Ədliyyə naziri: biz Rusiya prokurorluğundan Ramzan Axiadovla insanca davranılacağına dair zəmanət almışıq " />

Gürcüstanın Rusiyaya təhvil verdiyi çeçen məhkum

Ədliyyə naziri: biz Rusiya prokurorluğundan Ramzan Axiadovla insanca davranılacağına dair zəmanət almışıq

Polis avtobusunda nəzarətə alınan bir etirazçının əliРука задержанного протестующего в полицейском автобусе

 Gürcüstan hakimiyyəti milliyyətcə çeçen olan RF vətəndaşı Ramzan Axiadovu Rusiyaya təhvil verib. O, terrorçuluqda, İslam Dövləti sıralarına adam cəlb eləməkdə, həmçinin 2013-2015-ci illərdə İslam Dövləti tərəfindən hərbi əməliyyatlarda iştirak etməldə təqsirləndirilərək, Rusiya hüquq-mühafizə orqanları tərəfindən haqqında axtarış elan edilib. Gürcüstanda Axiadovun ekstradisiyası rezonans doğurub – gürcüstanlı siyasətçilər, hüquq müdafiəçiləri hakimiyyəti Avropa konvensiyasını pozmaqda və Kremlin əmrlərini qeyd-şərtsiz yerinə yetirməkdə günahlandırıblar.

Gürcüstan hakimiyyəti bildirir ki, RF prokurorluğundan Axiadovla insanca davranılacağı haqda zəmanət alınıb.

_________________

1979-cu il təvəllüdlü Ramzan Axiadovu Moskva interpol vasitəsilə axtarışa verib.

Axiadov sentyabrın 19-da Moskvaya təhvil verilib.

Gürcüstan ədliyyə naziri Tei Tsulukianinin Axiadov haqda bəyanatından çox şey öyrənmək mümkün deyil. Tsulukiani deyib ki, Axiadov Gürcüstana Türkiyədən gəlib və orada da “terrorçu təşkilata yardım edib”.

“Bu iş haqda başqa heç nə deməyəcəm”, – nazir bildirib.

Şərh: iki vətən. Rusiya və Ukrayna arasında fərq nədir?

Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın”

JAMnews Axiadovun vəkili Aleksandr Tatelişvili ilə danışıb.

O bildirib ki, Ramzan Axiadov 2016-cı ildən ailəsi ilə birlikdə Kutaisidə yaşayıb. Biznes sahibi olub, Gürcüstanı tərk etmək niyyətində olmayıb və vətəndaşlıq almaq istəyirmiş. Aleksandr Tatelişvili detir ki, Gürcüstan hüquq-mühafizə orqanları Axiadovu tam təsadüfən həbs ediblər: doqquz ay əvvəl Kutaisidə polis onu maşınını yanlış yerdə saxladığı üçün saxlayıb və məhz bu zaman bəlli olub ki, o, interpol xətti ilə axtarışdadır.

Son doqquz ay ərzində Axiadov Rustavi şəhərinin altı saylı penitensiar müəssisəsində saxlanılıb. Rusiyaya ekstradisiya məsələsi onun həbsi ilə eyni zamanda qalxıb.

Axiadov Rusiyaya təhvil verilməməsi ilə bağlı Gürcüstan hakimiyyətinə müraciət edib. Müraciətində o bildirib ki, Rusiyada ədalətli məhkəməyə ümidi yoxdur, həbsxanada isə onu işgəncə və qeyri-insani münasibət gözləyir.

Gürcüstanın Miqrasiya Xidməti saxlanılan şəxsə qaçqın və ya başqa humanitar status verməkdən imtina edib. Axiadov bu qərarı məhkəmədə mübahisələndirib, amma işi uduzub.

Vəkilin sözlərinə görə, Axiadovun işində çox sayda suallar var. O, bildirir ki, işə yalnız Rusiya prokurorluğunun qətnamələri tikilib və Axiadovun təqsirinə dair heç bir sübut yoxdur.

