Gürcüstan prokurorluğunun məlumatına görə, 2017-ci ildə ailədaxili zorakılıq faktları üzrə 1986 cinayət işi qaldırılıb, bu da 2014-cü illə müqayisədə üç dəfə çoxdur. " />

Gürcüstanda ailədaxili zorakılığa görə cəza sərtləşdirilir

Gürcüstan prokurorluğunun məlumatına görə, 2017-ci ildə ailədaxili zorakılıq faktları üzrə 1986 cinayət işi qaldırılıb, bu da 2014-cü illə müqayisədə üç dəfə çoxdur.

Gürcüstanda ailədaxili zorakılığa görə cəza sərtləşdirilir. Ailədaxili zorakılıq faktı üzrə çağırıldıqda polis dərhal məhdudiyyət orderi təqdim etməli olacaq. Bundan başqa məişət zorakılığına görə istintaq altında olanlar silah daşımaq icazəsindən məhrum ediləcəklər.

“Qadınlara qarşı zorakılıq və/və ya ailədə zorakılığın qarşısnın alınması, zorakılıq qurbanlarının müdafiəsi və dəstəklənməsi haqda” qanuna müvafiq dəyişiklik edilməsi planlaşdırılıb.

Məhdudiyyət orderi müttəhimin bəzi imkanlarının məhdudlaşdırılması deməkdir, məsələn, ona qurbanın iş yerinin yerləşdiyi rayonda görünmək və ya yaşayış yerinə yaxınlaşmaq, telefonuna zəng vurmaq qadağan edilə bilər. Əgər bu qadağaların hansısa pozularsa, o zaman zərərçəkən tərəf bu haqda müvafiq orqanları xəbərdar etməlidir.

Qüvvədə olan qanunvericiliyə əsasən, məhdudlaşdırma orderinin verilməsi polis əməkdaşının vəzifə borcudur və o, orderi vəziyyətdən çıxış edərək öz qərarı ilə verir; yeni qanuna əsasən isə orderin verilməsi məcburi olacaq.

Qanunvericiliyin izahatında Baş Prokurorluğun 2017-ci ilə aid hesabatı misal olaraq gətirilir. Hesabat ailədaxili zorakılıq hallarının artdığına və polisə müraciətlərin çoxaldığına şahidlik edir.

2014-cü ilin statistikasına görə, ailədaxili zorakılıq faktı ilə bağlı 550, 2015-ci ildə 1066, 2016-cı ildə 1357, 2017-ci ildə isə 1986 cinayət işi qaldırılıb.

Qanun layihəsi Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb və hökumət onu baxılması üçün parlamentə təqdim edib. Qanunvericilik paketi ilə “BMT-qadınlar” təşkilatı tanış olub və onu müsbət dəyərləndirib. İstisna deyil ki, qanun layihəsi martın 21-də plenar iclas zamanı müzakirəyə çıxarılacaq.


More on JAMnews