Bu vədə az adam inanır " />

Kaxa Kaladze Tbilisinin “xruşovka”larını müasir evlərlə dəyişməyi planlaşdırır

Bu vədə az adam inanır

Hakim “Gürcü arzusu” partiyasından Tbilisi meri postuna olan namizəd Kaxa Kaladze paytaxtdakı seçicilərə “xruşovka” adlanan binaların yerində müasir yaşayış kompleksləri tikməyi vəd edib.

Kaladzenin özünün “Facebook” səhifəsində yerləşdirdiyi videoda merliyə namizəd deyir ki, layihəni mərhələli şəkildə həyata keçirməyi planlaşdırır, “xruşovka” sakinləri isə ya yeni binalarda mənzillərlə təmin olunacaq ya da kompensasiya alacaqlar:

“Tbilisidə “xruşovka”ların vaxtı çoxdan keçib. İnsanların istismar dövrü artıq çoxdan keçən bu cür binalarda yaşaması yolverilməzdir, onlar amortizasiya olunub. Fəaliyyətimizin istiqamətlərindən biri sovet ideologiyasının istənilən təzahüründən azad olmaq, o cümlədən bu evləri müasir komfortlu mənzillərlə əvəz etməkdir”.

“Xruşovka”ların yeni korpuslarla əvəz edilməsi barədə artıq birinci il deyil ki, həm merlər, həm də merliyə namizədlər danışır. Tbilisidə istismar dövrü artıq çoxdan keçən 700-ə yaxın “xruşovka” var, onlar amortizasiya olunub və seçkiqabağı kampaniya zamanı bu məsələni qaldırmaq olduqca sərfəlidir.

“Xruşovka”ların sökülməsi və yeni yaşayış fondunun yaradılması ilə bağlı vədləri Tbilisi sakinlərinə əvvəlki mer Qiqi Uqulava da verib. Mərhələli şəkildə “xruşovka”ları sökməyi və onların yerində yeni binalar tikməyi indiki mer David Narmaniya da söz verib. O deyirdi ki, “paytaxt başçısı” kimi fəaliyyəti müddətində 50 “xruşovka”nın əvəzində müasir korpuslar yaranacaq. Amma bütün bunlar elə söhbət səviyyəsində də qalıb.

“Xruşovka”ları mütləq dəyişmək lazımdır, çünki onlar artıq öz dövrünü bitirib. Mer postunda fəaliyyətim dövründə onlarla “xruşovka” mütləq “dəyişdiriləcək”. Bu, çox ciddi bir problemdir, amma ilk mərhələdə paytaxtdakı “xruşovkalar”, qəzalı korpuslar və evlər probleminə xüsusi plan həsr olunacaq. Biz tender elan edəcəyik və maraqlanan şəxsləri tapacağıq”, – 2014-cü ilin iyul ayında o vaxtlar hələ Tbilisi meri vəzifəsinə namizəd olan David Narmaniya rəqibləri ilə debatlar zamanı bildirib.  

2014-cü ilin mart ayında Tbilisi sakrebulosunun sədri İrakli Şixiaşvili BƏƏ-dən olan beynəlxalq ticarət-sərmayə holdinqi ilə memorandum imzaladı. Sənədə əsasən, ərəb şirkəti Tbilisidə “xruşovkalar”ın yerində yeni korpuslar tikmək öhdəliyini öz üzərinə götürürdü. O vaxt Şixiaşvili bildirdi ki, ərəb şirkəti 600 milyon dollar sərmayə yatırmağa hazırdır. Şirkət nümayəndələri isə həmin layihə ilə bağlı KİV-də kampaniyaya başladılar – müxtəlif telekanalların efirində onlar beşmərtəbəli evlərin yerində müasir infrastrukturlu 15 mərtəbəli binalar tikəcəkləri barədə danışırdılar. Düzdür, sonradan məlum oldu ki, bu layihə barədə Gürcüstanın hakimiyyət qurumlarında Şixiaşvilidən başqa heç kəsin xəbəri yoxuydu. Memorandum imzalanandan sonra həmin layihə elə kağız üzərində də qaldı. Şixiaşvilinin layihəsini “Gürcü arzusu” hökuməti tənqid edərək, onu qeyri-real adlandırdı. Misal üçün, ədliyyə naziri Teya Tsulukiani deyirdi ki, həmin layihənin realizəsi üçün Gürcüstanın indiki mərhələdə nə vaxtı, nə də imkanları var.

