Gürcüstanın beşinci prezidenti hakimiyyətyönlü namizəd Salome Zurabişvili olub
Çox sayda qalmaqallardan və ikinci turdan keçərək Gürcüstan beşinci prezidentini seçib.
Mərkəzi Seçki Komissiyası artıq bütün bülletenlərin sayıb. Ölkənin yeni prezidenti hakimiyyətyönlü namizəd Salome Zurabişvili seçilib.
Zurabişvili 59,52 faiz səs toplayıb.
Birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 40,48 faiz.
Seçicilərin ikinci turda fəallığı birinci turdan daha yüksək olub.
MSK-nın məlumatına əsasən, seçkilərdə Gürcüstan seçicilərin 56.23 faizi iştirak edib ki, bu da ümumilikdə 1 milyon 975 min 845 nəfər eləyir. Bu, birinci turdakından 10 faiz çoxdur, o zaman seçicilərin 46,74 faizi və ya 1 milyon 637 min 956 nəfər səs vermişdi.
Tbilisidə fəallıq 55,9 faiz təşkil edib.
_____________
Noyabrın 28-də seçki məntəqələri bağlanandan dərhal sonra eksit-polların yaydığı nəticələr bu rəqəmlərə nisbətən yaxın olub.
Müxalif “Rustavi-2” teleşirkətinin sifarişi ilə işləyən Edison Research şirkəti məlumat verib ki, seçicilərin 55 faizi hakimiyyətyönlü namizədə, 45 faizi isə müxalifətin namizədinə səs verib.
Hakimiyyətyönlü “İmedi” teleşirkətinin sifarişi ilə işləyən GALLUP INTERNATIONAL şirkətinin məlumatına görə isə hakimiyyətyönlü namizəd 58 faiz, müxalifət namizədi isə 42 faiz səs toplayıb.
• Gürcüstanda prezident seçkiləri – 2018: qısaca bütün detallar
• Gürcüstanda prezident seçkiləri. Niyə hakimiyyət vətəndaş müharibəsi haqda danışır?
İlk reaksiya
Eksit-poll nəticələri elan olunandan dərhal sonra hər iki namizədin seçki qərargahı vəziyyəti şərh edib.
Qriqol Vaşadze xüsusi brifinqdə tərəfdaşlarına dəstək üçün minnətdarlıq bildirib. O deyib ki, “Rustavi-2”-nin eksit-polluna güvənir və hakimiyyəti əhaliyə təzyiq gpstərməkdə ittiham edib.
“Gürcüstan həələ belə seçki tanımayıb. Hakimiyyət bacardığı hər kəsi səfərbər edib. Bacardığı hər kəsi satın alıb. Bütün kriminal elementlər, korrupsiyaçılar cəlb olunub. Amma hətta buna rəğmən “Birləşmiş müxalifət” 756 min səs toplaya bilib”, – Qriqol Vaşadze bildirib.
O deyib ki, yekun dəyərləndirməni seçki nətiicələri rəsmən elan ediləndən sonra edəcək.
Gürcüstanın üçüncü prezidenti, bu gün liderlik edən “Milli Hərəkat” müxalifət partiyasının banisi Mixail Saakaşvili isə daha radikal çıxış edib. Hollandiyada olsa da, siyasi proseslərdə fəal iştirak edib.
O, bildirib ki, çoxsaylı pozuntular üzündən seçkinin nəticələrini qəbul etmir və əhalini növbədənkənar parlament seçkiləri tələbi ilə küçələrə çıxmağa çağırıb.
“Sabahdan [29 noyabrdan — JAMnews], seçkilərin elan olunacaq nəticələrinin necə olmasından asılı olmayaraq, biz kütləvi itaətsizlik aksiyalarına başlayırıq. Mən Gürcüstan polisini, ordunu dövlətin başında duran kriminal, mafioz bandadan kənar durmağa dəvət edirəm”, – Saakaşvili bildirib.
Amma onun bu bəyanatları və çağırışları həvəssiz qarşılanıb – həm öz partiyasında, həm də bütünlükdə müxalifətdə.
“ “Birləşmiş müxalifətin” indən belə nə ediləcəyinə qərar verəcək şurası var”, – Saakaşvilinin bəyanatını birləşmiş müxalifətin seçki qərargahının rəhbəri Giorgi Vaşadze belə şərh edib.
