Ermənistanda güc strukturlatrının keçmiş yüksək vəzifəli şəxslərinin silsilə ölümləri haqda danışırlar" />

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin intihar etdiyi ehtimal olunur

Ermənistanda güc strukturlatrının keçmiş yüksək vəzifəli şəxslərinin silsilə ölümləri haqda danışırlar

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın ölümündən üç gün sonra Ermənistanın İstintaq Komitəsi hadisənin təfərrüatlarını təqdim edib.

Baş prokuror Artur Davtyan jurnalistlərə bildirib ki, intihar versiyası üzərində dayanmaq üçün istintaqın əlində kifayət qədər informasiya mövcuddur.

O cümlədən də bildirilir ki, Georgi Kutoyanın meyiti üzərində zorakılıq izləri aşkarlanmayıb. Amma keçmiş MTX rəhbərinin ölümünün ilk günündə deyilirdi ki, istintaq intihar kimi göstərilən qətl versiyasını da istisna etmir.

Cinayət işi isə “intihar həddinə çatdırma” maddəsi ilə başlanıb.

Kutoyan eks-prezident Serj Sarqsyanın yaxın adamı hesab edilirdi.

 

Ermənistanın eks-prezidenti Serj Sarqsyan yaxın zamanda müttəhimlər kürsüsündə əyləşə bilər

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan niyə həbs olunub?

2011-ci ildə o, Sarqsyanın kpməkçisi təyin edilib. Beş ildən sonra Kutoyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tutub. Bu mövqedə o, 2018-ci ilin yazında baş verən “məxməri inqilaba” və hakimiyyət dəyişikliyinə qədər qalıb.

Serj Sarqsyana qarşı cinayət işi qaldırılıb və o, milyon dollardan çox büdcə vəsaitinin talan edilməsində ittiham olunur.

Keçmiş MTX rəhbərinin ölümü necə baş verib?

İstintaq Komitəsinin əməkdaşları Kutoyanın gicgahında odlu silahdan açılan atəş izi, meyitin yanında isə onun Glock markalı tapançasını aşkarlayıb.

Bundan başqa, hadisə yerində 40-a qədər giliz və 10 ədəd güllə də tapılıb, elə bu da qətl ehtimalını ortaya çıxarıb.

Amma tezliklə 2019-cu il dekabrın sonunda Kutoyanın ölü tapıldığı həmin mənzildə onun alkoqol qəbul edəndən sonra mətbəx və qonaq otağı arasındakı divara təxminən 40 nizamsız atəş açması haqda məlum olub. Və onun xahişi ilə həyat yoldaşı bu gilizləri və güllələri toplayıb, qonaq otağında divanın qarşısındakı masanın üzərinə qoyub.

Beləliklə də, tapılmış giliz və güllələrin dekabrda açılan atəşlərin nəticəsi olduğu, yəni onların Kutoyanın ölümünə heç bir aidiyyatının olmadığı fikri yaranıb.

Ermənistanda güc strukturlarının keçmiş yüksək vəzifəli şəxslərinin silsilə ölümü

Son aylar ərzində bu, Ermənistanın güc strukturlarının keçmiş yüksək vəzifəli şəxsləri arasında qeydə alınan artıq  üçüncü ölüm hadisəsidir.

2019-cu ilin sentyabrında Ermənistanın keçmiş polis rəisi Hayk Harutunyan ölü tapılıb.

Onun adı “1 mart” işi üzrə şahidlər siyahısına daxil edilmişdi. Söhbət 2008-ci ildə 10 nəfərin ölümü ilə nəticələnən dinc nümayişin zor tətbiqi ilə dağıdılmasından gedir. Bu iş üzrə hazırda Ermənistanın digər keçmiş prezidenti Robert Koçaryan mühakimə olunur, o, artıq bir ildən çoxdur ki, həbsdədir.

Onun ölüm faktı ilə bağlı “intihaq və ya intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırılıb. Amma Ermənistanda çoxları hesab edir ki, keçmiş polis rəisinin ölümü onun peşəkar fəaliyyəti və “1 mart” işi ilə əlaqədar ola bilər.

Bundan iki ay sonra Rusiyanın Pyatiqorsk şəhərində özəl pivə sexinin binasında qaz partlaması nəticəsində Yerevan polisinin keçmiş rəisi Aşot Karapetyan həlak olub. O, 1993-cü ildən Ermənistan polisində çalışıb, 2013-cü ildən 2016-cı ilə qədər Yerevan şəhər polisinə rəhbərlik edib.

Ermənistanın keçmiş xüsusi xidmət orqanları əməkdaşı Vladimir Poqosyan güman edir ki, bu cür silsilə ölümlərin baş verməsi təsadüfi deyil.

“Düşünürəm ki, burada dərindən eşələmək lazımdır. Serj Sarqsyanın apparatında Kutoyan məhkəmə sistemini “kurasiya” etməklə məşğul idi. O, həddən artıq çox şey bilirdi. Həmçinin ölümün arxiv sənədlərinin satışı ilə bağlı olduğu da istisna deyil [Yerevandakı prezident iqamətgahından]”.

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin mayında Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bəzi məxfi sənədlərin oğurlandığı və məhv edildiyi haqda bildirmişdi.

Daha sonra, avqust ayında hələ o zaman Milli Təhlükəsizlik Xiidmətinin rəhbəri olan Artur Vanetsyan bəyan etmişdi ki, sənədlər “1 mart” hadisələri ilə əlaqədar olub, onların böyük hissəsi artıq aşkarlanıb və işə əlavə olunub.


More on JAMnews