Milli Təhlükəsizlik Xidməti həkimlərin və hərbi komissarlıq əməkdaşlarının daxil olduğu növbəti korrupsiya sxemini araşdırır " />

Ermənistanda çağırışçılara saxta diaqnoz qoyub, orduda xidmətdən azad edirmişlər

Milli Təhlükəsizlik Xidməti həkimlərin və hərbi komissarlıq əməkdaşlarının daxil olduğu növbəti korrupsiya sxemini araşdırır

Ermənistanda 2018-ci ildə 40 nəfərdən çox çağırışçı rüşvət hesabına orduda xidmətdən möhlət alıb və ya azad edilib. Milli Təhlükəsizlik Xidməti aydınlaşdırıb ki, cinayətkar sxemin əsas iştirakçısı Müdafiə Nazirliyinin Respublika Toplama Məntəqəsinin keçmiş hərbçisi Kolya Kosakyandır. O, hərbi komissarlıq əməkdaşları və həkimlər arasında öz əlaqələrindən istifadə edib.

“Gənclərə mövcud olmayan diaqnoz qoyulub, bununla da orduda xidmətdən möhlət verilib və ya azad edilib”, – MTX-nin məlumatında deyilir.

14 min dollara qədər rüşvət hesabına Kosakyan öz çağırışçılarını mülki xəstəxanalara göndərişlə təmin edib, oradaa isə onlara saxta diaqnoz qoyulub.

Kolya Kosakyan və qrupunun üzvlərinə müxttəlif tibb mərkəzlərində çalışan həkimlər, hərbi komissarlıqların keçmiş və hazırkı əməkdaşları yardım edib, məbləğin bir hissəsi də onlara çatıb.

Cinayət işi qaldırılıb, onlarla insan dindirilib, 20-dən çox axtarış həyata keçirilib. Nəticədə çağırışçıların tibbi kartları və istintaq üçün əhəmiyyətli olan digər sənədlər, o cümlədən də müəyyən məbləğdə pul aşkarlanıb.

Hazırda cinayətkar qrupun üç üzvünə qarşı ittiham irəli sürülüb. Onlar həbs olunublar. İşin bütün təfərrüatlarının və əlbir olan hər kəsin ortaya çıxarılması üçün istintaq davam edir.


More on JAMnews