Dərman satışının yeni qaydası insanların internetdə resept satanlara müraciətinin qarşısını almaq üçün yumşaldılıb " />

Ermənistanda yalnız reseptlə satılan dərmanların siyahısı müvəqqəti qısaldılacaq

Dərman satışının yeni qaydası insanların internetdə resept satanlara müraciətinin qarşısını almaq üçün yumşaldılıb

Ermənistanda dərman satışının yeni qaydası böyük rezonans doğurub. Hökumətin qərarına əsasən, martın 1-dən dərmanların alınması üçün həkim resepti mütləqdir. Aptek işçiləri reseptsiz virus əleyhinə preparatları, antibiotikləri və hormonal dərmanları sata bilməzlər.

Bu qərar ölkə sakinlərinin qızğın etirazı ilə nəticələnib. İnternetdə isə bir resepti 5000 drama (təxminən 10 dollar) satanlar peyda olub.

Səhiyyə Nazirliyi dərmanların reseptlə satışına keçidi işanların müayinəsiz, həkim nəzarəti olmadan özünümüalicə ilə məşğul olması, yanlış dərmanlar içməsi ilə izah edir.

Sakinlər isə buna cavab olaraq, Ermənistan Səhiyyə Nazirliyinin uzun illər onları sadəcə “soyduğunu”, müayinə üçün böyük məbləğlər tələb etdiyini bildiriblər, onların sözlərinə görə, indi heç kim hər təzyiqi qalxanda həkimə gedib, reseptə pul ödəməyəcək.

İndiyə qədər ölkə sakinləri zökəm əleyhinə dərman və ya ağrıkəsici qəbul edəndə sadəcə telefonla ailə həkimlərindən konsultasiya alırdılar və aptekdən dərmanları reseptsiz əldə edirdilər.

Sosial şəbəkələrdə yayılan bəzi fikir və şərhlər:

“Onlar korrupsiya riskini artırıblar. Sadəcə həkimin qapısından içəri girmək 5000 dramdır, yalnız bundan sonra səndən nə baş verdiyini soruşurlar. Qoy bu məsələ ilə məşğul olsunlar ki, həkimin yanına girib-çıxmaq üçün camaatdan pul almasınlar”.

“Bax, məsələn, gecə halım pis oldu, mən nə etməliyəm? Səhərə qədər gözləməliyəm ki, bütün həkimlərin kabinetini gəzib, kağız alım dərman ala bilmək üçün? Birdən gecə öldüm?”

“Mənim istirahət günüm, vaxtım yoxdur. Başım da ağrıyır. Nə etməliyəm? Necə çatdırım həkimə gedim ki, resept alım?”

“İndi poliklinikalarda növbələr çoxalacaq. Ağır xəstələr oturub, xroniki xəstələrə dərman yazılmasını gözləməli olacaqlar”.

Bəzi həkimlər də vətəndaşların narahatlığını bölüşürlər, onlar da hesab edirlər ki, məhdudiyyət təzyiq və ya hərarət tənzimləyən dərmanlara yox, ciddi xəstəliklərə aid preparatlara tətbiq olunmalıdır. Bununla belə onlar əlbəttə, bildirirlər ki, istənilən dərmanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək arzu olunandır.

İnsanların narazılıqlarını yumşaltmaq üçün hökumət dərman satışının yeni qaydasını qismən dayandırmaq qərarına gəlib.

“Naizirliyin həyata keçirdiyi informasiya kampaniyası gedişatında aydın olub ki, qərarın eyni zamanda bütün dərmanlar üzrə həyata keçirilməsi həm vətəndaşlar, həm də həkimlər və aptek işçiləri üçün çətinliklər yaradacaq. Buna görə də əsası bu və ya digər dərman preparatının tətbiqi ilə bağlı risk səviyyəsindən ibarət olan tədrici keçid qrafiki hazırlanıb”, – hökumətin məlumatında bildirilir.

Bu o deməkdir ki, reseptlə satılacaq dərmanlar siyahısı hələlik qısaldılacaq, amma ləğv edilməyəcək. Həkim resepti olmadan dərman satışına məhdudiyyət Səhiyyə Nazirliyinin aşağıdakı qrafikinə uyğun tədricən tətbiq olunacaq:

2018-ci il martın 1-dən  virus əleyhinə preparatlar (antibakterial, göbələk əleyhinə, antimikrobakterial, immun zərdabları və immunoqlobulinlər, vaksinlər);

2018-ci il iyulun 1-dən inyeksiya üçün nəzərdə tutulan dərmanlar;

2018-ci il oktyabrın 1-dən isə siyahıya daxil olan bütün dərmanlar reseptlə satılacaq.

Səhiyyə Nazirliyindən onu da bildirirlər ki, xroniki xəstəlikləri olan insanlar dərman almaq üçün hər dəfə həkimə müraciət etməli olmayacaqlar: onlara çoxsəfərlik reseptlər veriləcək.


More on JAMnews