Bu təlimlər NATO-nun Gürcüstanda, rəsmi Moskvanın rəyinə görə, Rusiyaya qarşı yönəlmiş təlimləri fonunda başlayıb" />

Ermənistanda birgə Ermənistan-Rusiya hərbi təlimləri keçirilir

Bu təlimlər NATO-nun Gürcüstanda, rəsmi Moskvanın rəyinə görə, Rusiyaya qarşı yönəlmiş təlimləri fonunda başlayıb

Ermənistan ərazisində birgə Ermənistan-Rusiya hərbi təlimləri başlayıb. Bu təlimlərdə təxminən 3 min hərbçi, 500 vahid hərbi texnika, o cümlədən MiQ-29 qırıcıları, helikopterlər, zenit-raket kompleksləri və pilotsuz uçuş aparatları (PUA) iştirak edir. Ermənistandakı təlimlər avqustun 15-dək davam edəcək.

Təlimlər NATO-nun Gürcüstandakı irimiqyaslı təlimləri fonunda keçirilir. “Layiqli tərəfdaş-2018” adlanan təlimlərdə 13 ölkədən, o cümlədən Gürcüstandan, ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, Fransadan, Norveçdən, Türkiyədən, Ukraynadan, Azərbaycandan 3 mindən çox hərbçi iştirak edir. Ermənistanı təlimlərdə dörd zabit təmsil edir.

Rusiya hakimiyyəti özünə qonşu olan ölkələrin bu təlimlərdə iştirakı ilə bağlı təəssüfünü bildirməyə macal tapıb. Moskva hesab edir ki, bunlar Rusiyaya qarşı yönəlib. Hətta XİN mətbuat katibi Mariya Zaxarova bu barədə rəsmi olaraq bildirib:

“Gürcüstan Müdafiə Nazirliyinin bu təlimlərin Qara dəniz regionunun təhlükəsizliyinin təmin edilməsinə dəstək verməyə yönəlməsi barədə bəyanatları ilə razılaşa billmərik. Sabitlik və təhlükəsizlik – konstruktiv dialoqdur, helikopter və tanklar deyil. Aşkardır ki, bunların əsl vəzifəsi güc təzyiqinin, ilk növbədə Cənubi Osetiyaya, Abxaziyaya və Rusiyaya proyeksiya edilməsidir”.

Politoloq Stepan Qriqoryan qeyd edir ki, Rusiya ənənəvi olaraq öz tərəfdaşlarının NATO ilə əməkdaşlığına qısqanclıqla yanaşır:

“Rusiya NATO-nu özünə qarşı təhlükə kimi qiymətləndirir və NATO ilə əməkdaşlıq edən, yaxud burada üzvlüyə can atan keçmiş sovet məkanı ölkələrinə ağrılı yanaşma sərgiləyir. Bunlar Gürcüstan və Ukraynadır. Ermənistan həmişə NATO ilə işləyib. Proqramlarımız elə də böyük olmayb ki, Rusiya üçün təhlükə törətsin. Lakin bu halda belə onlar təəssüflərini bildiriblər. Bu, ilk növbədə böyük siyasətlə əlaqədardır. Ermənistan-Rusiya təlimləri isə, ola bilsin ki, Rusiyanın inciməməsi üçün Ermənistan hakimiyyəti tərəfindən bu cür kompensasiya effektidir”.

Eyni zamanda, ekspert güman edir ki, Ermənistan hakimiyyətinin NATO-nun təlimlərində iştirak etməklə bağlı qərarı düzgündür:

“Bu təlimlər bizim şəxsi heyətə – hərbçilərə, tibbi personala və minaaxtaranlara yaxşı bacarıqlar aşılayır. Bu hərbi-texniki əməkdaşlıq deyil ki, biz Ermənistanın NATO standartlarına keçidindən danışaq. Xeyr, hərbçilərimiz vacib bacarıqlara yiyələnirlər. Həm də Ermənistan beynəlxalq ictimaiyyətdən tamamilə izolə oluna bilməz. Lakin belə şeyləri, yaxşı olar ki, Rusiya ilə əvvəlcədən danışsınlar – razılaşdırmasınlar, məhz danışsınlar”.

 E

rmənistan bir vaxtlar Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Həmçinin Moskva hərbi-texniki sahədə Yerevanın əsas tərəfdaşıdır, ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş mövcuddur. Rusiya Ermənistana silahları daxili qiymətlər üzrə satır. Paralel olaraq, Yerevan uzun illərdir ki, sülhməramlı proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Stepan Qriqoryan hesab edir ki, indiyə kimi Ermənistan hakimiyyəti NATO proqramlarından imtina etmədən KTMT çərçivəsində hərbi əməkdaşlıq qurmağı bacarıb.

“Bu proqramlar KTMT çərçivəsində əməkdaşlığa zidd deyil. NATO ilə biz elmi proqramlar, fövqəladə vəziyyətlər proqramları gerçəkləşdiririk. Prinsip etibarilə bunlarda hərbi tərkib hissəsi böyük deyil”.


More on JAMnews