“Problem ondadır ki, ekstradisiya yalnız Rusiya prokurorluğunun qətnamələri əsasında həyata keçirilib. İşdə başqa heç nə yoxdur – nə şahid ifadələri, nə hər hansı foto və video-material, nə sübut, məsələn, Suriya sərhədini keçdiyi faktına dair sübut.

Rusiya prokurorluğunun qətnamələrindən başqa heç bir başqa sənəd və heç kim Rusiya tərəfindən Axiadovun günahına dair heç bir əlavə sübut istəməyib. Eyni qaydada istənilən adamın axtarışı və təhvil verilməsi ilə bağlı istənilən qətnamə göndərmək olardı. Amma sənədləşdirilmiş ehtimalların heç olmasa minimum standartları gözlənilməlidir axı! Nəhayət, Rusiyaya necə kor-koranə şəkildə etibar etmək mümkündür? Beynəlxalq konvensiyalar məsələ insanların təhvil verilməsindən ibarət olduğu zaman bizi çox ehtiyatlı davranmağa məcbur edir”.

Rusiya prokurorunun zəmanəti

Ədliyyə naziri Teya Tsulukiani deyir ki, Axiadovu Rusiyaya təhvil verməzdən öncə “Gürcüstan tərəfi ağır maddələrlə ittiham olunmasına baxmayaraq, Ramzan Axiadovun insani şəraitdə saxlanılacağına dair RF-dən yazılı zəmanət alıb”.

O hesab edir ki, yazılı zəmanət alınandan sonra Axiadova Rusiyada təhlükə olduğunu düşünmək üçün heç bir əsas qalmayıb.

“Strasburq standartları diktə edir ki, bu cür zəmanətlər şübhə altına qoyula bilməz”, – Tsulukiani bəyan edib.

Sitatın tam versiyası:

“Strasburq məhkəməsinin keçmiş hüquqşünası kimi şəxsən mənim üçün hər bir çeçen, hər bir kistin (Gürcüstandakı etnik çeçenlər), bizim vətəndaşımız və ya başqa ölkənin vətəndaşı həmişə prioritet olub və belə də qalır. Buna görə də Rusiya Federasiyasından yazılı zəmanət aldıq və orada yazılıb ki, Axiadovun ağır maddələrlə ittiham olunmasına baxmayaraq, o, həbsxanada normal şəraitdə saxlanılacaq. Avropa Konvensiyasının pozulması kimi təsnifləşdirilən problemlər onu təhdid etmir. Söhbət işgəncələri qadağan edən, yaşam hüququnun müdafiəsi və sair nəzərdə tutulan maddədən gedir”.

“İnsanı işgəncəyə göndəriblər”

 Ədliyyə nazirindən fərqli olaraq, Rusiya prokurorluğunun zəmanətinə nə Gürcüstan müxalifəti, nə də hüquq müdafiəçiləri inanmır.

Axiadovun Rusiyaya təhvil verilməsi cəmiyyətin siyasi fəal qismində kəskin reaksiya doğurub.

“Hələ dünən bu insan burada idi, indi isə o, Rusiyada işgəncələrə məruz qalır! Onu qorumadıq! Bunu bağışlamayacağıq!” – müxalif “Avropa Gürcüstanı” Partiyasının liderlərindən biri Yelena Xoştariya Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, “bu, Gürcüstan hakimiyyətinin daha bir aşkar rusiyayönlü və qeyri0insani qərarıdır”.

“İnsan Haqları Mərkəzi” layihəsinin rəhbəri Uça Nanuaşvili JAMnews-la söhbətində bildirib ki, insan haqları üzrə Avropa Konvensiyası bu konvensiyaya daxil olan dövlətlər üzərinə bu cür hallarda ekstradisiyanın yarada biləcəyi bütün riskləri nəzərdən keçirmək öhdəliyi qoyur, Gürcüstan tərəfi isə bunu eləməyib.

