Münaqişəyə səbəb SES-in tikintisi olub" />

Gürcüstanın Pankisi dərəsində atışma – bir ölü, dörd yaralı

Münaqişəyə səbəb SES-in tikintisi olub

Bir nəfər ölüb, dörd nəfər yaralanıb – Gürcüstanın şərqindəki Pankisi dərəsində yerli sakinlər arasında münaqişənin nəticəsi belədir. Yerli sakinlər bildirirlər ki, münaqişə dərədə elektrik stansiyasının tikintisi üzündən baş verib.

Yaralılar Telavi xəstəxanasına çatdırılıblar.

Pankisi dərəsində etnik çeçen-kistinlər yaşayır.

• Etirazlar fonunda energetika – Gürcüstan regionlarında niyə SES inşaatına qarşı çıxırlar?

Münaqişə iki yerli nəsil – Mutoşvili və Kavtaraşvili ailələrinin nümayəndələri arasında baş verib və atışmaya keçib. Münaqişə iştirakçılarından biri, Malxaz Mutoşvili, həlak olub.

Gürcüstanın “Mtavari” telekanalı həyətində Pankisi sakinlərinin toplaşdığı Telavi xəstəxanasında çəkilmiş kadrları nümayiş etdirib. Onların sözlərinə görə, Kavtaraşvili ailəsi Pankisi dərəsində su-elektrik stansiyasının tikintisinin dəstəklənməsi üzrə “kampaniya aparırmış”.

«Mərhum mənim əmim idi. Bu əhvalat elektrik stansiyası üzündən başlayıb. Bütün il boyunca hamı dərədə baş verən prosesləri müşahidə edirdi. Bu işi (SES-in tikintisini) lobbiləşdirən yerli qrup vardı. Onlar hökumətlə və dövlət təhlükəsizliyi xidməti ilə əlaqəli idilər. Bilmirəm, bütün bunlar hətta bir nəfərin həyatına belə dəyərdimi»,  — Pankisidən olan ictimai fəal Luiza Mutoşvili telekanala deyib.

Luiza Mutoşvili deyir ki, hakimiyyət SES-ə görə dərədə yaranmış vəziyyətə lazımi qiymət verməyib. O ehtiyat edir ki, bu, Pankisidəki vəziyyəti daha da ağırlaşdıra bilər:

«Hakimiyyət yerli sakinlərlə danışmalı idi ki, layihədən real faydanı və ya itkiləri izah etsin… Lakin bu prosesi özbaşına buraxdı və bu, indi müşahidə etdiyimiz nəticəyə gətirib çıxardı. İnsan həlak olub və bizi daha nələrin gözlədiyini bilmirik».

SES lehinə və əleyhinə mübarizə

Pankisidə elektrik stansiyasının tikintisi səbəbindən mübahisə 2019-cu ilin yazında başlayıb. Aprelin 21-də Pankisi dərəsində bununla bağlı yerli sakinlərlə polis arasında toqquşmalar baş vermişdi.

Toqquşmaların nəticəsində 55 nəfər – 17 yerli sakin və 38 polis əməkdaşı xəsarət almışdı. Tikinti şirkətinə məxsus texnika və polis maşınları da zədələnmişdi. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmiş, yerli sakinlər isə asayiş keşikçilərinə daş atmışdılar.

5,4 MVt gücündə Xadori-3 su-elektrik stansiyasının tikintisi Axmeta bələdiyyəsində Alazani çayının üzərində planlaşdırılır. Layihəyə əsasən, elektrik stansiyasının illik istehsal gücü 27,5 milyon Kvts. təşkil edəcək.

Hadori-3 bu dərədə “Alazani enerci” şirkətinin üçüncü elektrik stansiyasıdır. Alazani çayının üzərində artıq “Hadori-1” və “Hadori-2” fəaliyyət göstərir.

Layihəyə əsasən, yeni SES Birkiani kəndinin yaxınlığında tikilməlidir. 4,5 kilometr boyunca Alazani çayının suyunun 90 faizi stansiyanın turbinasına daxil olacaq.

Pankisi sakinləri ehtiyat edirlər ki, çayda suyun çatışmazlığı əkin yerlərinə təsir edəcək ki, bu yerlər onlar üçün çox vacibdir – əhalinin böyük hissəsi heyvandarlıqla yaşayır.

Bundan başqa, qorxu var ki, bu, kəndlərdə içməli su ilə onsuz da mövcud olan kəskin problemi daha da ağırlaşdıracaq. Yerli sakinlərin sözlərinə görə, yeni elektrik stansiyasının tikintisi turizmin inkişafına mane olacaq.

Aprelin 21-də Pankisiyə gəlmiş hazırkı baş nazir, hələ o vaxtlar daxili işlər naziri vəzifəsini tutan Georgi Qaxariya yerli sakinlərlə danışıqlardan sonra bildirmişdi ki, elektrik stansiyasının tikintisi əhalinin 90 faizi onu dəstəkləməyənə qədər dayandırılacaq.

Pankisidə noyabrın 27-də baş vermiş münaqişədən sonra media üçün şərhlərində Pankisi sakinləri deyirlər ki, hökumət problemi əhali ilə açıq ünsiyyət yolu ilə deyil, yerli sakinlər arasında münaqişənin qızışdırılması yolu ilə həll etməyə qərar verib.


More on JAMnews