Ermənistan “Sibirində” günəş enerjisi və başqa istilik imkanları
Son 10 il ərzində Ermənistanın vilayətlərində günəş enerjisindən istifadə etməyə başlayıblar. Bu məsələdə Şirak vilayəti digərlərindən daha çox irəliləyib. Burada təxminən ilin 300 günü günəşli keçir, baxmayaraq ki, buranı Ermənistanın “Sibiri” adlandırırlar.
Suyu və evi günəş isidə bilər
Əvvəllər həyətlərdə çox vaxt şüşə butulkalar və su dolu vedrələr görmək olurdu. Su şüşə vasitəsilə günəş şüaları altında qızırdı və ondan paltar yumaq, yuyunmaq üçün istifadə olunurdu. Elm inkişaf etdikcə insanlar butulkaları yaddan çıxardılar. Onları suyu isidən günəş enerjisi kollektorları əvəz etdi.
“Basen kəndində qaz yoxdur, amma müxtəlif fondların dəstəyi ilə biz günəş enerjisi ilə işləyən ilk su qızdırıcıları quraşdırdıq. Bunlar çox təcrübəli və nümunəvi oldu. Çoxları deyirdi ki, bu çox baha başa gəlir, buna baş qoşmaq lazım deyil, ən yaxşısı ənənəvi yanacaqdır. Amma indi kəndin beş yüz ailəsindən yüzü bu suqızdırıcılarından istifadə edir, hamı da razıdır”, – Basen kəndinin keçmiş nümayəndəsi Hamlet Petrosyan deyir.
Basendə uşaq bağçası, kənd administrasiyası, tibb məntəqəsi və idman məktəbi yerləşən binada BMT-nin İnkişaf Proqramının Qlobal Ekoloji Fondunun dəstəyi ilə günəş enerjili suqızdırıcıları quraşdırılıb.
Uşaqları bağçaya gedən valideynlər yenilikçi təcrübəyə “yoluxublar”, bir-birinin ardınca evlərində günəş enerjili qızdırıcılar quraşdırıblar.
• Ermənistanın enerji təhlükəsizliyi haqda hər şey
• Ermənistanda atom stansiyasını bağlamaq və yenisini inşa etmək lazımdırmı?
• Avropa İttifaqı Yerevan dayanacaqlarında günəş panelləri quraşdırıb
«Məsələn, bu gün küçədə tufandır, amma bizim qızdırıcıda suyun temperaturu 40 dərəcəyə çatır. Bu bizə məişətdə bəs edir: qabları, paltarları yumağa, yemək bişirməyə. Yayda suyun temperaturu müsbət 99 dərəcəyə çatır, qışda isə orta hesabla 65 dərəcəyə. Bu apparat bizdə bir neçə ildir ki, var.
Qurğunu lizinqlə almışıq [kreditləşdirmə forması – bütün məbləğ ödənildiyi təqdirdə malı həmişəlik əldə etmək imkanı verən uzunmüddətli icarə – JAMnews]. Ayda beş min dram [10 dollara yaxın] ödəyirik. İstənilən halda elektrik işlətsəydik də eyni məbləği ödəyəcəkdik. Amma biz bilirik ki, bir neçə ildən sonra bu apparat bizim olacaq və isti suyumuz havayı başa gələcək. İnsanlar üçün kreditləri ilə birlikdə bir də buna görə pul ödəmək çətindir, yoxsa daha çox adam istifadə edərdi», – Basen sakini Haykaz Karapetyan deyir.
Basen İcmasının İnkişaf Fondunun direktoru Qurgen Petrosyanın sözlərinə görə, texnoloji inkişaf davam edir, kollektorların yeni modelləri yanarıb. Qiymətləri isə 380-480 min drama [785-990 dollar arası]. Günəş enerjisi baxımından qabaqcıl icma sayılan Basen sakinləri üçün endirimlər də nəzərdə tutulub. Amma yenə də heç də hamının bu qurğuları əldə etməyə imkanı çatmır. Hərçənd kollektorların səmərəliliyi ilə bağlı hesablamalardan həvəslənənlər və fotovoltlu sistemlərdən istifadə etmək istəyənlər də var. Onlardan yalnız su qızdırmaq üçün yox, elektrik enerjisi əldə etmək üçün də yararlanmaq mümkündür. Amma bunun üçün iki qat xərc tələb olunur.
