“Yeni Konstitusiya müvəqqətidir, o ancaq “Gürcü arzusu” hakimiyyətdə olduğu müddətdə mövcud olacaq”, - ekspertlər deyir. " />

“Gürcü arzusu”nun konstitusiyası

“Yeni Konstitusiya müvəqqətidir, o ancaq “Gürcü arzusu” hakimiyyətdə olduğu müddətdə mövcud olacaq”, - ekspertlər deyir.


Foto: “Gürcü arzusu”nun tərəfdarları parlament seçkilərindən sonra. 08.10.2016. REUTERS/David Mdzinarişvili

Doqquzuncu çağırışda parlament payız sessiyasında konstitusiya düzəlişləri layihəsini səsverməyə çıxaracaq, nəticədə də Gürcüstanın yeni konstitusiyası olacaq. Layihə artıq iki dinləmədə təsdiq edilib. Bu mübahisəli sənədə əsaslı dəyişikliklərin daxil edilə biləcəyini artıq heç kim gözləmir.  

“Bu, tarixi bir qərardır, – parlament sədri İrakli Kobaxidze deyir, – biz həddən artıq qeyri-mükəmməl konstitusiyanı müasir, Avropa tipli konstitusiyaya dəyişirik”.

Yeni Konstitusiyada həqiqətən də bir çox dövlətlərin qürurlana biləcəyi çox sayda dəyişikliklər var. Misal üçün, keçid maddələrində qeyd olunub ki, konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqı və Şimali Atlantika Alyansına inteqrasiyasını təmin etmək üçün əllərindən gələni etməlidirlər.

Konstitusiyada yer alan bir qeydə əsasən, internetin azad istifadəsi insanın zəmanət olunmuş konstitusiya hüququdur. Necə ki, misal üçün, ədalətli məhkəmə hüququ.

Həm də vətəndaşların keyfiyyətli tibbi xidmət haqqı da zəmanətli təmin olunacaq.  

Bundan əlavə, prinsipcə xüsusi mübahisə yaratmayan digər dəyişikliklər də var. Misal üçün, deputatlığa namizəd üçün minimal yaş 21 yaşdan 25 yaşa qədər, prezidentliyə namizəd üçün isə 35 yaşdan 40 yaşa qədər  artıb.

Konstitusiya layihəsində həm də qeyd edilməyib ki, o Kutaisidə olmalıdır (Kutaisi Tbilisi ilə birlikdə Mixail Saakaşvilinin hakimiyyəti dövründə parlament şəhəri elan edilmişdi).

Müxalifətin bildirdiyinə görə, bu, siyasi debatlarda hakimiyyətin xeyli daha əhəmiyyətli əsaslı dəyişikliklərdən diqqəti ayırmaq üçün arqument kimi istifadə etdiyi xırda şeylərdi.  

Hakimiyyət və siyasi partiyaların razılığa gələ bilmədiyi və Venesiya Komissiyasının tənqid etdiyi əsas məsələ parlament seçkilərinin keçirilməsi və prezidentin seçilməsi forması və qaydalarıdır.  

Seçki sistemi

Bu gün Gürcüstanda qarışıq seçki sistemi işləyir: parlamentdə 150 yer var, 77 deputat proporsional sistem, 73 nəfər majoritar sistem üzrə seçilir.

Siyasi partiyalar və qeyri-hökumət təşkilatları hesab edir ki, bu cür sistem rəqabətli seçki mühitinin yaranmasına xidmət etmir, çox vaxt da əslində parlamentdə işi olmayan qüvvələrin xeyrinə işləyir. Bu, son seçkilərdə də təsdiq olunub: hakim “Gürcü arzusu”nu seçicilərin yarısı belə dəstəkləməyib (partiya 48% toplayıb), amma majoritar deputatların sayəsində partiya konstitusion çoxluq əldə edib və 150 deputat mandatından 115-ni alıb.  

Siyasi partiyalar və QHT-lər artıq çoxdandır ki, majoritar seçkilərin ləğvini tələb edir və proporsional sistemə tam keçidi tələb edirlər. Bunu “Gürcü arzusu” müxalifətdə olduğu vaxt da tələb edib, halbuki hakimiyyətə gələndən sonra həmin məsələyə yanaşmanı dəyişib. Təcrübə bunu deyir ki, hakim siyasi qüvvəni majoritar seçkilər tam da qane edir: majoritar seçkilərdə bir qayda olaraq, inzibati resursdan istifadə olunmaqla, hakimiyyətdən olan namizədlər qalib gəlir və deputat mandatları məhz hakim partiyanın xeyrinə paylanır.

Gürcüstanın qüvvədə olan Konstitusiyası 24 avqust 1995-ci ildə qəbul edilib. 33 dəfə dəyişdirilib. Daha çox sayda dəyişiklik 2004-2010-cu illər arası dövr ərzində, Mixail Saakaşvilinin hakimiyyəti dövründə olub. 2004-cü ildə Konstitusiyaya baş nazir vəzifəsi haqda qeydlər daxil edilib. Hakimlərin minimal yaş həddi 28, deputatların isə 21 yaşa qədər azaldılıb. 2010-cu ildə prezidentin səlahiyyətləri azaldılıb, əvəzində isə hökumət və parlamentin rolu gücləndirilib, parlamentin  özü isə Tbilisidən Kutaisiyə köçürülüb.

“Gürcü arzusu” majoritar seçki sisteminin ədalətsizliyini qəbul edir, amma onu ləğv etməyə də tələsmir – 2020-ci ildə baş tutacaq parlament seçkilərini “Gürcü arzusu” qarışıq sistemlə keçirməyə hazırdır. Yeni Konstitusiyaya əsasən, majoritar sistem yalnız 2024-cü ildə ləğv ediləcək.

Siyasi müxalifət və vətəndaş cəmiyyətinin “Gürcü arzusu” tərəfindən təklif olunan proporsional seçki sistemindən xoşu gəlmir:   

Yeni Konstitusiya siyasi partiyalara seçki qabağı bloklarda birləşməyi qadağan edir. Özü də o halda ki, 5 faizlik keçid baryeri dəyişməz olaraq qalır. Bundan əlavə, seçki baryerini keçməyən partiyalar tərəfindən toplanan səslər ancaq birinci yeri tutan partiyalara tam şəkildə keçir.  

Müxalifət onu da qeyd edir ki, indiki proporsional seçki sistemi ən azı ona görə ədalətsizdir ki, kiçik partiyalara parlamentdə təmsil olunmaq üçün azacıq da olsa şans vermir.

Venesiya Komissiyası iyunun 16-da açıqladığı rəydə proporsional seçki sisteminə tam keçidi alqışlayır və bunu irəliyə atılan addım adlandırır, amma 5 faizlik baryer, uduzan partiyaların səslərinin yalnız bir qalibə verilməsi, blokların yaradılması ilə bağlı qadağa bu cür sistemin fəaliyyətini əməlli-başlı zəiflədəcək.  

Prezident

Yeni konstitusiyaya əsasən, prezident seçkiləri haqqında qanun da dəyişilir.  

Gürcüstanda prezident seçkiləri 2018-ci ilin payızında baş tutmalıdır. Bu, tarixi seçkilər olacaq, çünki bu, son birbaşa, yəni prezidentin ölkə əhalisi tərəfindən seçildiyi seçkilərdir. Onun səlahiyyətləri istisna olaraq bir il uzadılacaq və 6 il təşkil edəcək. Artıq 2024-cü ildə Gürcüstan sakinləri prezidenti seçmək hüququndan məhrum olacaqlar, bununla seçicilər kollegiyası məşğul olacaq. Kollegiyaya 300 nəfər daxil olacaq: 150 parlament üzvü, Abxaziya və Cənubi Osetiya Ali Şuralarının hərəsindən 13 nümayəndə, 124 özünüidarəetmə orqanı nümayəndəsi.   

Birbaşa prezident seçkilərinin ləğvini hakimiyyət Gürcüstanın parlament idarəçiliyi modelinə keçidlə izah edir, parlament respublikalarında isə prezident məhz birbaşa olmayan seçkilərlə seçilir.  

Amma hakimiyyətin bu addımında da müxalifət ikili standartların olduğunu qeyd edir, çünki prezidentin birbaşa olmayan səsvermə ilə seçildiyi dövlətlərdə parlament çoxpartiyalı olur. “Gürcü arzusu” tərəfindən təklif olunan konstitusiya isə parlamentə çoxpartiyalı olmaq şansı saxlamır”,  – müxalif Respublika partiyasının siyasi katibi Tamar Kordzaya deyir. Onun sözlərinə görə, “Gürcü arzusu” seçki sistemini elə təşkil edib ki, onun təkcə qarşıdan gələn parlament seçkilərində deyil, gələcəkdə də konstitusion çoxluğu olacaq.

“Seçicilər kollegiyasına kimlərin daxil olacağına diqqət yetirin: çoxluğun hakim partiyada olduğu parlament deputatları, əksəriyyəti yenə də “Gürcü arzusu”ndan olduğu yerli özünüidarəetmə orqanlarının nümayəndələri. Biz bir partiya tərəfindən təyin olunan prezident əldə edirik, o da bu partiyaya tabe olacaq”, – Kordzaya deyir.

Ailə

Konstitusiyada ailənin yeni tərifi təsbit olunacaq. Əgər qüvvədə olan Konstitusiyada deyilirsə ki, “nikah bərabərhüquqlu insanların könüllü ittifaqıdır”, yeni Konstitusiyada dəqiqləşdirilir ki, “nikah kişi ilə qadının ailə qurmaq məqsədilə bağlanan könüllü bərabərhüquqlu ittifaqıdır”.