Onun sözlərinə görə, hazırda qərargah əldə olunmuş bbütün səsləri qorumaq üzərində işləyir.
Qələbə qazanmış tərəfin siyasi düşərgəsində ilk bəyanatla Salome Zurabişvilinin özü yox, partiya lideri və Gürcüstanı qeyri-formal idarə edən milyarder Bidzina İvanişvili çıxış edib.
Eksit-polların nəticələri elan olunandan sonra məhz İvanişvili göstərdikləri dəstəyə görə seçicilərə minnətdarlıq edib.
O, Zurabişvilinin qələbəsini öz şəxsi qələbəsi kimi dəyərləndirib və bundan sonrakı məsuliyyəti öz üzərinə götürüb:
“Cəmiyyətə göstərdiyi bu reaksiyaya görə böyük minnətdarlığımı bildirirəm, qalanı mənim üzərimdədir”, – İvanişvili bəyan edib.
Zurabişvilinin özü daha sonra bəyanat səsləndirib.
O deyib ki, seçicilər keçmişin qayıtmasını istəmədiklərini sübut etdilər və ona səs verməyənlərin də prezidenti olmağı vəd edib.
Əsas pozuntular
Qeyri-hökumət təşkilatları (QHT) və jurnalistlər seçki günündə bir sıra pozuntulara diqqət yetiriblər.
Müşahidəçilər təkrar səsvermə halları qeyd ediblər.
Seçicilərə təzyiq halları qeydə alınıb – seçki məntəqələrinin yanında koordinator adlanndırılan “avtoritetlər” olub, onların orada olması seçicilərə arzuolunmaz təsir göstərib.
Seçicilərin işarələnməsi zamanı çoxsaylı pozuntular qeydə alınıb.
•Qeyri-hökumət təşkilatları : seçkilərin ikinci turununun legitimliyi sual altına düşə bilər
•Bir həftədə beş müxalifətçi döyülüb – Cavaxeti seçkiqabağı dövrdə “qaynar nöqtəyə” çevrilib
•Seçkilərə bir aydan az vaxt qalıb – İvanişvili seçicilərdən ona daha bir şans verməyi xahiş edir
Əhalinin bir hissəsinə “48” nömrəsindən (Salome Zurabişvilinin seçki nömrəsi) zəng gəlib. Bidzina İvanişvilinin səsi ilə danışan avto-cavablayıcı seçki məntəqələrinə gedib, “parlaq gələcəyə” səs verməyə çağırıb.
Hərçənd seçkiqabağı mərhələdə müşahidəçilər daha ağır pozuntular qeydə alıblar. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” QHT-nin rəhbəri Eka Qiqauri deyib ki, ən misilsiz pozuntu 600 min seçicinin bank borclarının silinməsi vədi olub. Bu faktı QHT-lər seçicilərin birbaşa satın alınması kimi dəyərləndiriblər.
Qiqaurinin sözlərinə görə, bundan başqa, hakimiyyət seçkiqabağı dövrdə əhalinin ehtiyacları üzərindən oynayaraq, yardımların həcminin artırılmasını və yeni proqramların həyata keçirilməsini vəd edib. Bu özü də qanunla qadağandır və seçicilərin satın alınması kimi dəyərləndirilir.
Salome Zurabişvili kimdir?
Rəsmən Salome Zurabişvili müstəqil namizəddir. Amma əslində iqtidar partiyası bütün, o cümlədən də inzibati resurslarla onu dəstəkləyir.
Zurabişvili Parisdə doğulub. O, 1921-ci ildə Gürcüstandan qaçan siyasi mühacirlərin nəslindəndir.
Zurabişvili Fransada diplomatik xidmətdə olub, 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri təyin edilib. 2004-cü ildə Gürcüstanda “Qızılgül inqilabı” baş tutan kimi Saakaşvili ona Gürcüstan vətəndaşlığı verib və öz hökumətində xarici işlər naziri təyin edib.
•Salome Zurabişvili kimdir – Gürcüstanın iqtidar partiyasının ilk ciddi uğursuzluğu?
