2019-cu ilin 17 günü ərzində 321 yeni yoluxma halı qeydə alınıb. Mütəxəssislər xəstəliyin yayılma səbəblərindən biri kimi peyvənddən imtinanı göstərirlər" />

Gürcüstanda qızılca epidemiyası. Niyə ölkə “cahil virusu”nun öhdəsindən gələ bilmir?

2019-cu ilin 17 günü ərzində 321 yeni yoluxma halı qeydə alınıb. Mütəxəssislər xəstəliyin yayılma səbəblərindən biri kimi peyvənddən imtinanı göstərirlər

Gürcüstan bu il qızılca hallarının ən çox qeydə alındığı yeddi Avropa ölkəsi arasında üçüncü yerdədir. Bu xəstəliyə ən çox yoluxma halları Serbiyada qeydə alınıb, ikinci yerdə isə Ukrayna qərarlaşıb.

Ən çox ölüm halları da Serbiyada qeydə alınıb, orada 14 nəfər həyatını itirib, Gürcüstan isə ikinci yerdədir. Bunlar 2018-ci ilə aid göstəricilərdir. Ötən il Gürcüstanda 1400 qızılcaya yoluxma halı üzə çıxıb.

2019-cu ilin yanvarında vəziyyət daha da pisləşib. Xəstəliklərə Nəzarət Milli Mərkəzindən bildirilib ki, Gürcüstanda qızılca epidemiyası tüğyan edir. Yanvarın 1-dən 17-ə qədər cəmi 17 gün ərzində Gürcüstanda 312 yeni yoluxma halı qeydə alınıb.

“Qızılca əsasən 20-40 yaş arası qrupu əhatə edib. Yoluxanların 56-58 faizi məhz bu qrupa aiddir. Digər yaş qruplarına gəlincə, yoluxanların 8 faizi 0-1 yaş, 14 faizi isə 1-5 yaş arası uşaqlardan ibarətdir”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Netqazeti” nəşrinə müsahibəsində deyib.

Bu göstəricilər çoxalır, çünki əhalinin əhəmiyyətli hissəsi hələ də peyvənd olunmayıb. Qızılcanın qabağını ancaq bu insanların peyvənd edilməsi ilə almaq mümkündür.

 

Məqalə 2018-ci ilin oktyabrında, Gürcüstanda qızılcaya yoluxma halları çoxalan zaman yazılıb

______________

Qızılca xəstəliyinə tutulma hallarının ən çox olduğu yeddi Avropa ölkəsi arasında Gürcüstan üçüncü yeri tutub. İlin əvvəlindən ölkədə 1400 hal qeydə alınıb, onlardan ikisi ölümlə nəticələnib.  

Epidemiya yanvar ayında Qərbi Gürcüstanın Quriya regionunda başlayıb, burada xəstəxana heyəti xəstələnib. Sonra da xəstəlik Acariyaya keçib və az qala Qərbi Gürcüstanın hər yerində yayılıb.  

Mütəxəssislər güman edir ki, yaxın zamanlarda xəstələnənlərin sayı artacaq. Xüsusi risk qrupuna qızılcaya tutulmayan, heç vaxt peyvənd olunmayan və növbəti peyvəndini ötürən adamlar daxildir. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatlarına görə, Gürcüstanda bu, təxminən yarım milyon nəfərdir.

“Tədqiqatların nəticələrinə görə, bu, 20-40 yaş arası adamlardır. Qızılcaya qarşı immuniteti olmayan insanların sayı bu qədər çox olduğu halda xəstəlik yayılacaq”, — mərkəz rəhbərinin müavini Paata İmnadze deyir.

Gürcüstanda qızılcanın yayılması 2004-2005-ci illərdə müşahidə olunub, o vaxt 1400 nəfər xəstələnib, doqquz nəfər ölüb. 2014-2015-ci illərdə dörd pasient dünyasını dəyişib.