“Beləcə qeyd-şərtsiz, günahın sübutları öyrənilmədən, yalnız prokurorluğun sorğusu əsasında ekstradisiya insan haqlarının pozulmasıdır”, – Nanuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin motivasiyası o qədər anlaşılmazdır ki, sadəcə “hakimiyyətin gərginlik yaratmamaq naminə açıq şəkildə Kremlin tələblərini yerinə yetirdiyini” ehtimal etmək qalır.

“İşgəncə tətbiq ediləcəyi mümkün olan yerə insan təhvil verilməz”, – Nanuaşvili deyib.

Rusiya həbsxanalarında nə baş verir?

Rusiya həbsxanalarında işgəncə adi və gündəlik haldır və bu, beynəlxalq təşkilatların hesabatlarında təsdiqlənir.

Avropa Şurasının hesabatına əsasən, məhbuslar arasında ölüm hallarına görə, Rusiya birinci yeri tutur – burada hər 1000 məhbusa 6 ölüm halı düşür.

Bir neçə yeni fakt: iyulun 20-də müstəqil “Novaya qazeta” nəşri məhbus Yevgeni Makarovun Yaroslavl şəhərinin 1 saylı cəza müəssisəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını əks etdirən video-görüntüləri dərc edib. Onun əlləri bağlanıb və dabanlarında dəyənəklərlə zərbələr endirilir. Vaxtaşırı olaraq onun üzərinə su tökür, sonra isə şalvarını və alt paltarını çıxarmağa məcbur edirlər.

İyulun 22-də Bryanskda 6 saylı cəza müəssisəsində məhbus döyüldüyü zaman aldığı xəsarətlərdən ölüb. Həbsxana əməkdaşı onu sadəcə boğub.

Rusiyalı hüquq müdafiəçisi, “Oturan Rusiya” fondunun rəhbəri Olqa Romanovanın sözlərinə görə, Rusiya həbsxanalarında işgəncə o dərəcədə adi hala və sıradan hadisəyə çevrilib ki, hətta dövlət televiziyaları da onları göstərməkdən çəkinmir.

“YouTube-un axtarış hissəsində “işgəncə, zona, koloniya, Rusiya” sözlərini yazmaq kifayətdir ki, yüzlərlə link gələcək. Bu haqda, sözgəlişi, dövlət telekanalları da dəfələrlə danışıb. Məsələn, bu yaxınlarda Çelyabinsk həbsxanasında işgəncələr haqda yerli televiziyada bütöv bir veriliş göstərdilər”, – Romanova deyir.

Onun sözlərinə görə, bu gün Rusiyanın penitensiar sistemi heç vaxt olmadığı qədər qapalıdır:

“Bu biabırçılıqlara görə bir neçə səbəbdən heç kim cəza çəkmir. Birincisi, bu, ciddi şəkildə qapalı mövzudur. Müstəqil müşahidəçiləri bu sistemə ümumiyyətlə buraxmırlar. Heç bir nəzarət yoxdur. İnsan haqlarının nə dərəcədə qorunduğunu yoxlamaq üçün koloniyaya girə bilmək çox çətindir. Və bu sistem total korrupsiya üzündən getdikcə daha çox qapanır”, – hüquq müdafiəçisi bildirir.

Onun sözlərinə görə, əhali də sanki artıq həbsxanalardan gələn qorxunc xəbərlərə alışıb:

“Buna artıq hamı alışıb. Bu, ilkin istintaq təcridxanalarında, cəza müəssisələrində, polis bölmələrində və FTX-da adi qaydalardır. Məsələn elə isti xəbərlərə baxın: Penzada “Şəbəkə” işi, Sankt Peterburqda istintaq təcridxanasında biznesmen Pşeniçnının qorxunc ölümü – onun onurğası sındırılmış, ağzında isə necə deyərlər, “qızdırıcı” vardı”, – Romanova deyir.


More on JAMnews