İş tapa bilməyənlər müvəqqəti və ya həmişəlik başqa ölkələrə getməli olur " />

Ermənistanda işsizlərin sayı azalıb, amma səbəb yalnız iş yerlərinin çoxalması deyil

İş tapa bilməyənlər müvəqqəti və ya həmişəlik başqa ölkələrə getməli olur

Ermənistanda işsizlik səviyyəsi azalıb. Rəsmi məlumata görə, son 7 ildə işsizlərin sayı 67 min nəfər azalıb.

Rəsmi şəxslər bu dəyişikliyi müsbət dinamika kimi dəyərləndirsələr də, ekspertlər bildirirlər ki, işsizlərin sayının azalması müxtəlif səbəblərlə bağlıdır və bu səbəblərin heç də hamısı ümidverici deyil.

Dövlət Məşğulluq Agentliyinin Monitorinq, Proqnozlaşdırma və Əmək Bazarının Qiymətləndirilməsi şöbəsinin rəisi Asmik Tadevosyanın bildirdiyinə görə, Ermənistanda işsizlərin sayı ona görə azalıb ki, insanlar vətənində iş axtarmaq əvəzinə emiqrasiyaya getməyi üstün tuturlar.

İqtisadi məsələlər üzrə ekspert Babken Tunyan isə öz məqaləsində bunları yazıb: Ermənistanda işlə təmin olunanların sayı 67 min nəfər artıb, amma rəqəmlərdə uyğunsuzluq var və bu da işsizlik səviyyəsinin azalmasına “ürəkdən” sevinməyə imkan vermir.

“Özümüzə ilk baxışdan sadə sual veririk: “Əgər işlə təmin olunanların sayı 67 min nəfər çoxalıbsa, o zaman işsizlərin sayı nə qədər azalmalı idi?” Düşünürsüz ki, elə eyni qədər və ya təqribən eyni qədər? Biz də elə fikirləşirdik, amma statistika başqa şey deyir… İşsizlərin sayı cəmi 2,5 min nəfər azalıb. Belə isə qalan 64,5 min iş yerini kim tutub?” – Babken Tunyan ritorik sual verir.

Ekspertlər qeyd edirlər ki, Ermənistanda işsizliyin səbəblərindən biri müəyyən sahələrdə mütəxəssislərin çox olması ilə bağlıdır. Amma eyni zamanda “Hamı üçün iş” agentliyinin direktoru Anahit Kizoqyan deyir ki, iş təcrübəsi olan və işverənin tələblərinə cavab verən mütəxəssislər çox azdır.

“Bizim ali məktəblərimiz məzun ştamplayır, amma keyfiyyətlə təmin etmir: onlar əmək bazarının tələblərinə cavab verməyən kadrlar hazırlayırlar, gənclər isə çox vaxt tənbəllik edir, müstəqil şəkildə öz üzərlərində işləmirlər. Və ali məktəbi üç il əvvəl bitirən adam müsahibəyə gedəndə işverənin ondan iş təcrübəsi haqda soruşmayacağına ümid etməməlidir. Hər dəfə işverənin qərəzli olduğunu demək doğru deyil”, – o bildirib.

Ermənistanda işsizlərin əksəriyyəti qadınlardır. Dövlət Məşğulluq Agentliyinin 2018-ci il yanvarın 1-ə olan məlumatına görə, ölkədəki bütün işsizlərin 66,7 faizini və ya 46 800 nəfərini qadınlar təşkil edir.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Asmik Tadevosyanın sözlərinə görə, Ermənistanda işsiz qadınların sayı kişilərin sayından həmişə çox olub. O, həmçinin hesab edir ki, kişilər dostları, tanışları vasitəsilə müstəqil şəkildə iş axtarırlar, axtarışları uğursuz olanda isə dolanışıq üçün xaricə gedirlər:

“Sirr deyil ki, kişilər dolanışıq dalınca xaricə qadınlardan daha çox gedir. Son illərdə isə bu rəqəm daha da böyüyür”.


More on JAMnews