“Əliyevlə bəhsə girib Gürcüstan vətəndaşlarına münasibətdə ayrıseçkilik aparırsız” – deputatın bəyanatına hüquq müdafiəçilərinin reaksiyası" />

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanda yaşayan gürcülərin hüquqları Gürcüstandakı azərbaycanlıların hüquqlarına bərabər olmalıdır”

“Əliyevlə bəhsə girib Gürcüstan vətəndaşlarına münasibətdə ayrıseçkilik aparırsız” – deputatın bəyanatına hüquq müdafiəçilərinin reaksiyası

Deputatlar Mariam Caşi və Zviad Kvaçantiradze

Parlamentin Təhsil və Mədəniyyət Komitəsinin sədri Mariam Caşi hesab edir ki, Azərbaycanda yaşayan etnik gürcülərin hüquqları Gürcüstanda yaşayan etnik azərbaycanlıların hüquqlarına bərabər olmalıdır.

Mariam Caşi Parlamentin Diaspora və Qafqaz məsələləri Komitəsinin Təhsil və Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi iclasdan sonra bu cür bəyanatla çıxış edib. Bu iki komitənin birgə iclası dünən parlamentdə baş tutub və Azərbaycanın Sainqilo bölgəsində gürcü diasporasının problemlərinə həsr olunub.

Mariam Caşinin bəyanatı geniş rezonans doğurub. Gürcüstanın ombudsmeni bunu “yanlış mesaj” adlandırıb, hüquq müdafiəçilərinin bir qismi isə ümumiyyətlə onun sözlərini ayrıseçkilik hesab edir.

_________________

“Azərbaycanda yaşayan gürcülərin hüquqları Gürcüstanda yaşayan azərbaycanlıların  hüquqlarına bərabər olmalıdır, həm təhsil, həm də digər sahələrdə”, – Mariam Caşi iki komitənin Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələlərin nəzərdən keçirildiyi birgə iclasını bu sözlərlə yekunlaşdırıb.

İclasda Azərbaycandakı gürcü diasporasını narahat edən bir neçə məsələ qaldırılıb. Bunların sırasında Azərbaycanda gürcü məktəbləri, gürcü dilinin öyrənilməsi imkanı, Qax rayonunda gürcü mədəniyyəti evinin bərpası və “gürcü əhalisinin milli kimliyinin qorunması” məsələləri yer alıb.

Deputatlar hesab edirlər ki, bütün bu məsələlər ikitərəfli əməkdaşlıq formatında nizamlana bilər.

Mariam Caşi bu cür problemləri Gürcüstandakı azərbaycanlı icmasının da yaşadığını inkar eləmir, amma onun fikrincə, bu cür problemlər ölkənin yüksək dağlıq ərazilərində yaşayan digər sakinləri üçün də aktualdır:

“Bir sıra amillər var ki, Gürcüstanın həm etnik azlıqları, həm də yüksək dağlıq ərazilərdə yaşayan gürcülər üçün problemdir”, – Caşi deyib.

İnformasiya vakuumu – Gürcüstan azərbaycanlıları niformasiyanı xarici telekanallardan alır

Parlament önündə aksiya: azərbaycanlılar erməni döyüşçünün abidəsinin demontajını tələb edirlər

Azərbaycan-Gürcüstan sərhədindəki minalar

 Oğurlanmış talelər

Deputat hesab edir ki, təhsil və digər sahələrdə Azərbaycanda yaşayan gürcülərin hüququnu Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları ilə bərabərləşdirmək gərəkdir.

“Əməkdaşlığa əsaslanan vahid yanaşma hazırlamaq lazımdır”, – Caşi bəyan edib.

Parlamentin Diaspora və Qafqaz Məsələləri üzrə Komitəsinin sədri Zviad Kvaçantiradze vurğulayıb ki, Azərbaycan Gürcüstanın strateji müttəfiqidir.

“Bu da Azərbaycanın gürcü əhalisinin problemlərinin mərhələli həllinin əsası olacaq. Eynən bizim Gürcüstan ərazisində yaşayan azərbaycanlıların bütün problemlərini həll etməyə çalışdığımız kimi”, – Kvaçantiradze deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə gürcüstanlı deputatlar gürcü diasporasının nümayəndələri ilə görüşmək üçün Azərbaycana səfər edəcəklər.

Rezonans

İqtidarda olan “Gürcü arzusu” partiyasını təmsil edən deputatların sözlərinə artıq hüquq müdafiəçiləri reaksiya verib. Onlar Gürcüstandakı azərbaycanlı icmasının problemlərinin Azərbaycandakı gürcü icmasının problemləri ilə “əlaqələndirilməsini” yanlış hesab edirlər.

