə məhdudiyyətlər nəticəsində  terror aktı riski, həmçinin guya miqrantların məşğul olduğu “əxlaqsızlıq təbliğatı” və narkotik ticarəti azalacaq.

Tbilisidə nəzarət olunmayan miqrasiyaya qarşı “Gürcü marşı” baş tutub. Fotoreportaj

“Əcnəbilər Gürcüstana çəyirtkə kimi hücum edib, dövlətin ölçü götürmək vaxtı gəlib çatıb”, – Sandro Breqadze deyir. Öz prezidentlik proqramı kimi o, fransız siyasətçisi Marin Le Penin can atdığı sərt miqrasiya siyasətini həyata keçirməyi vəd edir.  

Gürcüstanda ultrasağçılar hardan yaranıb?

Gürcüstanda “Gürcü marşı” və başqa ultrasağçı təşkilatların yaranma səbəbləri müxtəlifdir  – beynəlxalq əlaqələr üzrə mütəxəssis, Missisipi universitetinin magistrantı Qriqori Xatiaşvili izah edir. İlk növbədə o hesab edir ki, bu, dünyada yayılan ümumi tendensiyadır ki, ona Gürcüstanda iqtisadi vəziyyət və siyasi kursla razı olmayan çox sayda insan qoşulur. Nəticədə narazılıq  “milli” çərçivələr alır. Bununla belə, mütəxəssis başqa ölkələrdə də öz təsirini artırmaq məqsədilə məhz bu cür ultramilli qüvvələrin dəstəklənməsi ilə məşğul olan Rusiyanın təsirini də vacib amil sayır.

“Gürcü marşı” iştirakçıları xaricilərə türk, ərəb və ingilis dillərində öz vərəqələrini paylayır. 14 iyul 2017-ci il. Foto: Levan Mikadze, JAMnews

“Gürcüstanda Rusiyanın maraqlarına uyğun olaraq, antiliberal, antiqərb və etnomilli qüvvələr çiçəklənir. Bu o cümlədən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin son hesabatı ilə təsdiq olunur”, – Xatiaşvili deyir.

Onun fikrincə, ultrasağçı hərəkatların populyarlığının artmasına daha bir səbəb sosial şəbəkələrin yayılması və təbii ki, informasiyanın asan və tez yayılması imkanının olmasıdır. Xatiaşvili qeyd edir ki, bu təsirə daha çox yuxarı sinif şagirdləri və tələbələr düşür.

Xatiaşvili həm də Gürcüstan hakimiyyətinin “Gürcü marşı” na münasibətinə diqqət edir.

“Təşkilatı yaradanlardan biri indiki hökumətdə nazir müavini olub. Ona görə də demək olar ki, bəzi hakimiyyət nümayəndələri “Gürcü marşı”nın müəyyən prinsiplərini bölüşür, bəziləri ona qarşı simpatiyasını gizlətmir”, -Xatiaşvili deyir.

Məsələn, parlamentin hüquq məsələləri  komitəsinin sədri Eka Beseliya həmin vaxt barəsində hədə-qorxu maddəsi ilə istintaqın başlandığı, “Marş” liderlərindən biri  Giya Korkotaşvilinin “vətənpərvərliyinə şübhə etmədiyini” bəyan edib.

“Yadların özbaşınalığına son qoymaq lazımdır!” – gürcü ultramillətçiləri “milli patrul” yaradır

“Rustavi-2” telekanalının qarşısında baş verən və altı “Marş” fəalının saxlanılması ilə nəticələnən insidentdən sonra parlament sədri İrakli Kobaxidzenin sərt bəyanatı, hakimiyyətin millətçilərin fəaliyyəti ilə bağlı demək olar ki, yeganə birmənalı şəkildə tənqidi bəyanatı oldu.     

“Zorakılığa heç bir halda bəraət qazandırıla bilməz, ona müvafiq reaksiya vermək lazımdır. Zorakılığın qarşısı alınmalıdır ”, – Kobaxidze deyib.

