Tbilisidə hesab edirlər ki, Moskva Abxaziya və Cənubi Osetiyanın ilhaqını davam etdirir" />

Gürcüstan XİN-i Rusiya və Cənubi Osetiya arasında hərbi əməkdaşlıq haqda sənədi qınayıb

Tbilisidə hesab edirlər ki, Moskva Abxaziya və Cənubi Osetiyanın ilhaqını davam etdirir

Gürcüstanın Xarici İşlər Nazirliyi RF Dövlət Dumasının Rusiya və Cənubi Osetiya arasında hərbi sazişi ratifikasiya etməsini qınayıb. Bu saziş Cənubi Osetiyanın ordu bölmələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olmasını təmin edir, civil.ge xəbər verir.

“Bu sənədin ratifikasiyası RF tərəfindən Abxaziya və Sxinvali regionunun faktiki ilhaqına yönəlmiş növbəti qanunsuz addımdır, bu da öz növbəsində təməl beynəlxalq hüquq normalarının və prinsiplərinin tam iqnor edilməsi deməkdir”, – Gürcüstan XİN-in yanvarın 24-də dərc olunan bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi vurğulayır ki, Moskva 2008-ci ildə bağlanmış atəşkəs haqda Sazişi pozmağa davam edir, öz üzərinə məsuliyyət götürməkdən və güc tətbiq etməmək haqda öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, məqsədyönlü şəkildə yerlərdə beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasına mane olur.

“Rusiya Federasiyası belə təxribatçı addımlarla münaqişənin sülh yolu ilə nizamlanmasına və Cenevrə beynəlxalq danışıqlar prosesində irəliləyiş əldə edilməsinə mane olmağa çalışır. Bundan başqa, Rusiyanın hərəkətləri Avropa təhlükəsizlik memarlığına zərbə vurur və bütün regionda vəziyyətin destabilləşməsinə yönəlib”, – bəyanatda deyilir.

Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq aləmi “Rusiyanın uzaqgedən təcavüzkar siyasətini lazımınca dəyərləndirməyə və Gürcüstanın işğal olunmuş ərazilərində qanunsuz proseslərin qarşısının alınması üçün effektiv tədbirlər görməyə” çağırıb.

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankovun ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi hərbi saziş 2017-ci il martın 31-də Moskvada imzalanıb. Sxinvali parlamenti sənədi 2017-ci il iyulun 12-də ratifikasiya edib. Sazişin məqsədi Cənubi Osetiya sakinlərinin Rusiya Silahlı Qüvvələrində, o cümlədən də tanınmamış respublikanın ərazisində yerləşən hərbi bazada hərbi xidmət keçməsi məsələsini nizamlamaqdan ibarətdir.

Sənəd Dövlət Dumasında yekdilliklə qəbul olunub və 411 deputat onun lehinə səs verib.

Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə biləcək və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews