Ermənistanda innovasiyalı biznes forum – regionların inkişaf etdirilməsi cəhdi
Ermənistanda altıncı innovasiyalı biznes forum keçirilib. Bu dəfə forum ölkənin şimalında baş tutub və “Mənim addımım – Şirak vilayəti naminə” adını alıb.
“Mənim addımım” Ermənistanda “məxməri” inqilabın başlandığı etiraz aksiyasının adıdır. Hazırda iqtidarda olan parlament fraksiyası belə adlanır. İnqilab lideri və artıq ölkənin baş naziri Nikol Paşinyanın da iştirak etdiyi innovasiyalı biznes forumu da eyni ad altında təşkil olunub.
Bu biznes forumunun məqsədi Ermənistan vilayətlərinin iqtisadi inkişafına yardım etməyə hazır olan mümkün qədər çox iş adamını cəlb etməkdən ibarətdir.
• Baş nazirdən yeni Ermənistan haqda 100 fakt
• Ermənistanda əlillərin çalışdığı kafedən fotoreportaj
Biznes forumun açılışı
“Mənim addımım – Şirak vilayəti naminə” biznes forumu ölkənin bu regionunun ən böyük, Ermənistanın isə böyüklüyünə görə ikinci şəhərində – Gümridə baş tutub. Daha əvvəl forum Ararat, Lori, Qeqarkunik, Sünik, Tavuş vilayətlərində keçirilib.
Tədbirin formatı gənc iş adamlarının digər biznesmenlərin, oturuşmuş şirkətlərin də sərmayə yatıra biləcəyi layihələrini təqdim etməsini nəzərdə tutur.
Bu forum çərçivəsində tədbirin keçirildiyi məkanda region üçün xarakterik olan yerli məhsulların sərgisi də təşkil edilib.
Bu dəfə sərgidə Şirak vilayətində fəaliyyət göstərən 60-dan çox şirkət iştirak edib.
Burada baş nazirə bir neçə sovqat hədiyyə ediblər – “məxməri” inqilab liderinin obrazında hazırlanmış kukla və yerli istehsala aid ayaqqabı.
“Məmnuniyyətlə bu ayaqqabını geyinəcəm. İndi əynimdəki bütün paltarlar, qalstukdan başqa, yerli istehsaldır, odur ki, Gümridə hazırlanmış ayaqqabını məmnuniyyətlə geyinəcəm”, – Paşinyan deyib.
Hökumət başçısı vilayətdə fəaliyyət göstərən bank sistemi xidmətləri ilə buradaca tanış olub. Nikol Paşinyan SHEMM şirkətinin online saytında qeydiyyatdan keçib. bu, ölkədə mühasibət xidmətləri təqdim edən ilk saytdır.
Forum iştirakçıları
Şirak forumunda 300 nəfərdən çox insan iştirak edib. Hökumət üzvlərindən başqa, sahəvi qurumların rəhbərlikləri, parlament deputatları, Ermənistanda akkreditasiya olunmuş səfirlər, iri dövlət və özəl şirkətlərin rəhbərləri, 50 xarici və 150 yerli biznesmen burada olub.
Baş nazir bir daha vurğulayıb ki, biznes forum inqilabdan bir il sonra hökumətin iqtisadi siyasətinin konseptual yanaşmaları haqda danışmaq üçün yaxşı imkandır:
“Mən Ermənistan iqtisadiyyatında mikrobiznes adlandırdığımız yeni təbəqə formalaşdırmağımızı mühüm hesab edirəm. 2020-ci il yanvarın 1-dən dövriyyəsi 24 milyon drama [50 min dollara] qədər olan şirkətlər müəyyən vergi növlərindən azad ediləcək, üstəlik həmin şirkətlərə cəlb olunmuş əməkdaşlar üçün gəlir vergisi 5000 dram [10 dollar] təşkil edəcək”.
Baş nazirin yerli sakinlərlə görüşlərdən təəssüratları
Biznes forum bitəndən dərhal sonra Nikol Paşinyan Facebook səhifəsində bunları yazıb:
“Şirak vilayətində yenə də biznesmenlərin özlərinə işçi tapa bilmədiyi, bəzi iş qabiliyyətli insanların isə hər bir “qalstuklu” adamdan yalvarışla və bağırtı ilə humanitar yardım tələb etdiyi vəziyyətlərin şahidi olduq”.
Bundan məyus olduğu aydın görünən baş nazir hökumətinin əhalinin müxtəlif təbəqələrinə təqdim etdiyi güzəştləri sadalayıb və sonda yazıb:
“Bütün qalan problemləri hər bir ailə öz qanuni işi ilə həll etməlidir. Və Ermənistanda iş var. Ermənistanda iş yeri açmaq mümkündür. Rifaha çatmaq üçün işdən başqa çarə yoxdur…
Yeri gəlmişkən, rəqabətə dayanıqlı təhsil alanlar Ermənistanda yaxşı yaşayır və daha yaxşı yaşamalıdır. Uşaqlarımızı rəqabətə dayanıqlı təhsil almağa, öz təhsili ilə məşğul olmağa, özünü tənqidə, yaradıcılığa təşviq etmək lazımdır. Yaxşı həyata nail olmağın sadə formulu budur”.