Saakaşvilinin komandasında Zurabişvili çox qalmadı, 2005-ci ilin oktyabrına qədər. O, müxalifətə keçdi, amma ondan müxalifət lideri alınmadı. Tezliklə o, siyasəti və Gürcüstanı tərk etdi. Yalnız 2012-ci ildə, Bidzina İvanişili hakimiyyətə gələndən sonra qayıtdı. Bütün bu illər ərzində İvanişvilini dəstəkləyib, amma “Gürcü arzusu” partiyasının üzvü olmayıb.
Bu gün Zurabişvili Gürcüstan parlamentinin deputatıdır. Formal olaraq o, müstəqil namizəd kimi deputat seçilib, amma “Gürcü arzusu”nun ciddi dəstəyini alıb.
Zurabişvilinin namizədliyi “Gürcü arzusu” partiyasında heç də hamının xoşuna gəlmirdi, amma o, iqtidar partiyasında çox az adamın etiraz etməyə cəsarətinin çatdığı Bidzina İvanişvilinin şəxsi seçimi idi.
Sosial şəbəkələrdə Zurabişviliyə qarşı kütləvi kampaniya aparılırdı, onun namizədliyi hakimiyyət tərəfdarları sırasında çoxlu mübahisələr doğururdu. Səbəb isə onun 2008-ci il avqust müharibəsi ilə bağlı söylədikləri idi, o, bu müharibəyə görə məsuliyyəti Gürcüstan hakimiyyəti üzərinə qoyurdu. O, avqust müharibəsini nəzərdə tutaraq bildirmişdi ki, “hərbi əməliyyatın bu hissəsini” ilk olaraq Gürcüstan başladıb.
Müxalifət, o cümlədən də QHT və ictimaiyyət nümayəndələri bildirirlər ki, Zurabişvilinin bəyanatları dövlətçiliyə qarşıdır və Kremlin nöqteyi-nəzərini təkrarlayır. Opponentləri çox vaxt Zurabişvilini “satqın” adlandırmaqdan çəkinmirlər.
Gələcək prezidentin hüquqları
Noyabrın 28-də Gürcüstan əhalisi al il müddətinə prezident seçdi. Buna qədər prezidentlik müddəti altı il idi.
Bu, sonuncu birbaşa prezident seçkiləri idi. 2024-cü ildən etibarən prezidenti Seçicilər Kollegiyası seçəcək. Kollegiya 300 nəfərdən ibarə olacaq: Gürcüstan parlamentinin 150 üzvü, Acariya və Abxaziyanın Ali şuralarının hərədi 13 nəfərlə təmsil olunacaq, 124 nəfər də özünüidarə orqanlarının nümayəndələrindən ibarət olacaq.
Yeni konstitusiyaya əsasən, prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, amma bəzi önəmli funksiyaları yenə də qalır:
√ məhkumları əfv etməyə;
√ Gürcüstan vətəndaşlığı təqdim etməyə;
√ Gürcüstanı beynəlxalq arenada təmsil etməyə, amma bu zaman bütün addımlarını hökumətlə razılaşdırmaq şərti ilə;
√ baş nazir və Ali Ədliyyə Şurasının üzvlərinin təyinatını formal olaraq imzalayır;
√ qanunla müəyyən olunmuş müddətdə yerli seçkiləri, parlament seçkilərini, , həmçinin növbədənkənar seçkiləri təyin etmək;
√ mükafat təyin və təqdim etmək;
√ prezidenti həbs etmək, məsuliyyətə cəlb etmək olmaz;
√ prezidentin impiçment məsələsini parlament deputatlarının üçdə biri qaldıra bilər
Gürcüstan parlament respublikasıdır, müvafiq olaraq, məhz parlament seçkiləri iki il sonra ölkəni kimin idarə edəcəyini müəyyənləşdirəcək.
Hazırkı prezident seçkiləri bir çox məqamları ilə parlament seçkilərinin əsas məşqi hesab oluna bilər. Bu seçkilər 2020-ci il parlament seçkilərindən əvvəl siyasi partiyalara öz imkanlarını dəyərləndirmək, cəmiyyətə isə bu siyasi subyektlərin nəyə qadir olduğunu dəyərləndirmək imkanı verdi.