Hüquq müdafiəçiləri hesab edir ki, yeni tərif ayrı seçkilik yaradır, çünki evli olmayan insanlar və onların övladları ailə sayılmayacaq.

Bu maddə ilə bağlı Venesiya Komissiyasının da iradları var. Komissiyanın rəyində qeyd edilir ki, konstitusiya heç bir şəkildə nikahı qadınla kişi arasında ittifaq kimi müəyyən etməməlidir: “Gürcüstan Avropa Şurasına üzvdür və deməli eyni cinsə aid partnyorları hüquqi cəhətdən tanımalıdır”.   

Legitimləşdirmə problemi

Hakimiyyət konstitusiya layihəsinin müzakirəsi prosesində müxalifətin əsas iradlarını və tələblərini demək olar ki, tamamilə iqnor edib. Bu, ölkənin Əsas qanunu üçün daha ciddi bir problem yaradır.

“Biz elə bir konstitusiya layihəsi almışıq ki, onun qəbulu ilə heç bir siyasi qüvvə razı deyil və deməli ona etimadın dərəcəsi də xeyli aşağı olacaq”, – Şota Rustaveli adına Batumi Universitetinin professoru, hüquqşünas Malxaz Nakaşidze deyir.  

Onun sözlərinə görə, bir partiyanın digərləri üzərində üstünlüyünü müəyyən edən, yalnız bir siyasi komandanın baxışlarını özündə əks etdirən konstitusiyaya etimad dərəcəsi yüksək ola bilməz:

“Məhz buna görə də Gürcüstanda hakim partiya hakimiyyətə gələn kimi, dərhal konstitusiyanı dəyişməyə can atır. Təəssüf ki, bu düzəlişlər heç vaxt konsensus və razılıq üzərində qurulmayıb”.

Baxmayaraq ki, heç kim hakimiyyətin seçki sistemi kimi prinsipial məsələdə güzəştə gedəcəyini gözləmir, müxalifət yenə də dialoqu davam etdirməyi və mübahisəli sənədi təcili qaydada qəbul etməməyi təklif edir. Eyni şeyləri Venesiya Komissiyası da xahiş edir. Bununla belə, hakim komanda konstitusiyanı yerli özünüidarəetmə orqanlarına seçkilərə qədər qəbul etmək niyyətindədir (seçkilər Gürcüstanda oktyabrın 21-də keçiriləcək). Ekspertlərin fikrincə, bu seçkilərə qədər konstitusiyanın qəbulu ilə hakimiyyət seçicilərə öz gücünü nümayiş etdirməyə çalışır.  

Bundan əlavə, hakim komanda o qədər tələsir ki, Venesiya Komissiyasının oktyabrın 6-da açıqlanmalı olan yekun rəyini gözləməyə də tələsmir, buna görə də “Gürcü arzusu” komissiyaya rəyin ilkin versiyasını təqdim etmək xahişi ilə müraciət edib.

“Onlara məlumdur ki, üçüncü dinləmələri və səsverməni biz oktyabrın axırlarında keçirmək niyyətindəyik. Hakimiyyət reqlament çərçivəsində hərəkət edir. Biz gözləmirik ki, Venesiya Komissiyasının rəyi mənfi olacaq”, – parlament sədrinin birinci müavini Tamar Çuqoşvili deyir.

Konstitusionalistlərin rəyi belədir: kifayət qədər legitimliyi olmayan konstitusiya ancaq “Gürcü arzusu” hakimiyyətdə olduğu müddətdə mövcud olacaq. Bundan sonra konstitusiyanın yenidən nəzərdən keçirilməsinin yeni uzun dövrü başlayacaq.

Xalq nə düşünür?

Amerikanın Milli Demokratiya İnstitutunun (NDI) Tbilisidə keçirdiyi sosioloji tədqiqatın nəticələrinə əsasən, 18 iyun tarixindən 9 iyula qədər dövr ərzində cəmi 32 faiz respondentin konstitusiyaya dəyişikliklərdən xəbəri olub. Onların 59 faizi də qeyd edib ki, həmin dəyişikliklər haqda məlumatları azdır.

Sorğuya əsasən, sorğu iştirakçılarının cəmi 2 faizi bütün Gürcüstan miqyasında təşkil olunan açıq müzakirələrdə iştirak edib.

Bundan əlavə, cəmi 6 faiz respondent hesab edir ki, konstitusiyaya dəyişikliklər əhalinin baxışlarını əks etdirir; 47 faiz respondentin fikrincə, qismən əks etdirir, 32 faizin fikrincə isə ümumiyyətlə əks etdirmir.

 


More on JAMnews