Ermənistanda böyük korrupsiya ifşası - tanınmış deputatın əsgər paylarını oğurladığı ehtimal olunur
Ermənistanın Baş Prokurorluğu general Manvel Qriqoryanın deputat toxunulmazlığından məhrum edilməsi haqda vəsatət qaldırıb. O, qanunsuz silah və sursat əldə etməkdə və saxlamaqda şübhəli bilinir.
Manvel Qriqoryan Parlamentin Ermənistan Respublikaçılar Partiyası fraksiyasına daxil olan deputatıdır. O həmçinin “Yerkpara” Könüllülər İttifaqına rəhbərlik edir. Bu ittifaqa əsasən Qarabağ müharibəsi veteranlları daxildir, elə Qriqoryan özü də müharibə iştirakçıdır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın şəxsi evində və bağında axtarış aparıb. Çox sayda silahdan başqa ordu üçün nəzərdə tutulmuş konservlər, şəxsi gigiyena vasitələri və alt paltarları da tapılıb. Bu ərzaqlar 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman hamı tərəfindən – sadə vətəndaşlardan, hətta aztəminatlı insanlardan tutmuş, ictimai və kommersiya təşkilatlarına qədər – toplanıb.
Milli Təhlükəsizlik Xidmətinin yaydığı əməliyyat çəkilişlərində Ermənistan sakinləri məktəblilərin əsgərlərə yazdığı dəstək məktublarını da görüb.
Deputatın evlərində aralarında nadir nümunələrin də yer aldığı onlarla maşının saxlanıldığı avtomobil qarajları, çox sayda daşınmaz əmlak mülkiyyətinə dair sənədlər də aşkarlanıb.
Həmçinin məlum olub ki, generalın pələnglərdən, ayılardan və strauslardan ibarət şəxsi zooparkı da var. Və bu heyvanları əsgərlər üçün nəzərdə tutulmuş ərzaqlarla yemləyirmişlər.
Sabah parlamentin növbədənkənar iclasında deputat Qriqoryanın toxunulmazlıq hüququndan məhrum edilməsi və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılacaq.
E
Ermənistanın baş naziri Nikol Paşinyan Manvel Qriqoryanın işini Ermənistanın bütün müstəqillik tarixinin ən nəhəng korrupsiya ifşası adlandırıb.
“Mənim kimi erməni cəmiyyəti də bu işə daxil olan bütün şəxslərin rütbə və statuslarından asılı olmayaraq, ifşa edilməsində və məsuliyyətə cəlb olunmasında heç bir mane görmür. İş sonuna qədər araşdırılmalıdır”.
Saxlanılandan sonra general Qriqoryanla Milli Məclisin vitse-spikeri Eduard Şarmazanov və “Ermənistan Respublikaçılar Partiyası” fraksiyasının rəhbəri Bahram Baqdasaryan görüşüblər. Şarmazanov bildirib ki, əgər general günahkardırsa, cəzasını çəkməlidir:
“Mənim üçün gördüklərim gözlənilməz idi. Sözüm yoxdur, düşünürəm ki, heç bir normal insan gördüklərinə laqeyd qala bilməz. Əgər istintaq Qriqoryanın günahını sübut edə bilsə, o, qanunun bütün ciddiyətilə cəzasını çəkməlidir. Bu cür məsələlərdə heç bir xidmət, heç bir vəzifə, heç bir siyasi oriyentasiya önəmli deyil – qanun qarşısında hamı bərabərdir”.
Bununla yanaşı Qriqoryanın vəkili onu müdafiə etməkdən imtina edib. Qrant Avanyan öz qərarını Facebook səhifədində işdə yeni vəziyyətlərin yaranması ilə izah edib.
“Baş nazirin çıxışından, o cümlədən də Milli Təhlükəsizlik Xidmətinin yaydığı video-kadrlardan sonra mən biləndə ki, qanunsuz silah və sursat saxlamaqdan başqa işdə mənim məlumatlı olmadığım digər durumlar da var, çaşqınlıq içinə düşdüm”.
Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Hovannisyan bəyan edib ki, ordunun tələbatları üçün istehsal olunan ərzaqlar “Yerkrapa” könüllülərinə qanuni yolla verilmiş ola bilər.
“Aprel müharibəsi günlərində və daha sonra Artsaxda Müdafiə Ordusu tərəfindən rəsmi şəkildə təchiz olunan könüllülərdən ibarət qruplar vardı. Söhbət [hərbi] forma, ərzaq və digər əşyalardan gedir”.
Artsrun Hovannisyan qeyd edib ki, Müdafiə Nazirliyi könüllülər ittifaqına verilən mal və ərzaqların paylanmasına nəzarət etmir. “Yerkpara” sadəcə hesabat təqdim edir. Və belə çıxır ki, alınmış təchizatın istifadəsi haqda hesabatlar saxtalaşdırılırmış.
Bütün bu olayların fonunda Eçmiadzin şəhərinin meri Karen Qriqoryan – Manvel Qriqoryanın oğlu tutduğu vəzifədən istefa verib. O, Facebook səhifəsində bununla bağlı məlumat yayıb:
“Mən, Karen Qriqoryan öz iradəmlə istefa verirəm”.
MTX-nin videosu sosial şəbəkələrdə də qızğın müzakirələrə səbəb olub. Yazılan bütün şərhlər təqribən eyni məzmundadır: insanlar aldıqları məlumat qarşısında sarsılıb və baiskarların cəzalandırılmasını tələb edir. Bu şərhlərdən bəzilərini təqdim edirik:
“Bu iyrənclikdən həqiqətən özümü pis hiss elədim… 30 ildir ki, müharibə şəraitində olan kiçik ölkəmiz bu məxluqlar tərəfindən bax bu cür məhv edilirdi. Məhz bunlara görə yüz minlərlə insan Ermənistandan qaçırdı: onların soyğunçuluğundan, özbaşınalığından, hərcmərcliyindən. Hərbi dövrün qanunlarına görə, belə əmələ görə yerindəcə güllələyirlər…. Cəza zamanı çatıb. Və siz nə qədər çox çabalasaz, sizin üçün daha betər olacaq. Banketin davamını tələb edirik – Respublikaçılar Partiyasının digər üzvlərinin evlərinə!”
“Manvel Qriqoryan, əlbəttə ki, “İt uşaqları və onların törəmələri” adlı muzeyin vitrin eksponatlarındandır. Amma məgər kimsə bunu bilmirdi? Bəli, hamı bilirdi. İndi də əgər küçədəki insanlardan soruşsaq, hər biri yeri həmin muzeydə olan daha 5-10 nəfərin adını çəkə bilər”.