Tbilisidə LGBT tərəfdarları və əleyhdarları toqquşub
Tbilisinin mərkəzində hökumət dəftərxanası binasının qarşısında LGBT fəallarının etiraz aksiyasında iştirak edənlər pravoslav fəallarla – birincilərə aksiya keçirməyə mane olmağa çalışan əks-aksiya iştirakçıları ilə toqquşublar. bir neçə nəfər polis tərəfindən saxlanılıb.
• Patriarxiyanın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı
• Şərh: Gürcüstanda kilsə və cəmiyyət – bu qədər diktə çox deyilmi?
LGBT fəalları və hüquq müdafiəçiləri Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığı hakimiyyətə müraciət edərək Tbilisidə iyunun 18-23-də LGBT-praydın keçirilməsinin qadağan olunmasını tələb edəndən sonra aksiya keçirmək qərarına gəliblər.
“Dövlət, sən hardasan?” şüarı altında keçirilən aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub. Amma özünüifadə azadlığının müdafiəsi tələbi ilə aksiyaya gələnləri əks-aksiya iştirakçıları qarşılayıb. Sonuncularınarasında mühafizəkar və anti-qərb baxışları ilə məşhur olan biznesmen Levan Vasadze, Pravoslav Valideynlər İttifaqının üzvləri, rahiblər və sağçı fəallar da olub
Levan Vasadze bəyan edib ki, LGBT fəallarına mitinq keçirməyə imkan verməyəcək:
“Biz Gürcüstanda əxlaqsızlıq bayramının keçirilməsinə imkan verə bilmərik deyə bura gəlmişik. Fərqi yoxdur, daha nə qədər səfir müdaxilə edəcək, cəmiyyətimizə hansı təzyiq göstəriləcək”, – Levan Vasadze deyib.
“Tbilisi praydın” təşkilatçılarından biri Nino Bolkvadze hökumətin birinci şəxslərini öz mövqelərini açıqlamağa çağırıb: “Qoy açıq desinlər, biz hüquqi, yoxsa teokratik dövlətdə yaşayırıq?”
LGBT fəallarının aksiyası polis kardonu tərəfindən mühasirəyə alınıb, aqressiv davranışına görə əks-aksiyanın 8 iştirakçısı saxlanılıb.
“Tbilisi praydın” təşkilatçılarından biri Georgi Tabaqari bildirib ki, hazırkı insidentə baxmayaraq, Prayd yenə də baş tutacaq.
“Biz ümid edirik ki, dövlət ucalığını göstərəcək, toplaşmaq və nümayiş keçirmək hüququnu müdafiə edəcək və zorakılığa qarşı bəyanala çıxış edəcək”, – Tabaqari deyib.
Axşam polis hadisə yerinə avtobuslar gətirib ki, LGBT fəallarını təhlükəsiz şəkildə evakuasiya etsin. Amma onlar bəyan ediblər ki, hakimiyyət nümayəndələri bəyanat verərək, öz mövqelərini açıqlamaylnca dağılışmaq niyyətində deyillər. Fəallar gecə saat birə yaxın dağılışıb, onlar polisin müşayiəti ilə hökumət administrasiyası önündəki ərazini tərk ediblər.
Patriarxlığın bəyanatı
Gürcüstan patriarxatı ölkə hakimiyyətini iyunun 18-23-ü tarixlərində Tbilisidə təşkili planlaşdırılan LGBT-praydın keçirilməsinə imkan verməməyə çağırıb.
– “LGBT cəmiyyətləri həyatda sodom günahı olan qaydalara riayət edirlər ki, bu da həm xristian dininə və istənilən ənənəvi dinə, həm də ümumi mənəvi dəyərlərə ziddir”, – Gürcüstan pravoslav kilsəsi tərəindən yayılmış bəyanatda deyilir.