Şirak vilayətində və digər regionlarda artıq yayda ehtiyac duyduqlarından daha çox elektrik energisi əldə edən iri istehsalçılar da var ki, onlar əlavə elektrik enerjisini saxlanması üçün elektrik şəbəkəsinə ötürür və qışda istifadə edirlər.
“Günəş enerjisi çaylarımızı xilas edir. Su elektrik stansiyaları çayların ekosisitemini korlayıb. Amma ehtiyatlı olmaq lazımdır, çünki kənd təsərrüfatı sahələrini götürüb orada günəş enerjisi istehsal edən nəhəng qurğular quraşdıra bilərlər. Və bu halda kənd təsərrüfatı ziyan çəkəcək.
Ən yaxşısı binaların damlarından, dağlardan və məhsuldar olmayan torpaqlardan yararlanmaqdır. Amma biznes qurğuları damlarda yox, sahələrdə quraşdırır. Ehtiyatlı olmaq lazımdır”, – ekoloq Gevorq Petrostan deyir.
Yalnız elektrik enerjisi yox
Basen kəndində qeyri-adi yanacaq istehsal edən qurğu günəş enerjisi ilə işləyir. Məhsul toplanandan sonra artıq qalan biokütləni əvvəllər kənd sakinləri sahələrdə yandırırdılar, indi isə Basen fonduna təhvil verirlər, orada emal edilir, qatılaşdırılır və yanacaq qranulalarına – pelletlərə çevrilir.
Saman əsasında pellet istehsalının ekoloji əhəmiyyəti də var – məhsul toplanandan sonra torpaqda erroziyaya səbəb olan kütləvi yanğınlar da sona çatacaq.
“Şirak vilayətində qış altı-yeddi ay davam edir. Bizim məqsədimiz vardı – mövcud resurslar arasında ən ucuzunu tapmaq. İl yarımdır ki, bu maşın burada yerləşir. Bizim xammalımız buğda və çəltik samanıdır. Ötən il quraqlıq olmuşdu və saman baha idi, buna görə hətta keyfiyyətsiz saman da baha oldu və sifarişlər azaldı.
Kəndə üç min nəfərə yaxın adam gəlirdi ki, bizim bu əməkdaşlığımıza baxsın. Bu il şəhərdən lazımsız taxta yonqarı gətirib, pellet hazırlayıb, istifadə edirdilər”, – Hamlet Petrosyan deyir və növbəti vedrənin içindəkini kisəyə boşaldır. Amma kisə bir günlük isitməyə yetir.
Pelletləri qazla işləyən isidiciləri xatırladan xüsusi enerjieffektli sobalarda yandırırlar. Kənddə hesablayıblar ki, əgər odun almağa onlar hər il 80 min dramdan 100 min drama qədər [165-206 dollar] pul xərcləyirlərsə, pelletlə əvəz etdikdə bu xərc 30 min drama [61 dollar] qədər azalır.
“Son zamanlarda Şirak vilayətinin potensialını daha yaxşı öyrənib, gördüm ki, burada biokütlədən daha çox istifadə imkanı var. Bu müxtəlif növ artıqlardır – yarpaqlar, saman, məişət tullantısı və sairə. Ermənistanda kəsilən ağaclar qədər biokütlə hasil olur. Əgər biz biokütlə istifadəsi üçün texnologiyaları yaxşılaşdırsaq, onu xalq üçün əlçatımlı etsək, odundan istifadə etmədən istilik problemini həll edə biləcəyik.
Bu işdə riski gözə alan və daha ucuz soba hazırlamaq, yeni texnoloji avadanlıqlar istehsal etmək üçün sərmayə yatıracaq “dəlisov” iş adamları rol oynaya bilər. İndi bu risklidir, amma insanlar onların səmərəsinə əmin olsa, gəlir təmin olunacaq”, – ekoloq Gevorq Petrosyan əmin edir.
Bununla belə kənd sakinlərindən bəziləri hələlik pellet əvəzinə odun və təzək yandırmağa üstünlük verir. Amma ümumilikdə alternativ enerji mənbələrindən istifadə ilə getdikcə daha çox insan maraqlanır, proses zamanla genişlənir.
Basendə təzəkdən də bioqaz əldə etməyə hazırlaşırlar. Növbəti addım küləyin gücündən istifadə olacaq. İnsanlar dəyişikliklərə və yeniliklərə hazırdır, amma bununla yanaşı maliyyə yatırımları da lazımdır.