Patriarxlıq telekanala boykot elan edib və hakimiyyətdən inanclıların hisslərinin təhqir olunması haqda qanunun qəbulunu istəyib" />

Gürcü keşiş jurnalisti lənətləyib

Patriarxlıq telekanala boykot elan edib və hakimiyyətdən inanclıların hisslərinin təhqir olunması haqda qanunun qəbulunu istəyib

Gürcüstan Patriarxlığı din xadimlərini və “kilsəni dəyərləndirən” hər kəsi “Rustavi-2” telekanalına müsahibə verməkdən və kanalın bütün verilişlərində iştirakdan imtina etməyə çağırıb.

Müvafiq bəyanat patriarxlığın rəsmi saytında mayın 24-də dərc olunub. Patriarxlığın zərbəsi “Rustavi-2” telekanalında jurnalist Giorgi Qabuniyanın apardığı “Arçevani” (“Seçim”) verilişinə  yönəlib.

Patriarxlıq hesab edir ki, Qabuniya efirə “Kafir” süjeti ilə çıxmaqla inanclı insanların hisslərini təhqir edib. “Arçevani” verilişinin son buraxılışı azadlıq mövzusuna həsr olunub. Studiyada toplaşan qonaqlar hökumətin son təşəbbüsünü müzakirə ediblər. Bu təşəbbüsə əsasən dini və ya digər hisslərin təhqir olunmasına görə məhkəməyə müraciət etmək mümkün olacaq. Məsələn, yazıçıya, rəssama və s. qarşı.

Cəmiyyətin böyük hissəsi bu təşəbbüsü senzura tətbiqi və özünü ifadə azadlığının məhdudlaşdırılması cəhdi kimi qiymətləndirib. Verilişdə Qabuniya gürcü rəssam Liya Uklebanın “Müqəddəs Məryəmin intiharı” – hamilə Məryəm oyuncaq tapançanı gicgahına dirəyib – qalmaqallı rəsmindən istifadə edib.  

Liya Uklebanın “Müqəddəs Məryəmin intiharı” əsəri

Uklebanın bu əsəri dəfələrlə patriarxlığın və cəmiyyətin mühafizəkar qövmünün sərt tənqidinə məruz qalıb. Televiziya verilişinin iştirakçıları qeyd ediblər ki, yeni qanunun qəbul olunması təqdirində məhkəmə  Uklebanın bu rəsmini sadəcə qadağan edə bilər.

Verilişin əvvəlində Qabuniya qonaqlara bildirib ki, rəsmdə Mərqəmin əlindəki oyuncaq tapançadır,  buna görə də intihar edə bilməyəcək və nəticədə İsanı dünyaya gətirmiş olacaq.

Jurnalistin bu sözləri nüfuzlu din xadimi Urbnis mitropoliti müqəddəs İobun qəzəbinə səbəb olub.  Moizə zamanı o, jurnalisti lənətləyib və onu “iblisin qulu” adlandırıb.

“Bu adam yalnız jurnalistikadan yox, ümumiyyətlə Gürcüstandan rədd olmalıdır!.. Mən onu lənətləyirəm, o tövbə etməyəcək, çünki birbaşa iblisin quludur”, – müqəddəs İob bəyan edib.

Moizə zamanı o, həmçinin bildirib ki, “bütünlüklə “Rustavi-2” telekanalını ləğv eləmək lazımdır”, çünki oradan “insanların üzərinə zəhər axır”.

Patriarxlığın mövqeyi

Müqəddəs İobun moizəsinin ardınca patriarxlığın bəyanatı yayılıb.

“İlk növbədə biz ruhanilər birliyini “Rustavi-2” telekanalı ilə istənilən ünsiyyətdən çəkinməyə, onlara müsahibə verməməyə və bu telekanalın istənilən verilişində iştirak etməməyə çağırırıq. Bu yanaşmanın kilsəni və bizim dəyərlərimizi əziz tutan hər kəs üçün keçərli olması arzuolunandır”, – patriarxlığın bəyanatında deyilir.