“Batonebi” və peyvəndə qarşı çıxanlar

58 yaşlı Dali indi də özünün və bacısının qızılcaya necə tutulduqlarını yaxşı xatırlayır: nənəsi pəncərədən qırmızı məxmərdən pərdələr asdı, vazaya qırmızı qızılgüllər qoydu və hamıya bərk-bərk tapşırdı ki, dalaşmaq və mübahisə etmək olmaz. Uşaqlar isə “batonebi”ləri əsəbləşdirməmək üçün xəstəliyi mahnılarla qarşılamalıydılar. Xəstəliyi ağır keçirdilər – Dali pis eşidir, bacısı isə həm pis eşidir, həm də pis görür.

“Hər iki övladımıza planlı peyvəndlər etdik. Təcrübəmi nəzərə alaraq, onların səhhəti və həyatı ilə risk etmək istəmədim”, — Dali deyir. Amma Gürcüstanda başqa cür düşünən və uşaqlarını peyvənd etdirməyən insanlar da çoxdur. Rəsmi məlumatlara görə, Gürcüstanda altı yaşına qədər olan 10 faiz uşaq peyvənd olunmayıb.

İrina Aliaşvili öz üç yaşlı uşağına bütün planlı peyvəndləri etdirən və həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət edən gənc anadır. Bundan başqa, o, vaksinasiya haqqında informasiya axtarışı ilə müstəqil şəkildə məşğul olur.

“Peyvəndlərin hər hansı xəstəliklər və ciddi ağırlaşmalara səbəb olması barədə etibarlı, tədqiqatlara əsaslanan informasiyanı heç yerdə tapmadım”, — İrina deyir.

 

Nini Tvalavadzenin 25 yaşı var. Onun həmtəsisçisi olduğu “Peyvəndlər və risk amilləri” qeyri-hökumət təşkilatı peyvəndlərin ziyanı haqda informasiyanın toplanması və yayılması ilə məşğuldur. Nini bildirir ki, peyvəndlərin onun öz üzərində də hiss etdiyi çox sayda zərərli təsirləri var:

“Beş yaşımdan 18 yaşıma qədər davam edən epileptik tutmalarım başlayıb. Evdən çıxmağa qorxurdum, çünki tutmanın nə vaxt başlayacağını bilmirdim. Həkimlər elə də bunun səbəbini tapa bilmədilər. Sonra anamla birlikdə xatırladıq ki, hər şey növbəti peyvənddən sonra başladı”.

Nininin qızının 3 yaşı var, hələ doğum evində edilən vərəmə qarşı (BCG) və B hepatitinə qarşı peyvənddən başqa ona heç bir planlı peyvənd edilməyib.  

Nini deyir ki, peyvəndlərin ziyanı barədə doğru informasiyanı internetdən alır, həm də ona məlum halları da araşdırır.

“Bir hal olub ki, peyvənddən sonra uşağın autistik spektrli pozuntusu inkişaf edib. Poliomelitə qarşı peyvənddən sonra uşağın əli tutulub”, — o danışır.

Nini deyir ki, peyvənddən imtinaya baxmayaraq, qızı xəstələnmir və güclü immuniteti var, buna görə də qızını gələcəkdə peyvənd etməyə hazırlaşmır.

Xəstəliklərə Nəzarət Mərkəzində vaksinlərin zərəri və keyfiyyətlərinin şübhəli olması barədə bütün deyilənləri təkzib edirlər.  

“Gürcüstana ancaq Avropa istehsalı olan yüksək keyfiyyətli peyvəndlər gətirilir. 90-cı illərdən sonra vaksinasiyadan bir dənə də olsun ağırlaşma və ya infeksiya halı qeydə alınmayıb”,  — Paata İmnadze deyir.

Onun sözlərinə görə, qızılcaya qarşı peyvənddən ağırlaşmalar demək olar ki, olmur. “Ən ağır fəsad anafilaktik və ya allergik reaksiya ola bilər, amma bizdə hələ belə hal olmayıb”. İmnadze bildirir ki, belə hallara çox nadir, milyonda bir rast gəlinir, hətta belə hallarda da həkimlər həmişə vaxtında yardım edə bilir.  

