Martın 8-də hər şey həll olunacaq: ya Strasburq məhkəməsi ona kömək edəcək, ya da ölkənin ən məşhur televiziya şirkətinin fəaliyyətinə son qoyulacaq " />

Gürcüstanda müxalif kanal ətrafında çəkişmələr. Amma bəziləri bunun söz azadlığı uğrunda döyüş olduğunu deyir

Martın 8-də hər şey həll olunacaq: ya Strasburq məhkəməsi ona kömək edəcək, ya da ölkənin ən məşhur televiziya şirkətinin fəaliyyətinə son qoyulacaq

 

Gürcüstanın ən iri televiziya şirkətinin kimə məxsus olması ilə bağlı aylarla sürən çəkişmələrin nöqtəsi martın 2-də qoyuldu. 9 nəfərdən ibarət Ali Məhkəmənin Böyük Palatasının kollegiyası yekdilliklə şirkətin indiki sahibini qanunsuz saydı və televiziya şirkətini  iş adamı Kibar Xalvaşiyə qaytardı.

Xalvaşi “Rustavi-2”nin 60 faiz səhmlərini aldı. Qalan 40 faiz ona məxsus “Panorama” şirkətinə veriləcək – bu da o deməkdir ki, Xalvaşi televiziya şirkətinin yeganə sahibi oldu.

Ali Məhkəmənin Böyük Palatası Gürcüstan məhkəməsinin ən yuxarı instansiyasıdır, onun qərarı dəyişdirilə bilməz. Amma möcüzə baş verdi” – “Rustavi-2”də belə deyirlər.

“Rustavi-2”nin hüquqşünaslarının müraciət etdiyi Strasburq məhkəməsi müvəqqəti olaraq – martın 8-nə qədər – Ali Məhkəmənin qərarının icrasını dayandırıb. Bu bir neçə gün Avropa Məhkəməsinə işin mahiyyətini araşdırmaq üçün lazımdır.

Martın 8-nə qədər Strasburq “Rustavi-2”nin hüquqşünaslarından Gürcüstanın Ali Məhkəməsinin qərarının daha uzun müddətə dayandırıb-dayandırmamaqla bağlı yeni qərarın çıxarılması üçün əlavə materiallar gözləyir, işin mahiyyətiylə daha dolğun şəkildə tanış olmaq və “Rustavi-2”nin kimə məxsus olması üçün qərar qəbul etmək üçün.

Strasburq Gürcüstanın Ali Məhkəməsinin qərarının dayandırılması barədə qərar qəbul etməsə, o, qüvvədə qalacaq və onu həyata keçirmək mümkün olacaq. Açıq reyestrdə sahibin dəyişdirilməsi qeydə alınacaq və televiziya şirkətində istənilən vaxt yeni menecment təyin oluna bilər..

“Strasburq presedentsiz bir qərar qəbul edib və bu o deməkdir ki, Avropa Məhkəməsi söz azadlığı üçün ciddi təhdidlər görür”, – Strasburqa göndərilən iddianın müəllifi, “Rustavi-2”nin hüquqşünası Tamta Muradaşvili deyir.

Muradaşvilinin sözlərinə görə, işin mahiyyətinin araşdırılması və “Rustavi-2”nin qanuni sahibinin müəyyən edilməsi aylar və hətta illərlə sürə bilər.

Strasburqun Ali Məhkəmənin qərarının icrasını özünün yekun araşdırılmasına qədər dayandırıb-dayandırmayacağı martın 8-də məlum olacaq.

Özünün “Facebook”dakı rəsmi səhifəsində ABŞ səfirliyi media mühitində plüralizmin əhəmiyyətini vurğulayır:

“ABŞ “Rustavi-2”nin işi üzrə Ali Məhkəmənin qərarından narahatlığını bildirir, bu qərar ola bilsin, faktiki olaraq, televiziya yayımında müxalif səsləri məhdudlaşdıracaq. Mediada plüralizm Gürcüstanın demokratik inkişafı və onun Avro-atlantika meyləri üçün olduqca vacibdir.

Hökuməti Gürcüstanda media mühitinin azad, açıq və plüralist qalması üçün tədbir görməyə çağırırıq”.

“Rustavi-2” ilə bağlı iş həm də ABŞ Dövlət Departamentinin insan haqlarının müdafiəsinə həsr olunan illik hesabatına da daxil edilib. Sənəddə söhbət ondan gedir ki, “Rustavi-2”nin işində hakimiyyətin məhkəmə proseslərinə müdaxiləsi ilə bağlı bir sıra suallar var.

“Rustavi-2” mənim kanalımdır”

Martın 2-də Ali Məhkəmənin Böyük Palatası “Rustavi-2”nin işinə baxanda məhkəmə binasının qarşısında qələbəlik idi. Yüzlərlə insan “Rustavi-2”yə dəstək olmaq üçün bayraq və transparantlarla bura gəldilər.

Transparantlarda “Rustavi-2” mənimdir” yazılmışdı. Ali Məhkəmənin qərarını da insanlar fit və acıqlı sözlərlə qarşıladı.

Sonra insanlar televiziya şirkəti binasının qarşısına gəlib, bir neçə çadır qurub, oradaca gecələdilər. Deyirdilər ki, “Rustavi-2”ni qoruyurdular ki, birdən yeni sahiblər ofisə gəlməsin.

“Biz demokratiyanın məğlubiyyətinin şahidi olduq”, – xüsusi brifinqdə “Rustavi-2”nin direktoru Nika Qvamariya deyib.

Müxtəlif vaxtlarda keçirilən istisnasız bütün reytinqlərə əsasən, “Rustavi-2” Gürcüstanın ən populyar televiziya kanalıdır. Telekanal hakimiyyəti sərt tənqid etməyi ilə tanınır. Hakimiyyət  nümayəndələri tez-tez “Rustavi-2”ni “Milli hərəkat”ın partiya televiziyası adlandırır və onu keçmiş prezident Mixail Saakaşvilinin maraqlarına xidmət etməkdə ittiham edirlər.

Ali Məhkəmənin qərarının elan edilməsindən bir neçə saat sonra, növbəti fövqəladə brifinq zamanı tribunada tərəfdarlarının əhatəsində duran teleşirkətin direktoru Nika Qvamariya Kibar Xalvaşiyə “Rustavi-2”ni televiziya şirkətinin kollektivinin adına keçirməyi təklif edib.

Onun sözlərinə görə, əməkdaşlar lazım olan məbləği tapıb, televiziyanı ala biləcəklər.

“Başa düşürəm ki, çətin duruma düşmüsüz. Gürcüstanda eyni zamanda həm söz azadlığı, həm də və müstəqil məhkəmələri öldürmüsüz, sizə bu çıxılmaz vəziyyətdən çıxış yolu təklif edirəm”, – Qvamariya deyib.

Qvamariyanın sözlərinə görə, Ali Məhkəmənin qərarı o deməkdir ki, “Rustavi-2” ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin əlinə keçəcək.

Kibar Xalvaşi kimdir

Kibar Xalvaşi Qvamariyanın təklifi ilə razılaşmadı. Bu günlərdə dəvət aldığı bütün televiziya verilişlərində Xalvaşi sübut etməyə məcbur olub ki, hakimiyyətin maraqlarını qorumur, hakimiyyətin özü də onun arxasında dayanmayıb.

Xalvaşinin sözlərinə görə, o əksinə, “Rustavi-2”ni partiyanın təsirindən azad etmək və onu müstəqil mediaya çevirmək istəyir.

Xalvaşi bir neçə dəfə bildirib ki, onda olan məlumata görə, “Rustavi-2”nin işinin ətrafında ictimai etiraz Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və müxalif “Milli hərəkat” tərəfindən idarə olunur və telekanalın əməkdaşlarının mövqeyini ifadə etmir.

İş adamı Kibar Xalvaşi Ali Məhkəmədə işi udub və 2004-2006-cı illərdə “Rustavi-2” teleşirkətinin sahibi olub. O vaxtlar o, müdafiə naziri İrakli Okruaşvili ilə yaxın dost idi və prezident Saakaşvilinin etibarını qazanmışdı.

O vaxtlar teleşirkətdə işləyən jurnalistlər etiraf edirlər ki, o zaman “Rustavi-2”də senzura varıydı  və tez-tez Xalvaşinin özü tənqidi fikirlərin efirdə verilməsinə imkan vermirdi.

Okruaşvili müxalifətə keçəndən sonra, Xalvaşi Saakaşvili rejimi üçün arzuolunmaz şəxsə çevrildi.

Xalvaşi bildirir ki, məhz həmin dövrdə hakimiyyət onun biznesində ciddi problemlər yaratmağa başlayıb və “Rustavi-2”yə sahiblik payından imtina etməyə məcbur edib.

Amma digər bir tərəfdən Xalvaşinin 2004-cü ildə “Rustavi-2”yə sahib olması ilə bağlı məsələ də qaranlıq görünür. Teleşirkətin yaradıcıları və ilk sahibləri bildirir ki, 2004-cü ildə onları öz paylarını Kibar Xalvaşiyə satmağa məcbur ediblər.

“Rustavi-2”nin sərgüzəştləri

“Beynəlxalq şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatının məlumatına görə, 2004-2012-ci illərdə “Rustavi-2” teleşirkəti 20 dəfə sahiblərini dəyişib. Bu hallardan hər biri də dumanlı məsələlərlə bağlıdır və bu günə qədər də bir çox sualın cavabı yoxdur. Həmişə də “Rustavi-2” ətrafında baş verən sövdələşmələr bu və ya digər dərəcədə Saakaşvili hökuməti ilə bağlı olub.