Patriarxlıq hesab edir ki, müəyyən qüvvələr məqsədyönlü şəkildə kilsə ilə mübarizə aparır, onu azad fikir ifadəsinin rəqibi və rusiyayönlü qüvvə kimi təqdim etməyə çalışır. Bu kampaniyanın ön cərgəsində isə “Rustavi-2” telekanalı dayanır.

“Kilsə – Tanrının evidir, o siyasətlə bağlı ola bilməz, rusiyayönlü və ya qərbyönlü ola bilməz”, – bəyanatda deyilir.

Ruhanilər birliyi hakimiyyəti cəld və səmərəli addımlar atmağa, hüquqi və digər mexanizmlərlə cəmiyyəti qorumağa, o cümlədən də qarşısı alına bilməyən proseslərə rəvac verməmək üçün müvafiq siyasət yürütməyə çağırıb.

“Rustavi-2” telekanalının cavabı

“Rustavi-2” telekanalının baş direktoru Nika Qvaramiya bildirib ki, patriarxlığın mövqeyi “retroqrad idarəçilik” tərəfindən hazırlanıb və patriarx İkinci İliya baş verənlərin fərqində deyil.

“Müqəddəs İobun hərəkətləri və patriarxlığın bəyanatı mümkün qisasçılıqla bağlı narahatlığı ağırlaşdırır… İndən belə “Rustavi-2” telekanalının əməkdaşlarına, o cümlədən də Giorgi Qabuniyaya qarşı mümkün zorakı hərəkətlərə görə məsuliyyət Gürcüstan patriarxlığının üzərinə düşür”, – Qvaramiya bildirib.

Onun sözlərinə görə, “patriarxlıq ölkənin inkişafına, Gürcüstan kilsənin inkişafına, Gürcüstanın avroatlantik inkişafına mane olan qaranlıq, rusiyayönlü qüvvələr üçün sığınacağa çevrilib”. O vurğulayıb ki, “Gürcüstan kilsəsi heç vaxt Gürcüstanın düşməni Vladimir Putini lənətləməyib, əvəzində isə “Rustavi-2”-ni lənətləyir”.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri də patriarxlığın bəyanatını azad özünüifadə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirirlər.

“Onların Gürcüstan siyasətinə adətən ciddi təsir göstərən tələbləri Konstitusiya ilə müdafiə olunan məsələlərin nizamlamalarının təsis edilməsi ilə bağlı olur. Bu, azad özünüifadədir. Əlbəttə ki, ən iri və nüfuzlu institutlardan biri kimi patriarxlığın tənqid qarşısında müəyyən qorxusu var. Buna görə də patriarxlıq özünü ondan qorumağa çalışır, amma sözə sözlə, fikrə fikirlə yox, sükutun təsdiqlənməsi ilə”, – “Rustavi-2” telekanalına müsahibəsində “Gürcüstanın Demokratik Təşəbbüsü” qeyri-hökumət təşkilatının sədri Giorgi Mşvenieradze deyib.

Patriarxlıq ilk dəfə deyil ki, jurnalist Giorgi Qabuniyanı inanclı insanların hislərini təhqir etməkdə günahlandırır. Martda jurnalist Qabuniya Açara və Quriyadan əsrlik ağacların milyarder Bidzina İvanişvilinin dendro-parkına köçürülməsi haqda süjetdə bəyan etmişdi ki, “İsa Məsih iki min il əvvəl öz moizələri üçün İsraili seçməkdə yanılıb, o gərək Açaranı seçəydi – burda onu çarmıxa çəkə bilməyəçəkdilər, çünki bu regionda xaç düzəltmək üçün ağac tapılmayacaqdı”. Bu ifadə yalnız patriarxlığın qəzəbinə yox, həm də “Gürcü marşı” neonasist təşkilatının nümayəndələrinin aksiya keçirməsinə səbəb olub. Onlar “Rustavi-2” telekanalının qarşısında toplaşıb, Qabuniyanın içində olduğu maşının yolunu kəsiblər və başqa bir jurnalisti döyüblər.


More on JAMnews