Bütün detallar Ermənistan ombudsmeninin məlumatı əsasında" />

Ermənistanda 2017-ci ildə 6 min vətəndaş hüquqlarının pozulması şikayəti ilə xalq müdafiəçisinə müraciət edib

Bütün detallar Ermənistan ombudsmeninin məlumatı əsasında

Ötən il 6 mindən çox vətəndaş müdafiə və haqlarının bərpası xahişi ilə Ermənistan ombudsmeninin ofisinə üz tutub. İnsan haqları müdafiəçisi Arman Tatoyan 2017-ci il üzrə göstəriciləri təqdim edib.

O bildirib ki, ötən il 2016-cı illə müqayisədə ofisə 1300 daha çox şikayət daxil olub. Eyni zamanda ombudsmenə daxil olan şikayətlərin şikayətçi üçün müsbət həllini tapan hissəsi əvvəlki illə müqayisədə üç dəfə daha çox olub.

Seçki üzrə  narahatlıq doğuran faktlar 

2017-ci ildə Ermənistanda parlament seçkiləri, o cümlədən də Yerevan Ağsaqqallar Şurasına və regional icmaların rəhbərliyinə seçkilər baş tutub.

Arman Tatosyanın sözlərinə görə, bu seçkilərin gedişatında qeydə alınan pozuntular nəticəsində cəmiyyət seçkiyə olan inamını itirib:

“Seçki prosesinə ombudsmen ofisi tərəfindən həyata keçirilən müşahidənin nəticələrinə əsasən, 2017-ci ildə seçicilərin satın alınması, inzibati resursdan sui-istifadə ilə bağlı narahatlıq doğuran məlumat və faktlar qeydə alınıb. Jurnalistlərin işinə mane olma halları da baş verib.

Dövlət işçilərinə və ümumtəhsil məktəblərinin əməkdaşlarına təzyiq, seçicilərin qorxudulması, işdən qovmaq hədəsi ilə tabeliyində olan işçilərə zorla səs verdirilməsi halları da yer alıb”.

Jurnalistlərin işinə maneçilik

Arman Tatoyanın sözlərinə görə, 2017-ci ildə jurnalistlərin işinə müxtəlif maneçilik halları (o cümlədən də vəzifəli şəxslər tərəfindən) qeydə alınıb:

“Dövlət təmsilçisi jurnalistin qanuna tabe olmaq prezumpsiyasını, vicdanlı və dürüst olmasını rəhbər tutmalıdır. İstənilən dövlət qulluğunun yekin hədəfi cəmiyyətdir, cəmiyyətlə əlaqə isə jurnalistlər vasitəsilə qurulur. Ölkədə elə mühit yaratmaq lazımdır ki, jurnalist bu mühitdə özünü dövlət tərəfindən müdafiə olunmuş hiss etsin”.

Sosial təminat hüququ

Ombudsmenin hesabatında pensiya həcminin və əmək stajının hesablanmasında, analıq müavinətinin təyin edilməsində çoxsaylı pozuntular da əks olunub.

Məhkəmə sistemi

Arman Tatoyan bildirib ki, məhkəmə sistemində prinsipial dəyişikliklər etmək lazımdır. Hakimlərin onların hüquqları haqda təsəvvürünü dəyişmək lazımdır, xüsusən də qətimkan tədbiri kimi həbs tətbiq etməklə bağlı məsələdə.

“İnsan haqları həm azadlıqdan məhrumetmənin ilk mərhələsində, həm də saxlanma zamanı müdafiə olunmayıb. Burada azadlıqdan məhrumetmə qətimkan tədbirinin tətbiq olunması zamanını doğru müəyyən etmək vacibdir. İnsan iradəsinə zidd olaraq polis şöbəsinə gətirilir – bir başa küçədən.

O, azadlığından məhrum olur, heç bir minimal haqqa sahib olmadan. Əsas problemlər məhz bu mərhələdə yaranır, insanı küçədən tutub polis şöbəsinə gətirəndə. Saxlanılan şəxsi təsbit olunmuş zamandan daha çox saxlayırlar, jurnalları yanlış doldururlar və sairə”, – ombudsmen deyir.

Vəkillərin hüquqları pozulur

Arman Tatoyan xüsusilə vurğulayıb ki, vəkil sirri açıqlanmamalıdır. O, vəkillərin məhkəmə binasına bir siyahı əşyanı gətirmələrini qadağan edən qərara qarşı çıxıb. İnsan haqları müdafiəçisi vəkillərin məhkəmə binasına daxil olarkən və xidməti vəzifələrini yerinə yetirərkən məruz qaldıqları axtarışa etiraz etmələrini də ədalətli hesab edir.


More on JAMnews