Gürcüstan prezidentinin seçkiləri barədə hər şey. Əsas namizədlər kimdir? Qısaca

Qarşıdan gələn prezident seçkilərinin əsas intriqası və qəribəliyi ondadır ki, hakim partiya öz namizədini irəli sürmür

Prezident seçkilərinin tarixi məlumdur – 28 oktyabr, namizədlər artıq seçki kampaniyalarına başlayıb, hakim “Gürcü arzusu” partiyası isə onlardan hansını dəstəkləməklə bağlı hələlik heç bir qərar verməyib.

MSK hələ ki, namizədlərin qeydiyyatını başa çatdırmayıb, amma əsas namizədlər artıq məlumdur. JAMnews qarşıdan gələn Gürcüstanın prezident seçkiləri ilə bağlı nələri bilmək lazımdır haqda qısaca danışacaq.  

Sayca yeddinci prezident seçkiləri oktyabrın 28-də baş tutacaq. Əhali Gürcüstanın beşinci prezidentini seçəcək. İlk dəfə o, 6 il müddətinə seçiləcək. Buna qədər prezidentlik müddəti 5 il idi. Bu, son ümumxalq seçkiləri olacaq. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, gələcəkdə prezident birbaşa ümumi seçkilər nəticəsində deyil, seçicilər kollegiyası ilə seçiləcək.

Ölkənin yaşı 35-dən yuxarı olan istənilən vətəndaşı Gürcüstan prezidenti ola bilər. Eyni zamanda o, beş il ərzində və seçki gününə qədər fasiləsiz 3 il müddətində Gürcüstanda yaşamalıdır. Ancaq iki dəfə Gürcüstan prezidenti seçilmək olar.

Namizədlər

Mərkəzi Seçki Komissiyası prezident seçkilərdə iştirak üçün artıq 1 namizədi qeydiyyata alıb.

Fəaliyyətdə olan prezident Giorgi Marqvelaşvili hələ ki, ikinci müddətə namizədliyini irəli sürüb-sürməməklə bağlı qərar verməyib. Onun öz siyasi komandası yoxdur. 2013-cü ildə o, hakim “Gürcü arzusu” partiyasının namizədi və Bidzina İvanişvilinin favoriti olarkən prezident seçkilərində qalib gəlib. Amm tezliklə yolları ayrılır və İvanişvili prezidenti özünün “ən böyük məyusluğu” adlandırır. Hakim komanda isə son illərdə prezidentə opponentlik edir.

Giorgi Kvirikaşvili və Bidzina İvanişvili prezident seçkilərindəki qələbəni ümumi qələbə kimi dəyərləndirdilər. 27 oktyabr 2013-cü il. Foto REUTERS/David Mdzinarişvili

İndiki seçkilər Gürcüstan tarixində hakim partiyanın öz namizədini irəli sürmədiyi və çox güman ki, artıq irəli sürməyəcəyi ilk seçkilərdir. Bidzina İvanişvili bildirib ki, hakim komanda öz namizədini irəli sürməyi planlaşdırmır. Onun sözlərinə görə, hakimiyyət bu postu müxalifətə “verməyə” və ya müstəqil namizədlərdən birini dəstəkləməyə hazırdır.

“Hesab edirəm ki, hakim komanda öz namizədini irəli sürməməlidir… Fikrimcə, ölkənin demokratik inkişafı üçün bu, ən doğru variant olacaq. Partiya namizədləri bizdən dəstək almayacaq, amma layiqli müstəqil namizəd olduğu halda onu dəstəkləməyə hazırıq. Əks halda qələbə və prezidentlik institutu müxalifətə keçəcək”, – deyə Bidzina İvanişvili İctimai Televiziyaya bildirib.

“Gürcü arzusu”nun dəstəkləyəcəyi güman edilən müstəqil namizəd Salome Zurabişvilidir. Mixail Saakaşvilinin dövründə o, xarici işlər naziri olub, amma sonradan müxalifətə keçib və hakimiyyətin ən kəskin tənqidçilərindən birinə çevrilib. Zurabişvili gürcü emiqranları nəslindəndir, Fransada anadan olub, böyüyüb, gürcü dilində fransız ləhcəsi ilə danışır.

Gürcüstanda Salome Zurabişviliyə münasibət birmənalı deyil. Xüsusən də onun 2008–ci ilmüharibəsi ilə bağlı qiymətlərindən və bəyanatlarından sonra. Zurabişvili hesab edir ki, müharibəni Gürcüstan başlayıb və bunun əsas günahkarı Mixail Saakaşvilidir. Buna görə onu hətta “Gürcü arzusu”nun bəzi nümayəndələri tənqid edib.

Mixail Saakaşvilinin keçmiş hakim “Milli hərəkat” partiyası on xırda müxalif partiya ilə “Güc birlikdədir” adı altında seçkiqabağı koalisiya yaradaraq, namizəd kimi Qriqol Vaşadzeni irəli sürüb.

Vaşadze təcrübəli diplomatdır, Saakaşvilinin prezidentliyi dövründə o da Gürcüstan XİN-nə başçılıq edib (dekabr 2008 – oktyabr 2012). Onun diplomatik karyerası Rusiya ilə bağlıdır. O, uzun illər Moskvada yaşayıb və ancaq 2008-ci ildə Rusiya vətəndaşlığından imtina edib. Vaşadze prima-balerina Nino Ananiaşvilinin həyat yoldaşıdır.

“Avropa Gürcüstanı” (bu partiyanı 2016-cı ildə “Milli hərəkat”dan ayrılan, Saakaşvilinin keçmiş məsləkdaşları yaradıb) prezident seçkilərində iştirak üçün öz namizədləri David Bakradzeni irəli sürüb. Bakradze Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan parlamentinin spikeri olub. Bu siyasətçinin müxtəlif sosioloji sorğulara əsasən, çox yüksək etimad faizi var. 2013-cü ildə o, artıq “Milli hərəkat”dan irəli sürülərək, prezident seçkilərində iştirak edib. O vaxt 21,73 faiz səs toplayıb.

Prezidentliyə daha bir namizəd “Qirçi” (“Qoza”) siyasi hərəkatının lideri Zurab Caparidzedir. Hərəkat liberalist baxışlara əsaslanır və mütəmadi olaraq qaldırdığı əsas məsələ narkotiklərin dekriminallaşdırılmasıdır. Məhz bu təşkilatın iddiasını Konstitusiya Məhkəməsi qəbul edərək, marixuananın istifadəsinin leqallaşdırılması haqqında qərar qəbul edib.

Ənənəyə uyğun olaraq, prezident seçkilərində Leyborist Partiyasının lideri, 2008-ci ildən sonra bir dənə də olsun prezident seçkisini buraxmayan Şalva Natelaşvili iştirak edəcək.


More on JAMnews