“Rustavi-2”nin 23 illik tarixi ərzində bu teleşirkətin sahibləri şübhəli şəkildə dəyişdirilib. Bununla belə, bu dəfə Gürcüstan cəmiyyətində əksər insanlarda şübhə belə yoxdur ki, bu gün Xalvaşinin arxasında hakimiyyət dayanıb, kanalın siyasətinə sahibinin növbəti dəfə dəyişdirilməsi yolu ilə təsir etməyə çalışır, bununla da keçmiş Saakaşvili hökumətinin yolunu gedir.

Kibar Xalvaşinin hakim “Gürcü arzusu”na simpatiyası ən azı onun “Facebook” səhifəsindən görünür. Onun fotoalbomunda indiyə qədər də “Gürcü arzusu”nun seçkiqabağı bannerini görmək olar, 2012-ci il parlament seçkiləri ərəfəsində Xalvaşi həmin fotonu özünün profil şəkli etmişdir.

“Bu, şəxsi mübahisədir”

Gürcüstan hökumətinin nümayəndələri nə vaxtsa məhkəmə proseslərinə müdaxilə etdiklərini inkar edir və “Rustavi-2”nin işini konkret şəxslər arasında çəkişmə kimi nəzərdən keçirirlər.

Amma son vaxtlar Gürcüstanın media məkanında baş verən dramatik və radikal dəyişikliklər fonunda hakimiyyətin media plüralizminin heç bir təhdidlə qarşılanmadığı ilə bağlı sözləri inandırıcı səslənmir.

Bu yaxınlarda baş verən cəmi iki hadisə:

1.Bir qədər əvvəl Gürcüstanın başqa böyük kanalı olan İctimai Televiziyanın menecmentində hakimiyyətə yaxın insanlar işləməyə başlayıb. Onlar artıq bir neçə tənqidi verilişin dayandırılması barədə qərar qəbul ediblər.

İqtidaryönlü “İmedi” teleşirkəti bir vaxtlar müstəqil müxalif telekanal olan “Maetsro”ya sahiblik etməyə başlayıb. Sonra da bu konqlomerat İvanişvili ailəsinə məxsus GDS telekanalına daxil edilib.

Nəticədə Gürcüstan hakimiyyətinə müşahidəçilərə “Rustavi-2”nin işinə müdaxilə etmədiyini sübut etmək daha çətin olur. “Rustavi-2”nin işi ilə bağlı problemləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də görür.

“Qərb yönlü “Rustavi-2”nin yayımını dayandırmaqla biz Gürcüstanın demokratiyası və ölkənin beynəlxalq imicinə ciddi zərbə endirmiş olacağıq”, – deyə Giorgi Marqvelaşvili bildirib.

“Strasburq bizi xilas etmədi”

Media ekspertləri və qeyri-hökumət təşkilatlarının böyük hissəsi hesab edir ki, Ali Məhkəmənin çıxardığı qərar Gürcüstanın nüfuzuna xələl yetirə bilər.

“Bu gün Ali Məhkəmə Gürcüstanda məhkəmə hakimiyyətini ləğv edib, bundan sonra heç birimizdə bu ölkədə ədalətli məhkəmənin olmasına və lazım olan vaxt ona müraciət edə biləcəyimizə ümid qalmayıb. Hakimiyyət bu gün göstərdi ki, öz istəklərinin yerinə yetirilməsi, medianın sıxışdırılması üçün hər şeyə hazırdır”, – başqa jurnalistlərlə birlikdə həmrəyliyini nümayiş etdirmək üçün “Rustavi-2”nin ofisinin qarşısına gələn “Kavkasiya” teleşirkətinin jurnalisti Nino Canqiraşvili bildirib.

Demokratik prinsiplərin pozulmasından Gürcüstan prezidentinin mətbuat katibi Eka Mişveladze də danışıb.

“Ölkədə tənqidi və alternativ fikirlər səslənmirsə, deməli  demokratiya böyük təhlükə ilə üzləşib. Bu, mənim bir jurnalist, sizin həmkarınız kimi fikrimdir. Sadəcə həmişə azad və fərqli fikrin sıxışdırıldığı yerdə olmaya bilmirəm”.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatının rəhbəri Eka Qiqaurinin sözlərinə görə, Ali Məhkəmənin qərarı mülkiyyət hüququ ilə bağlı məsələləri alt-üst etdi.

“Əslində, qərar ona görə yolverilməzdir ki, onunla dövlət bir daha fərqli fikrin onun üçün qəbul edilməz olduğunu sübut edir. Bu qərarla mülkiyyət hüququ ilə bağlı məsələlər alt-üst olub. Burada olan insanlar azad media mühitini, məhkəmə sistemini və söz azadlığını qoruyurlar”

.

Qeyri-hökumət təşkilatlarının, müxalifətçi partiyaların nümayəndələri, jurnalistlər “Rustavi-2”yə dəstək olaraq, xüsusi petisiya imzalayıblar.


More on JAMnews