Gürcüstan NATO təlimlərini qəbul edir. Fotoreportaj
İyulun 30-da Vaziani hərbi bazasında “Layiqli tərəfdaş -2017” çoxmillətli təlimlər başlayıb. Bu tədbir artıq üçüncü dəfədir ki, Gürcüstanda keçirilir. Amma əvvəlki illərlə müqayisədə bu səfərki ən geniş miqyaslısıdır. Gürcüstandan başqa təlimlərdə NATO üzvü və tərəfdaşı olan səkkiz ölkə iştirak edir. 13 gün ərzində Gürcüstan hərbçiləri ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukrayna hərbçiləri ilə birgə əməliyyat üzərində çalışacaqlar.
Rəsmi açıqlamada deyilir ki, “Layiqli tərəfdaş – 2017” təlimlərinin hədəfi “stabilliyin təmin olunması, müdafiə və ya hücum əməliyyatlarında vərdişlərin yaxşılaşdırılması, NATO üzvləri və tərəfdaşlarının hərbi güclərinin qarşılıqlı hərbi uyğunluğun yüksəldilməsi, NATO (NRF) çevik qüvvələrinin təlim imkanlarının inkişafı və NRF-də iştirak edən ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsindən ibarətdir”.
Təlimlərin əsas mesajı – “Güc tərəfdaşlıqdadır”. Bu təlimlərdə ümumilikdə 2800-dən çox hərbçi iştirak edəcək.
“Layiqli tərəfdaş – 2017” təlimlərinin rəsmi açılış mərasimində Gürcüstanın icra və qanunverici hakimiyyətlərinin nümayəndələri, həmçinin Gürcüstanda akkreditasiyadan keçmiş xarici diplomatlar iştirak edib. Gürcüstanın müdafiə naziri Levan İzoriya öz çıxışında vurğulayıb ki, əməkdaşlığın dərinləşdirilməsi və silahlı qüvvələrin imkanlarının yüksəldilməsi, həmçinin ölkənin NATO standartlarına doğru irəliləməsi və yaxınlaşması planında bu təlimlər həm Gürcüstan, həm də bütün region üçün fövqəladə dərəcədə önəmlidir.
Təlimlərdə ilk dəfə “Stayker” və “Boksyor” Amerika və Almaniya bronetransportyorları təqdim olunacaq. Gürcüstanın silahlanmasında olan T-72 tipli tank, “Dana” artilleriya qurğusu və “Didqori” bronetransportyoru da təqdim edilənlər arasında olacaq. O cümlədən də “Abrams” tankları, “Bredli” və “Stayker” maşınları və C-130 tipli Amerika hərbi təyyarəsi.
ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli bildirib ki, hazırkı “Layiqli tərəfdaş” təlimləri məhz çoxmillətliliyi ilə fərqlənir və vacibdir. Onun sözlərinə görə, bu, ABŞ-ın hər zaman Gürcüstanla çiyin-çiyinə duracağı tədbirdir. Təlimlərin təntənəli açılış mərasimində səfir vurğulayıb ki, təlimlər heç bir dövlətə qarşı yönəlməyib:
“Burada təmsil olunan ölkələri görürsünüz. Odur ki, bu, hər hansı təcavüzün siqnalı deyil, əksinə, təlimlər Gürcüstana öz suverenliyini, öz müstəqilliyi möhkəmləndirməkdə yardımçı olmaq cəhdidir”.
Təlimlər üç fazadan ibarətdir. Birinci faza – atışmalar, o cümlədən də zirehli texnikadan, artilleriya qurğularından və yüngül silahlardan istifadə etməklə.
İkinci faza hərbi hissələr səviyyəsində atışma üzrə nəzəri və praktiki təlimləri nəzərdə tutur.
Sonuncu, üçüncü faza səhrada texnikalarla təlimdir ki, bu fazanın çərçivəsində hərbçilər müdafiə və hücum əməliyyatlarında, ərazinin minalanması və minalardan təmizlənməsi əməliyyatlarında və s. iştirak edəcəklər.
“Layiqli tərəfdaş – 2017” çoxmillətli təlimləri ABŞ-ın Avropadakı ordusunun Qara dəniz hövzəsində apardığı təlimlər silsiləsinin bir hissəsidir. Təlimlər yeddi dövlətin ərazisində aparılır. Gürcüstanda təlimlərin təşkilatçısı ölkənin silahlı qüvvələri və ABŞ ordusunun Avropa komandanlığıdır. “Layiqli tərəfdaş – 2017” təlimlərinə Gürcüstan Silahlı Qüvvələrinin Şərq quru qoşunlarının komandanı polkovnik Şavleqo Tabatadze rəhbərlik edir.