Niyə xərclənən pullar Gürcüstan məktəblərinin keyfiyyətində özünü göstərmir. “Beynəlxalq şəffaflıq - Gürcüstan”ın məktəb təhsili haqda yeni tədqiqatı " />

Gürcüstanda məktəblərə ayrılan maliyyə ildən-ilə artır, təhsil səviyyəsi isə yox

Niyə xərclənən pullar Gürcüstan məktəblərinin keyfiyyətində özünü göstərmir. “Beynəlxalq şəffaflıq - Gürcüstan”ın məktəb təhsili haqda yeni tədqiqatı

 

2013-cü ildə Makarta kəndində çəkilib. Foto: David Mdzinarişvili / REUTERS

Hakimiyyətin nəticəyə istiqamətlənmiş təhsil proqramı yoxdur, onlar köhnə metodlardan istifadə edirlər və sonucda Gürcüstanda məktəb təhsilinin keyfiyyəti ildən-ilə böhran həddinə qədər enir, – məktəb təhsilinə geniş tədqiqat həsr edən “Beynəlxalq Şəffaflıq – Gürcüstan” nüfuzlu qeyri-hökumət təşkilatı bu qənaətə gəlib.

Tədqiqatda qeyd olunur ki, bugünkü təhsil sistemi yalnız bütün şagirdlər üçün təhsilin əlçatımlı olmasına istiqamətlənib və bütün məktəblərə müvafiq vəsait ayrılır. Təhsil səviyyəsinin yüksəldilməsinə gəlincə, bu məsələ təhsil sistemi siyasətinin prioritetləri sırasına daxil deyil.

“Müvafiq olaraq, məktəb təhsilinə xərclənən bütün əlavə vəsaitlərin səmərəliliyi sual altındadır”, – tədqiqat yekununda bildirilir.

JAMnews tədqiqatın əsas nəticələrini ümumiləşdirib:

Pul xərclənir, nəticə isə yoxdur

2018-ci ildə dövlətin məktəb təhsilinə 2011-ci ilə nisbətən iki dəfə artıq vəsait xərcləməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Bu pullar faktiki olaraq havaya sovrulur, çünki Gürcüstanda məktəb təhsili səviyyəsi böhran həddində aşağı olaraq qalır və bunu həm beynəlxalq tədqiqatlar, həm də rəsmi statistika təsdiqləyir.

Məsələn, Şagirdlərin Dəyərləndirilməsi Beynəlxalq Proqramının (PISA) tədqiqatına əsasən, Gürcüstan məktəb təhsili səviyyəsinə görə, 72 ölkə arasında axırdan 11-ci yerdə qərarlaşıb, qlobal rəqabətə davamlılıq səviyyəsinə görə isə 137 ölkə arasında 106-cı yerdədir.

Dövlət statistikası da eyni mənzərəni cızır: 2016-2018-ci illərdə məktəblərdə buraxılış imtahanını şagirdlərin 77 faizi uğurla verib, halbuki 2011-2015-ci illərdə bu göstərici 84 faiz təşkil edirdi.

Məktəb təhsilinin keyfiyyət göstəricilərindən biri Gürcüstanda 2011-ci ildən həyata keçirilən buraxılış imtahanlarının nəticələridir. Bu imtahanın nəticələri isə göstərir ki, 2011-ci ildən etibarən vəziyyət pisləşib. Ən aşağı nəticələr fizika, riyaziyyat və xarici dil fənləri üzrə əldə edilib. Statistika: əgər 2011-2015-ci illərdə orta hesabla ildə 6,6 min şagird məktəb attestatı ala bilmirdisə, 2016-2018-ci illərdə bu göstərici yüksəlib və orta hesabla 13,5 min nəfərə çatıb.

Pedaqoq peşəsi qocalır, onların peşəkarlığı və maaşı aşağı səviyyədədir

Son 6 ildə Gürcüstanda pedaqoq peşəsi kifayət qədər qocalıb, gənclər bu peşəyə getdikcə daha az maraq göstərir. Statistika: 2012-ci illə müqayisədə 2017-ci ildə məktəblərdə 35 yaşa qədər müəllimlərin sayı 8 faiz daha az, 65 yaşdan yuxarı müəllimlərin sayı isə 5 faiz daha çox olub.

Gürcüstan məktəblərində təxminən 67 min pedaqoq dərs deyir. Onlardan 86 faizinin yaşı 36-dan yuxarıdır. Pedaqoqların 13 faizinin isə 65 və daha çox yaşı var. Müəllimlərin peşəkar səviyyəsi də aşağıdır: 2017-ci ildə Gürcüstanda ən yüksək ranqa – mentor-müəllim statusuna yalnız 9 nəfər, növbəti ranqa – aparıcı pedaqoq statusuna isə yalnız 257 nəfər sahib olub.

2017-ci il göstəricilərinə əsasən, pedaqoqların yalnız 30 faizi sertifikat imtahanı verib. 2010-2017-ci illərdə sertifikat imtahanlarında minimal həddi pedaqoqların yaınız 25 faizi keçə bilib. Ən aşağı nəticələri ibtidai sinif, fizika, informasiya texnologiyaları və riyaziyyat müəllimləri göstərib. Xatırladaq ki, gürcüstanlı şagirdlər ən pis nəticələri məhz bu fənlər – fizika, riyaziyyat və xarici dil – üzrə göstəriblər.

2011-2017-ci illərdə Gürcüstan məktəblərində müəllimlərin orta aylıq əməkhaqqı iki dəfə yüksələrək, 2017-ci ildə 548 lariyə çatıb. Amma bu maaş ölkənin digər iqtisadiyyat sahələrindəki mövcud orta nominal əməkhaqqıdan iki dəfə azdır.

İctimai və  özəl məktəblərdə əməkhaqqı arasında fərq yüksək deyil. Son məlumata əsasən, özəl məktəblərdə orta ayılq əməkhaqqı 631 lari təşkil edir.

Təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün dövlətin dəqiq və konkret siyasəti yoxdur

Məktəb təhsilinin maliyyələşdirilməsi və onun keyfiyyəti arasında bilavasitə əlaqənin yoxluğunun əsas səbəbi ölkədə keyfiyyətin yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinin olmamasıdır. Tədqiqatda          qeyd olunur ki, bunu Təhsil Nazirliyinin ümumi təhsil proqramı da təsdiqləyir. Məsələn, proqramda keyfiyyəti ölçmək üçün indikatorlar hazırlanmayıb. Yəni Təhsil Nazirliyi öz işinin nəticələrini ölçə bilmir, bu da onu göstərir ki, proqram keyfiyyətin yüksəldilməsinə istiqamətlənməyib.


More on JAMnews