Adətən hakim “Gürcü arzusu” partiyası nümayəndələri “Marş”ın aksiyalarına açıq qiymət verməkdən çəkinir.

Georgi Xatiaşvili hesab edir ki, millətçilərin ünvanına açıq simpatiya hakim partiyanın siyasətçilərindən gəlir, onlar da “heç nə həll etmir”, amma “müzakirə səviyyəsində təbii ki, bu, həm ölkəyə, həm hakim partiyaya ziyan vurur”.

Onun sözlərinə görə, hakim partiyanın zəiflədiyi təqdirdə, “Gürcü marşı” kimi reaksiya qüvvələri ciddi problemə çevrilə bilər, buna görə də hakimiyyət “ardıcıl və ehtiyatlı siyasət” yürütməlidir.

Yolda camaat Tbilisinin Ağmaşenebeli prospektində “Gürcü marşı”nın yürüşünü müşahidə edir. 14 iyul 2017-ci il Foto: Levan Mikadze, JAMnews

Rusiya və pullar

“Gürcü marşı” nümayəndələri Rusiyaya münasibətdə “ehtiyatlı” siyasətin yürüdülməsini dəstəkləyir, bunu da ilk növbədə Qərbdən uzaqlaşmaq kimi qəbul edirlər, yəni NATO-ya və istənilən başqa hərbi alyanslara üzv olmaqdan imtina və neytrallıq.  

“Rusiya bizim ərazimizin 20 faizini işğal edir, bu bizim üçün düşmən addımıdır. Amma bu o demək deyil ki, rus xalqı bizim düşmənimizdir. Gürcüstanın heç bir xalqla düşmənçiliyi yoxdur. İşğalın dayandırılması siyasətiylə yanaşı biz Rusiya ilə danışıqlar aparmalı və onu inandırmalıyıq ki, ərazi bütövlüyümüzün bərpası heç kim üçün təhlükə olmayacaq. Amma münasibətlərin bərpası üçün lazımdır ki, ölkə Qərbin agentləri tərəfindən idarə olunmasın və hakimiyyətin prioriteti Gürcüstana xidmət etmək olsun”, – Sandro Breqadze deyir.

“Gürcü marşı” ofisində transparantlar. Foto: David Pipia, JAMnews

“Marş”ın digər lideri Giya Korkotaşvili hesab edir ki, Gürcüstanda Rusiya ilə  “milli diplomatiya”nı inkişaf etdirmək lazımdır, təşkilatı Rusiya yönümlü hesab edənləri isə “düşüncəsiz” adlandırır.

“Gürcü marşı”nın pulu hardandır? Bu sual təşkilatın fəaliyyətində “Rusiya izi”nin olduğunu bildirənlər üçün əlavə arqument olub. “Marş” nümayəndələrinin özləri isə bunu boş söz adlandırır və təşkilatın öz üzvləri və onları dəstəkləyən sahibkarların ianələri hesabına mövcud olduğunu bildirir.

Bu haqda bizə təşkilatın gənclər qanadının lideri Anzor Porcxidze danışıb.

“Bizim ancaq ofis kimi işlətdiyimiz kirayələnmiş üç otaqlı mənzilimiz və bir neçə kompüterimiz var. Mənim gəlir mənbəyim idmandır. Mən qarışıq döyüş növləri üzrə Avropa çempionuyam, indi də uşaqları məşq elətdirirəm. Təşkilatın başqa üzvləri də mənim kimi yaşayır, məsələn, bir dostum özü düzəltdiyi əşyalar satır, bəziləri isə işsizdir”, – Anzor izah edir.  

Marş liderləri və fəalları öz təşkilatlarının böyük siyasi perspektivlərindən əmindir və onu ölkənin 3 aparıcı partiyası arasında görür. Amma son ildə dərc olunmuş  ictimai rəy araşdırmalarında “Gürcü marşı” nə siyasi partiya, nə nüfuzlu təşkilat, nə də institut kimi yoxdur.

“Mediaşəbəkə”nin dəstəyi ilə

 


More on JAMnews