Maşinistlər maaşlarının artırılmasını tələb edirdilər və üç günlük dayanmadan sonra müəyyən güzəştlərə nail oldular" />

Ermənistanda dəmiryolçular tətili dayandırdılar: qatarların hərəkəti bərpa olunub

Maşinistlər maaşlarının artırılmasını tələb edirdilər və üç günlük dayanmadan sonra müəyyən güzəştlərə nail oldular

Ermənistan, tətil, CQDY, RDY

Ermənistanda üç günlük kollapsdan sonra dəmir yolunun işi bərpa olunub. “Cənubi Qafqaz dəmir yolları”nın rəhbərliyi maaşların artırılması məsələsində müəyyən güzəştlərə gedib.

“Cənubi Qafqaz dəmir yolları” “Rusiya dəmir yolları”nın 100 faizli törəmə şirkətidir. 2008-ci ilin əvvəlindən Ermənistan “Ermənistan dəmir yolları” dövlət qapalı səhmdar cəmiyyətinin “Rusiya dəmir yolları” şirkətinin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsini imzalayıb.

 

Konsessiya müqaviləsi özündə investorun vəsaitləri hesabına dövlət mülkiyyəti olan müəssisənin yenidən qurulmasını ehtiva edir. İnvestor şirkət dövlətə vergi ödənilməsi şərtilə müəssisəni istismar etmək və gəlir qazanmaq imkanı əldə edib.

Hər şey necə baş verdi. Təfərrüatlar

Tətildə iştirak etmiş, Ermənistanın ikinci şəhəri olan Gümrünün lokomotiv deposunun maşinistləri maaşlarının 30 faiz artırılmasını tələb edirdilər.

Dəmir yol işçilərinin tətili üzündən oktyabrın 22-dən etibarən qatarların hərəkəti, o cümlədən neft məhsullarının və taxılın daşınması tamamilə dayandırılmışdı. Bu məhsulları Ermənistan ixrac edir və çatdırılmada ləngimələr ciddi cərimələrə gətirib çıxara bilərdi.

“Rusiya dəmir yolları”nın rəhbərliyi tətilin üçüncü günündə tətil edən dəmiryolçularla görüşdü.

Görüşdən sonra şirkətin rəhbərliyi məlumat yaydı və həmin məlumatda deyilir: 2019-cu ilin 9 ayı ərzində yüklərin və sərnişinlərin daşınması həcmi xeyli yüksəlib və bu, “Cənubi Qafqaz dımir yolları”na imkan verir ki, maşinistlərin maaşlarını orta hesabla 19 faiz artırsın.

Eyni zamanda, dayanmalara görə şirkət 140 milyon dram (təxminən 290 min dollar) gəlirini itirib. Bu, o deməkdir ki, şirkətin illik planları yerinə yetirməsi çətin olacaq və bu, öz növbəsində bütün əməkdaşların maaşlarının artırılmasını şübhə altında qoyur.

Lakin görüşün nəticəsi olaraq belə qərarlar əldə olunub:

• 2019-cu ilin noyabr ayının 1-dən bütün əməkdaşların əməkhaqlarının 10 faiz indeksasiyası üzrə normativ akt hazırlansın,

• 2020-ci ilin yanvar ayından lokomotiv briqadalarının saathesabı əməkhaqqının 5 faiz artırılması haqqında məsələ direktorlar şurasına təqdim edilsin,

• şirkətin işinin müsbət nəticələri nəzərə alınmaqla bütün əməkdaşlara mükafatların verilməsi nəzərə alınsın.

Elə həmin məlumatda qeyd olunur ki, 2019-cu ildə maşinistlərin maaşları artıq artırılmışdı və 354 min dram (təxminən 740 dollar) təşkil edirdi. Lokomotivlərin maşinistlərinin əməkhaqqı ilə Ermənistanda orta aylıq əməkhaqqı arasındakı fərq 198,6% təşkil edir, başqa sözlə, dəmiryolçuların əməyi az qala iki dəfə çox dəyərləndirilir.

 Rusiya şirkəti Ermənistanı tərk edə bilər

CQDY əməkdaşlarının tətili “Rusiya dəmir yolları” ətrafında baş verən yeganə intriqa deyil. Bir ay öncə Rusiya mediası belə bir məlumat yaymışdı ki, şirkət Ermənistan hakimiyyəti ilə müqaviləyə xitam verməyə hazırlaşır. Ermənistan dəmir yollarının RYD-nin konsessiya idarəçiliyinə verilmə müddəti isə 30 il təşkil edir, yəni onun sonuna hələ 19 il qalıb.

Bildirilirdi ki, bu cür qərara səbəb Ermənistanın guya “Cənubi Qafqaz dəmir yolları” şirkətinin işinə maneə yaratmasıdır.

Güman edildiyinə görə, söhbət CQDY-na qarşı cinayət işindən gedir. Şirkətin ofisində bu ilin avqust ayında vergilərin ödənilməməsi şübhəli ilə axtarışlar keçirilib.

Ermənistan istintaq komitəsi həmçinin nəqliyyat nazirinin keçmiş müavininə qarşı onun guya CÜDY-da müəyyən edilmiş pozuntuları gizlətməsi faktları üzrə cinayət işinə başlayıb.

İstintaq komitəsi şirkətin son 10 il ərzində fəaliyyətinin yoxlanmasını davam etdirir və müqavilə üzrə vəd edilmiş investisiyaların effektivliyini nəzərdən keçirir. Yeri gəlmişkən, şirkətin vəd etdiyi investisiyaların ümumi həcmi 572 milyon dollardır ki, bunun da 220 milyonu ilk beş il ərzində xərclənməli idi.


More on JAMnews