Doğma şəhəri Eçmiadzindən olan fəallar Manvel Qriqoryanın müalicə olunub, cəzalandırılmasını tələb edirlər. Bir zamanlar o, yerli sakinləri qorxu və dəhşət altında saxlayıb" />

Ermənistanda korrupsiyada günahlandırılan ölümcül xəstə general həbsdən buraxılıb

Doğma şəhəri Eçmiadzindən olan fəallar Manvel Qriqoryanın müalicə olunub, cəzalandırılmasını tələb edirlər. Bir zamanlar o, yerli sakinləri qorxu və dəhşət altında saxlayıb

Ermənistanda məhkəmə Milli Məclisin keçmiş deputatı, istefada olan general Manvel Qriqoryanın həbsdən buraxılması haqda qərar qəbul edib. Buna səbəb müttəhimin səhhətinin kəskin pisləşməsi olub. O, ölkədən çıxmamaq haqda iltizam imzalayaraq azad edilib, eyni zamanda Yerevan klinikalarının reanimasiya şöbəsində hazırda onun müalicəsi gedir.

63 yaşlı Manvel Qriqoryan artıq il yarımdan çoxdur ki, həbsdədir. Ona qarşı cinayət məcəlləsinin altı maddəsi üzrə ittiham irəli sürülüb. Vəkillər bütün bu müddət ərzində səhhəti ilə əlaqədar olaraq onun azad olunmasına israr edirdilər. Müdafiə tərəfi dəfələrlə onun girov əsasında azad edilməsi ilə bağlı vəsatət qaldırıb. Bütün bu vəsatətlər rədd edilib.

Bu müddət ərzində general bir neçə dəfə xəstəxanaya yerləşdirilib. O, ağır xəstədir, o cümlədən də diabet və onkoloji xəstəlikdən əziyyət çəkir. Hazırda ürəyinin dayanması təhlükəsi yaranıb. Və bu dəfə onun həbsdən azad edilməsi haqda vəsatəti ittiham tərəfi qaldırıb.

Ermənistanda böyük korrupsiya faktının ifşası – tanınmış deputatın əsgər paylarını oğurladığı ehtimal olunur

• Ermənistanda korrupsiya ilə mübarizə: JAMnews-un yeni hökumətin ilk addımları haqda silsiləsindən

 

Manvel Qriqoryan nədə günahlandırılır?

2018-ci ildə “məxməri inqilabdan” və ölkədə hakimiyyət dəyişəndən sonra Ermənistanın baş prokuroru Manvel Qriqoryanın deputat toxunulmazlıığından məhrum edilməsi haqda vəsatət qaldırıb. O, qanunsuz silah və sursat əldə etmək və saxlamaqda şübhəli bilinirdi. O zaman Qriqoryan iqtidarda olan Ermənistan Respublika Partiyası sıralarından Milli Məclis deputatı idi.

Milli Təhlükəsizlik Xidməti Qriqoryanın şəxsi evində və bağında axtarış aparıb. Böyük həcmdə silahdan başqa orada çox sayda şəxsi gigiyena vasitələri, alt paltarı və ordu üçün nəzərdə tutulmuş konservalar tapılıb. Bu ərzaq və mallar 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşdiyi zaman həm sadə vətəndaşlar, həm də ictimai və kommersiya təşkilatları tərəfindən toplanıb, bu səfərbərlikdə hətta sosial təminatsız insanlar da iştirak edib.

Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş video-çəkilişdə Ermənistan sakinləri həmçinin Qriqoryanın onlarla bahalı və əntiq maşının olduğu avtoparkını, daşınmaz əmlakları ilə bağlı çox sayda şəhadətnamələri də görüblər.

Belə məlum olub ki, generalın pələng, ayı və dəvəquşu bəslədiyi özünəməxsus minizooparkı da var. Bu heyvanları əsgərlər üçün nəzərdə tutulmuş ərzaqlarla yemləyirmişlər.

Ermənistanın baş naziri Nikol Paşinyan Manvel Qriqoryanın işini Ermənistanın müstəqillik tarixində ən böyük korrupsiya ifşası adlandırıb.

Milli Təhlükəsizlik Xidmətinin videosu sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunub. İnsanlar öyrəndiklərindən şoka düşüb və keçmiş deputatın sərt cəzalandırılmasını tələb ediblər.

Qriqoryana qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

• qanunsuz silah və sursat saxlamaq,

• 101 milyon dramdan [208 min dollara yaxın] çox həcmdə əmlakın mənimsənilməsi,

• 1 milyard dramdan [2 milyon dollara yaxın] çox həcmdə vergidən yayınma,

• 1 milyard dramdan [2 milyon dollara yaxın] çox dövlət vəsaititnin talanması,

• 37 milyon dram [76 min dollara yaxın] dəyərində əmlakın zorakılıqla qəsb edilməsinin təşkili.

Keçmiş deputat 2018-ci ilin iyununda həbs edilib.

Məhkəmə nüfuzdan düşmüş generalı necə azad edib?

Qriqoryanın səhhəti pisləşdiyi üçün prokurorluğun təşəbbüsü ilə yanvarın 15-də saat 18:30-da növbədənkənar məhkəmə iclası keçirilib ki, Qriqoryanın qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac olub-olmadığına qərar versin.

Bu, yanvarın 14-də eks-deputat “Nairi” tibb mərkəzində müalicə olunduğu zaman baş verib və vəziyyəti ağırlaşdığı üçün onu reanimasiya şöbəsinə keçiriblər. Hazırda onun vəziyyəti stabil ağır olaraq dəyərləndirilir.

Yanvarın 15-də baş verən məhkəmə iclası zamanı məhhkəmə-tibbi ekspertizanın keçirilməsi üçün yaradılmış qurumlararası komissiyanın eksperti bildirib ki, “Manvel Qriqorryanda həyati təhlükə yaradan vəziyyət qeydə alınıb”.

İki saatdan sonra onun azad edilməsi haqda məlumat yayılıb.

Fəallar korrupsiyaçının müalicə olunub, cəzalandırılmaısnı tələb edirlər

Yanvarın 16-da məlum olub ki, Eçmiadzindən (Manvel Qriqoryanın doğma şəhəri) olan bir qrup fəal Yerevana “Nairi” tibb mərkəzinə yollanıb ki, generalın səhhətinin həqiqətən də pisləşib-pisləşmədiyini yoxlasın. Bu haqda Facebook səhifəsində başlatdğı canlı yayımda fəallardan biri Civan Abramyan məlumat verib:

 “Xəstəxanadan mənə bildirdilər ki, o, hazırda tibb mərkəzindədir. Onu xəstəxanadan buraxmaöa hazırlaşmırlar, amma Qriqoryan tibbi yardımdan imtina edib, evinə gedə bilər. Biz isə istəyirik ki, o sağalsın və qanunun tam ciddiyyəti ilə cəzasını çəksin”.

Vətəndaş cəmiyyəti fəalı əlavə edib ki, onlar Qriqoryan xəstəxanada qaldığı müddətcə etiraz aksiyası təşkil etməyəcəklər. Amma o, xəstəxanadan çıxan kimi fəallar etirazları yenidən başlatmaq və onun həbsini tələb etmək niyyətindədirlər.


More on JAMnews