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzində peyvənd anbarı. Foto David Pipia, JAMnews, Oktyabr 2018

Günah dezinformasiyadadır?

Mütəxəssislərin fikrincə, Gürcüstanda qızılca epidemiyasının iki səbəbi var –  90-cı illərdə immunizasiya proqramının iflası və uşaqlara peyvənddən imtina.

2008-ci ildə altı yaşdan 27 yaşa qədər bir milyondan çox insanın vaksinasiyası planlaşdırılıb. Amma bunların yalnız yarısını peyvənd etmək mümkün olub.

“Mediada peyvənddən sonra guya ağırlaşmalar barədə elə bir kampaniya başladı ki, hətta mən də qorxuya düşdüm. Proqram da təbii ki, iflasa uğradı”, — Paata İmnadze deyir.

Gürcüstan cəmiyyətində peyvəndlərlə bağlı bir neçə mif var. Bu günə qədər çoxları düşünür ki, peyvəndlər uşaqlarda autizmin inkişafına səbəb ola bilər.

НDünyada müntəzəm vurulan peyvəndlərə ən böyük zərəri ingilis alimi Endrü Ueykfildin 1998-ci ildə “Lancet” jurnalında yazdığı məqalə gətirib, o bildirirdi ki, qızılcaya qarşı peyvənd autizmə səbəb olur. Sonradan məlum oldu ki, bu tədqiqat saxtalaşdırılıb. Jurnal uzrxahlıq etdi və məqaləni sildi. Bununla belə, yalan virus kimi yayıldı, ABŞ və Avropada onun fəsadlarını az-çox aradan qaldırmaq mümkün olsa da, Gürcüstanda onunla mübarizə aparmaq asan olmadı.

“Qızılcaya qarşı vaksinasiya mövzusuna Rusiyanın təbliğat maşını maraq göstərib. Məlum olub ki, Avropada sosial şəbəkələrdə bu mövzu ilə bağlı dezinformasiyanı Rusiyanın trolları yayıb”,  — Paata İmnadze deyir.

Gürcüstan parlamenti peyvəndləri məcburi edəcək qanun layihəsini nəzərdən keçirir. Valideynlər məktəb və ya uşaq bağçasına uşaqlara planlı peyvəndin edildiyini təsdiq edən sənəd təqdim edə bilməsə, uşaqları qəbul etməyəcəklər. Layihə artıq birinci oxunuşda qəbul edilib.  

Amma “Peyvənd və risk amilləri” QHT-si də boşuna vaxt itirmir və peyvəndin məcburi edilməsinə qarşı imza toplayır. Hərəkat fəalları aksiya və etirazlarla hədələyir.

Qızılca

 

Hava yolu ilə keçən virus xəstəliyidir. Asan yayılır, yoluxmaq riski çox sayda insanın toplandığı yerlərdə xüsusilə böyükdür. Qızılca riski  qızdırma, dəri və ağızın selikli qişasında səpkilərə gətirib çıxarır. Bəzən qulaq, ağ ciyər və ya beyin iltihabı kimi ağırlaşmalara gətirib çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qızılca hallarının mində biri ölümlə nəticələnir.

 

İlk simptomlar üzə çıxan kimi dərhal həkimə müraciət etmək lazımdır.

Qızılcaya qarşı peyvənd Gürcüstanda iki dəfə vurulur: bir və beş yaşında.

 

“Bir yaşına qədər uşaq xəstələnəndə, bu, o deməkdir ki, ananın immuniteti olmayıb, çünki  immunitet anadan övlada keçir və bir yaşına qədər uşaq xəstələnməməlidir. Xəstələnərsə, xəstəlik ağır keçə bilər. buna görə də yaşı bir yaşdan aşağı övladı olan  valideynlər peyvənd olunmalıdır”, — Paata İmnadze deyir.

Mediaşəbəkə”nin dəstəyi ilə

More on JAMnews