Human Rights Watch Gürcüstanda media mühitinin durumu ilə bağlı xüsusi bəyanat yayıb" />

HRW: Gürcüstanda media azadlığı təhlükə altındadır

Human Rights Watch Gürcüstanda media mühitinin durumu ilə bağlı xüsusi bəyanat yayıb

Gürcüstanda media azadlığı təhlükə altındadır, – Human Rights Watch nüfuzlu beynəlxalq insan haqları təşkilatı öz press-relizini bu başlıq altında buraxıb. Bəyanatda bildirilir ki, “Rustavi-2” teleşirkətinin mülkiyyət haqları ətrafında məhkəmə çəkişməsi hakimiyyətin KİV-in işinə və məhkəmələrin fəaliyyətinə mümkün müdaxiləsi ilə bağlı narahatlıq doğurub.

“Ali Məhkəmənin qərarı (“Rustavi-2” teleşirkətinin işi ilə bağlı) Gürcüstanda media azadlığının təhlükə altında olduğunu göstərir. Biz hakimiyyəti KİV mütəlifliyini təmin etməyə çağırırıq”, – HRW Qafqaz bürosunun rəhbəri Georgi Qoqiya bildirib.

Bəyanatda həmçinin bildirilib ki, teleşirkətin hazırkı rəhbərliyi, siyasi müxalifət və digər müstəqil qruplar bu məhkəmə prosesini hakimiyyətin müxalif telekanalı ələ keçirmək cəhdi hesab edir.

“ “Rustavi-2”-nin redaksiya siyasətinin hakimiyyətin xeyrinə dəyişdirilməsi Gürcüstanda media-plüralizminə ciddi zərbə vuracaq və cəmiyyətin müxalif fikrə çıxışını məhdudlaşdıracaq”, – bəyanatda bildirilir.

HRW həmçinin Gürcüstanın İctimai TV-də siyasi proqramların və populyar “İmedi” telekanalında siyasi tok-şouların dayandırılmasına da diqqət çəkir.

Martın 2-də Gürcüstanın Ali Məhkəməsinin Böyük Palatası ölkənin əsas müxalif teleşirkəti “Rustavi-2” haqqında qərar çıxarıb və şirkətin əvvəlki sahibinə geri qaytarılmasını qət edib. Teleşirkət səhmlərinin 60 faizi Kibar Xalvaşiyə, 40 faizi isə “Panorama” AMC-ə verilib.

 

Martın 3-də Avropa İnsan Haqları Məhkəməsi Ali Məhkəmənin “Rustavi-2” ilə bağlı qərarının icrasını  martın 8-ə qədər (“Rustavi-2”-nin şikayətini icraata alıb-almayacağına dair qərar verənə qədər) dayandırıb.

 

Teleşirkətin rəhbərliyi, jurnalistlər, müxalif siyasətçilər və qeyri-hökumət sektorunun böyük əksəriyyəti hazırkı hakimiyyətə qarşı loyal olan Kibar Xalvaşinin tələbini əsassız hesab edir və teleşirkətin işi üzrə məhkəmə prosesini hakimiyyətin müstəqil teleşirkəti ələ keçirmək cəhdi kimi dəyərləndirirlər.


More on JAMnews