Zurab Djişkariani niyə üstündə abxaz bayrağı olan köynək geyindiyini izah edib " />

Gürcü yazıçı: qisas hissi bizə abxazlarda insan görməyə mane olur

Zurab Djişkariani niyə üstündə abxaz bayrağı olan köynək geyindiyini izah edib

Kütləvi tədbirə üstündə abxaz bayrağı olan köynəkdə gəldiyinə görə tənqid atəşinə tutulan gürcü yazıçısı Zurab Djişkariani “Tabula” onlayn nəşrinə müsahibə verib. O, öz motivləri barədə danışıb və Gürcüstan-Abxaziya münaqişəsinə öz baxışları ilə bölüşüb.

«Müharibədən sülhü üstün tuturam, özüm ömrüm boyu müharibədəyəm», – Djişkariani deyib. Onun sözlərinə görə, gürcülər və abxazlar çıxılmaz vəziyyətdədir və hər iki tərəf nədəsə güzəştə getməsə, bu vəziyyətdən çıxmaq mümkün olmayacaq.

«Onlar (abxazlar) qapanıb, Rusiyanın ətrafına fırlanırlar, çölə çıxışları yoxdur. Yeganə çıxışları Gürcüstana tərəf ola bilər. Bizdə uzun illərdir ki, eyni siyasət yürüdülür – biz ya ora girib, abxazları müharibə ilə qaytarmaq istəyirik ki, bu da kökündən yanlışdır, ya da digər tərəf bildirdiyi kimi, biz ora sülh ilə girməliyik. Amma necə – buna cavabları yoxdur. Düşünürəm ki, biz top götürüb, Rusiyanın deyil, öz meydanımızda oynamalıyıq. İnanıram ki, sonda xalqın, azad insanların iradəsi böyük dövlətlərin iradəsindən daha çox şey deməkdir», – deyə Djişkarianı bildirib.

Onun sözlərinə görə, gürcülərin “abxazların var olduğunu” görmək zamanıdır. Bu isə o deməkdir ki, hər iki tərəf qarşıdurma və qurbanları unutmalı, münasibətlərin yeni mərhələsinə qədəm qoymalıdır.

«Bir dəfə həm bu, həm də o tərəfdən döyüşən hər kəsin xatirəsini yad etməliyik. Onlar ola bilsik ki, səhv ideyalar uğrunda vuruşub. Amma onlar bu ideyalara inanıb. Buna görə də biz öz, onlar da öz qurbanlarını unutmalıdır. Unutmaq, zibilə atmaq demək deyil. Bu o deməkdir ki, biz deməliyik: bu, baş verib, biz irəli getməliyik. Bilirəm, ən çətini həmin vaxt axıdılan qanı unutmaqdır. Amma “qana görə qan” prinsipi ilə bu problem heç vaxt həll olunmayacaq. İntiqam hissi bizim gözümüzü yumur və abxazları insan kimi qəbul etməyə mane olur. Bəli, mən qarşı tərəfdən tanışlarımı və qohumlarımı salamlayıram və eyni şeyləri də onlardan gözləyirəm», – Djişkariani deyib.

İyunun 27-də çəkilən fotoda İliya universitetinin ədəbiyyat müsabiqəsinin qaliblərindən biri olan Djişkarianinin əynində abxaz bayrağı olan köynək var. Gürcüstanda ictimaiyyətin bir hissəsi bunu qəzəblə qarşıladı. Djişkariani də dərhal izah etdi ki, bu köynək abxaz dostlarının hədiyyəsidir və onu tez-tez geyinir, Abxaziyadakı dostları isə Gürcüstan bayrağı olan köynəklər geyinir. Amma bu, tənqidçiləri qane etmədi. Sosial şəbəkə istifadəçiləri yazırdı:

«Tezliklə də yəqin biz Abxaziya və qondarma Cənubi Osetiyanı ayrıca dövlət kimi tanıyacağıq».

«İliya universitetinin – liberalizmin əsas inkubatorunun mühazirəçiləri hər yerdə Rusiya təbliğatı görür. Özləri isə həmrəylik adına Rusiyanın separatçı Abxaziyasının köynəyini geyinir».

«Abxazlar bizə nifrət edir, deməyin ki, bu belə deyil. Bu günkü gün baxımından, onların fundamental nifrəti fonunda onlara tərəf dost əlinin uzadılmasını böyük səfehlik hesab edirəm”.  

«Köynəyinizdən xoşu gəlməyən adamları abxazların qanına susamaqda günahlandırmaq sizin tərəfdən vicdansızlıqdır. Abxaziyanın qaytarılması ilə bağlı gördüyüm yeganə ssenari sülh yoludur. Ancaq onlarla bilrlikdə Abxaziyada yaşamağı təsəvvür edə bilirəm, istənilən başqa variantı da yolverilməz sayıram. Amma bu bayraq separatçı Abxaziyanın simvoludur”.

Bununla belə, yazıçını dəstəkləyən istifadəçilər də tapıldı:

“Məhz buna görə də bu müharibəni anlamaq və bitirmək, səhifəni çevirmək mümkün deyil – heç kim münaqişəyə başqa rakursdan, başqa perspektivdən baxmaq, milliyətçiliyə əsaslanmayan başqa fikri dinləmək istəmir. Müharibə hələ qurtarmayıb, yəqin ki, qarşılıqlı nifrəti unutmaq üçün hələ çox vaxt lazım olacaq”.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır


More on JAMnews