Mer postuna namizəd Kaxa Kaladzenin bəyanatı sosial şəbəkədə fəal müzakirə olunur. Tbilisi sakinlərinin əksəriyyəti hesab edir ki, yenə də seçkiqabağı populizmlə üzləşib, reallıqda isə ölkənin yaşayış fondunu yeniləndirmək üçün resursları yoxdur, hakimiyyət sadəcə əhaliyə yalan vədlər verməklə məşğuldur.

“Facebook” istifadəçilər həm də yazır ki, Kaladze bu ideyanı Moskva meri və Putindən “oğurlayıb”.  (Moskvada bu yaxınlarda “xruşovka”ların sökülməsi prosesi çox ağrılı keçib – JAMnews). Çoxları hesab edir ki, Tbilisinin əsas problemi “xruşovkalar” deyil, Gürcüstan paytaxtının görüntüsünü eybəcərləşdirən xaotik tikintidir.

Bəziləri Kaladzenin bu bəyanatında “iqtisadi maraq” gördülər, çünki “xruşovkalar”ın yerində yeni binalar tikmək vədi “xruşovkalar”ın qiymətini qaldıra bilər.

  • Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilər bu ilin oktyabr ayının son bazar günü keçiriləcək. Kaxa Kaladzedən başqa mer postu uğrunda “Vahid milli hərəkat”ın namizədi Zaliko Udumaşvili,  “Avropa Gürcüstanı”nın liderlərindən biri Elene Xoştariya və müstəqil namizəd Aleko Elisaşvili mübarizə aparır.

  • “Xruşovka” adlanan bina beş mərtəbəli standart yaşayış binasıdır, bir qayda olaraq kərpicdən tikilirdi, divarlarının eni 35 santimetr, tavanının hündürlüyü 2 metr 48 santimetrdir, birinci və axırıncı mərtəbələrdə 20 santimetr aşağıdır. “Xruşovkalar” 1 və ya 2 otaqlı olur. Bu cür binaların yaradılması ideyası mühəndis Vitali Laqutenko, realizəsi isə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşova aiddir. Birinci “Xruşovka” 1958-ci ildə Kiyevdə, sonuncu 1970-ci ildə Minskdə istismara verilib. Kiçik formatlı mənzillərin tikintisi 12 il davam edib. Həmin müddət ərzində bütün  Sovet İttifaqının, o cümlədən də Gürcüstanın 54 faiz əhalisini evlə təmin etmək mümkün olub. Həmin binaların istismar müddəti 50 il təyin edilib.  Bu gün populyar olmayan alçaq tavanlı mənzillər o vaxtlar şəhərlərin urbanizasiyasında həlledici rol oynadılar. Hər sakinə 8 kvadrat metr ayrılırdı. Memarların hesablamalarına görə, eyni otaq gündüzlər yemək otağı və iş kabineti, gecələr isə yataq otağı kimi istifadə edilə bilərdi.

“Xruşovkalar”ın sayəsində Sovet İttifaqının 127 milyon sakini evlə təmin olundu. Bu, aşağı keyfiyyətli evlər geniş miqyaslı urbanizasiyaya gətirib çıxardılar – 1961-ci ildə Sovet İttifaqında ilk dəfə şəhər sakinlərinin sayı kəndlilərin sayını üstələdi.


More on JAMnews