– Patriarxat vurğulayır ki, “praydın təşkilatçıları işi elə qələmə verməyə cəhd edirlər ki, guya onlar diskriminasiya ilə qarşılaşır və buna qarşı mübarizə aparırlar, əslində isə onlar öz həyat tərzlərinin populyarlaşdırılmasına, təbliğinə və onun sonradan rəsmi qanuniləşdirilməsinə səy göstərirlər”.
– “Biz istənilən zorakılıqdan uzağıq, lakin bununla birlikdə gey-prayd adlandırılan tədbirin keçirilməsinin doğurduğu böyük təhlükə barədə bəyan edirik, buna görə də hakimiyyəti bu tədbirin keçirilməsinə yol verməməyə çağırırıq, belə ki, əvvəlcədən məlum olduğuna görə, o, ictimai hiddətə səbəb olacaq”, – partiarxatın bəyanatında bildirilir.
Gürcüstan pravoslav kilsəsi Gürcüstanda akkreditasiyadan keçmiş müxtəlif dövlətlərin diplomatik missiyalarını, beynəlxalq təşkilatları, ombudsmanı və digər institutları “həssas məsələlərdə Gürcüstan xalqına daha çox hörmət bəsləməyə və bizim ölkəmizdə bu cür təşəıbbüsləri dəstəkləməməyə” çağırır.
İlk reaksiya
“Patriarxatın 17 may 2013-cü il hadisələrinə görə öz günahını yüngülləşdirmək imkanı var idi (o zaman homofobiyaya qarşı aksiya ruhanilərin xeyir-duası ilə aqressiv möminlər tərəfindən dağıdılmışdı – JAMnews). Patriarxatın ixtiyarında 6 il vardı ki, baş verənləri dərk etsin və anlasın ki, nifrətin səpilməsi və təcavüzkarlığın dəstəklənməsi onun öz maraqlarına zərbə vurur. Lakin görünür, o, öz reytinqini və xalqın etimadını əbədi hesab edir. Lakin bu bitəcək, zülm heç zaman qalib gəlməyəcək!” – tədbirin təışkilatçılarından biri Giorgi Tabaqari özünün “Facebook” səhifəsində yazır.
Respublika partiyasının üzvü, keçmiş deputat Tamar Kordzaia daxili işlər nazirinə müraciət edib ki, payriarxatın bəyanatı nəzərə alınaraq, praydın iştirakçılarının müdafiəsi məqsədilə əməkdaşların gücləndirilmiş səfərbərliyi elan edilsin. “Son nəhayətdə, bu, hakimiyyətin şərəf məsələsidir – patriarxat ultimatumlar və hədə-qorxu dili ilə danışmamalıdır!” – Kordzaia yazır.
Bununla birlikdə, hakimiyyət “Tbilisi-prayd” yürüşünün təhlükəsizliyinə təminat vermir.
İyunun 18-23-ü tarixlərində Tbilisidə LGBT-praydın keçirilməsi planlaşdırılıb. Tədbiri “Tbilisi-prayd” təşkilatı hazırlayıb. Həftə çərçivəsində üç aksiya planlaşdırılır: sosial teatr, beynəlxalq konfrans və ləyaqət yürüşü.
Məhz ləyaqət yürüşü kilsənin və sağçı qruplaşmaların hiddətinə səbəb olub. Tədbirin təşkilatçıları son günlər ərzində bir neçə dəfə hədə-qorxu və xəbərdarlıq alıblar ki, onlara yürüşü keçirməyə imkan verməyəcəklər.
Təhlükəsizliyin təmin olunması üçün təşkilatçılar dəfələrlə Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüblər. Lakin buna baxmayaraq, mayın 31-də DİN nümayəndəsi bildirib ki, “Tbilisi prayd”ın planlaşdırdığı tədbirlər təşkilatçıların özləri və iştirakçıların təhlükəsizliyi baxımından risklidir. DİN “Tbilisi prayd” qrupuna təklif edib ki, “başqa özünüifadə formaları və tədbirlərin elə alternativ variantlarını axtarıb tapsın ki, bunlar iştirakçılar üçün daha təhlükəsiz olsun”.