Tbilisidə ilk turdaca keçmiş energetika naziri Kaxa Kaladze qələbə qazanıb" />

Gürcüstanda iqtidar partiyası yerli seçkilərdəki qələbəsini qeyd edir – həm də bütün ölkə üzrə

Tbilisidə ilk turdaca keçmiş energetika naziri Kaxa Kaladze qələbə qazanıb

Foto: Kaxa Kaladzenin rəsmi Facebook səhifəsindəndir

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər baş tutub. Bütün seçki məntəqələrində “Gürcü arzusu” iqtidar partiyası qələbə qazanıb.

Proporsional siyahılar üzrə səslər aşağıdakı kimi bölünüb:

“Gürcü arzusu” – 52%;

“Vahid Milli Hərəkat” – 17%;

“Avropa Gürcüstanı” – 9%;

“Vətənpərvərlər Alyansı” – 5%.

Əsas maraq Tbilisi merinin seçilməsinə cəmlənmişdi. Müşahidəçilərin çoxu paytaxtda ikinci turun olacağını proqnozlaşdırırdılar. Amma “Gürcü arzusu” iqtidar partiyasının namizədi Kaxa Kaladze birinci turdaca qələbə üçün lazım olan 51,6 faiz səs toplaya bilib.

İkinci yerə 17 faiz səs toplayan müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerə isə keçmiş iqtidar partiyasının – “Vahid Milli Hərəkatın” namizədi Zaal Udumaşvili çıxıb.

Dördüncü yer 7 faiz səs toplayan “Avropa Gürcüstanı” partiyasının namizədi Elene Xoştariyaya qalıb.

Mərkəzi Seçki Komissiyasının işinin yekunlaşması üçün son beş məntəqədəki səsləri saymağı qalıb. Amma ümumi mənzərəyə bunun əhəmiyyətli təsiri olmayacaq.

Bütün Gürcüstan üzrə seçicilərin fəallığı 45,6 faiz təşkil edib, yəni elektoratın yarısından da azı.

Energetika naziri, baş nazirin müavini Kaxa Kaladze keçmiş futbolçu, “Milan”ın keçmiş müdafiəçisidir, artıq beşinci ildir ki, siyasətdədir. 39 yaşlı Kaladze heç vaxt siyasi iddialarını gizlətməyib, hətta futbol oynadığı zamanlarda da.

Tbilisi meri hər üç ildən bir özünüidarə orqanlarına seçkilər zamanı birbaşa səsvermə ilə seçilir. Mer kürsüsünə birinci turda qələbə üçün 50 faiz plyus 1 səs toplamaq yetərlidir. əgər namizədlərdən heç biri bu nəticəni əldə edə bilməsə, ikinci tur təyin olunur. İkinci tur birincidən iki həftə sonra keçirilir.

Gürcüstanda ümumilikdə 3 milyon 500 min nəfər seçici qeydiyyata alınıb, onlardan 1 milyonu Tbilisidə yaşayır.


More on JAMnews