Gürcüstanın ombudsmeni Nino Lomcariya Facebookda paylaşdığı statusda bildirib ki, Gürcüstan vətəndaşlarının etnik mənsubiyyətinə görə bölünməsi yolverilməzdir.

“Gürcüstanda yaşayan etnik azərbaycanlılar gürcülərlə eyni dərəcədə Gürcüstan vətəndaşlarıdır, etnik gürcülərlə və digər millətlərin nümayəndələri ilə bərabər hüquqlara malikdirlər”, – Nino Lomcariyanın bəyanatında deyilir.

O, bildirir ki, Gürcüstan vətəndaşlarının, o cümlədən də etnik azlıqların hüquqlarının qorunması Gürcüstan dövlətinin birbaşa vəzifəsidir və bu, “Azərbaycana və ya digər dövlətə nümayiş etdirmək, qarşılıqlı xeyir əldə etmək üçün həyata keçirilməməlidir, hətta əsaslı hədəflərə çatmaq üçün lazım olsa belə”.

“Sapari” təşkilatının təhbəri, hüquq müdafiəçisi Baia Pataraya daha radikal çıxış edərək, Mariam Caşinin bəyanatını “dövlət əleyhinə və bölücü” adlandırıb.

“Siz Gürcüstan vətəndaşlarını etnik əlamətinə görə bölməyə və onları xaricdəki gürcü diasporası ilə bərabər tutmağa necə cəsarət edə bilərsiz? Bu nə yanaşmadır belə?”, – Patariya Facebook-da yazıb.

O, Gürcüstandakı azərbaycanlı icmasının çoxsaylı problemlərinə diqqət çəkir və hesab edir ki, Gürcüstan dövlətinin qürur duya biləcəyi xüsusi bir şey yoxdur:

“Gürcüstan azərbaycanlıları üçün ümumiyyətlə nə edilib? O qədər illər ərzində gürcü dilini də düz-əməlli öyrədə bilməyiblər, nə uşaqlara, nə böyüklərə bircə dənə də olsun normal proqram təklif edilməyib… Seqreqasiya həyata keçirir və Əliyev hakimiyyəti ilə bəlli olmayan səbəblə bəhsə girirsiz. Əsrlərlə Gürcüstanda yaşayan insanlar üçün Əliyev narahat olmalı deyil, onların bir vətəni var – Gürcüstan!” – Pataraya yazıb.

_______________

• Gürcüstandakı azərbaycanlı icması etnik azlıqların ən böyüyüdür. Gürcüstanda 223 min azərbaycanlı yaşayır ki, bu da ölkə əhalisinin 6 faizini təşkil edir (2014-cü il siyahıyaalma nəticələrinə əsasən). Onların böyük hissəsi Gürcüstanın şərq regionunda – Kvemo-Kartlidə məskunlaşıb.

Kvemo-Kartli Gürcüstanın iqtisadi cəhətdən ən güclü regionlarından biridir. Yerli əhali kənd təsərrüfatı ilə məşğul olur, meyvə və tərəvəz yetişdirir. Burada maldarlıq da inkişaf edib.

Regionun əsas problemlərindən biri yerli əhalinin dövlət dilini pis bilməsidir. Əhalinin böyük hissəsi gürcü dilində danışmır, bu da onların inteqrasiyasını, ölkənin müxtəlif institutlarında işlə təmin olunmalaırını çətinləşdirir.

• “Sainqilo” hazırda Azərbaycanın tərkibinə daxil olan feodal Gürcüstanın tarixi vilayətidir. Coğrafi olaraq Gürcüstanın Kaxeti regionunun şimal-şərqi ilə sərhəddə yerləşir.

Sainqiloya Balakən, Zaqatala və Qax rayonları daxildir. “Sainqilo” termini də qədimdir. Bu yerlərdə müsəlmanlığı qəbul etmiş gürcülər məskunlaşıb. 2014-cü il məlumatına əsasən, Azərbaycanda 14 min 877 nəfər etnik gürcü yaşayır. Onların böyük əksəriyyəti Azərbaycanın şimal-qərbində, Sainqloda: Qaxda 7450, Balakəndə 1731, Zaqatalada 3071 nəfər məskunlaşıb.

Azərbaycanda altı gürcü məktəbi, Azərbaycan məktəblərində altı gürcü sektoru fəaliyyət göstərir. Onların hamısı Sainqiloda yerləşir. Sainqiloda yaşayan gürcülərin əksəriyyəti gürcü dilini qoruyub saxlayıb.

Facebook Comments

More on JAMnews