Ermənistanda bu bəyanat gülüş və qəzəb doğurub. Bakıdan şərh: prezident nəyi nəzərdə tutub?" />

Ermənistan Əliyevin Azərbaycanın Yerevanla bağlı iddiası haqda bəyanatını müzakirə edir

Ermənistanda bu bəyanat gülüş və qəzəb doğurub. Bakıdan şərh: prezident nəyi nəzərdə tutub?

Foto: Gevorq Kazaryan, JAMnews

Azərbaycan prezidenti Ermənistan paytaxtının qədim Azərbaycan torpağı olması haqda sensasiyalı bəyanatla çıxış edib. Ermənistan mediası İlham Əliyevin bu bəyanatını diqqətdən kənarda qoymayıb. Demək olar ki, hər kəs prezidentin “Yeni Azərbaycan” partiyasının VI qurultayında səsləndirdiyi bu sözlərdən sitat gətirib:

“Yerevan bizim tarixi torpağımızdır, biz azərbaycanlılar öz torpaqlarımıza qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz mərhələ-mərhələ bu hədəfə doğru gedəcəyik”.

Ermənistanda reaksiya birmənalı mənfi olsa da, əhval və dəyərləndirmə müxtəlif olub. Cəmiyyətin, siyasətçilərin və ekspertlərin bir hissəsi açıq şəkildə qəzəbini ifadə edib, digər hissəsi isə bu bəyanatı adi təbliğat kimi qəbul edib, Əliyevin sözlərini sadəcə gülüş doğuran cəfəngiyat kimi dəyərləndirənlər də olub. Amma bu insidentin üzərindən keçməmək və qonşu ölkənin prezidentinin seçkiqabağı nitqini və “strateji hədəfləri” təhlil etmək çağırışı da səslənib. Hər halda o bu vəzifədə hələ çox qalmaq niyyətindədir və bəlkə bu hədəfə çata da bilər.

Ermənistan mediasında dərc olunan şərhlərdən nümunələr təqdim edirik.

Birinci trend: Bu  təcavüzkar seçkiqabağı bəyanat daha çox yerli kütləyə hesablanıb

Miqran Akopyan: Ermənistanın hakim Respublikaçılar partiyasından olan deputat:

“Bu ölkənin rəhbərinin öz xalqına deməyə faktiki sözü yoxdur. Halbuki, bu illər ərzində o qədər neft satıb ki, iqtisadi rəqabətə davamlı ciddi ölkə qurmaq olardı, amma bu baş vermədi. İndi artıq hamıya məlumdur ki, heç vaxt da olmayacaq. Bu şərtlər altında Əliyevə sadəcə bu cür bəyanatlarla çıxış etmək və vəziyyətin tam gərginləşməsinə getmək qalır”.

Naira Ayrumyan, “Lragir” internet nəşrinin siyasi şərhçisi:

“Əliyev seçkilərə aqressiv notlarla hazırlaşır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfəri günü Qarabağda erməni əsgəri öldürürlər. Səhəri gün isə Əliyev Yerevan və Zəngəzurla bağlı iddia irəli sürür”.

İkinci trend: sadəcə gülüncdür

Əliyev “Yerevana qayıtmaq” ideyasını ilk dəfə deyil səsləndirir. Daha əvvəl o, bəyan edib ki, “Yerevanın 1918-ci ildə Ermənistana verilməsi Azərbaycanın qanayan yarasıdır”. PanArmenian.net internet resursu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın cavabını xatırladıb:

“Düşünürəm ki, Azərbaycan rəhbərinə Yerevanın 2800 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək imkanı vermək lazımdır ki, o, tarixlə yerindəcə bilavasitə tanış olsun”.

Eduard Şarmazanov, Ermənistan Milli Məclisinin vitse-spikeri:

“Azərbaycan prezidentinin bəyanatı savadsız, səfeh və gülüncdür. Onu nasist Almaniyasının öndəri Adolf Hitlerin bəyanatları ilə müqayisə etmək olar. Gülünc olan odur ki, hələ 100 yaşı tamam olmayan bir ölkənin rəhbəri tarixi torpaqlar haqda danışır. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərlərini və bütün beynəlxalq aləmi Əliyevin bəyanatına diqqət yetirməyə və müvafiq nəticələr çıxarmağa çağırıram”.

Üçüncü trend: Adi təbliğat

Vardan Oskanyan, keçmiş xarici işlər naziri

“Aydındır ki, Əliyevin “Yerevana qayıdışla” və ya Yerevanı Azərbaycan şəhərinə çevirməklə bağlı çağırışları dövlət başçısının Ermənistanla arasındakı məsələləri güc yolu ilə həll etmək üçün ciddi addımlar atmağa qadir olduğuna Azərbaycan əyalətlərinin sakinlərini inandırmaq məqsədi daşıyır. Yerevanın konkret tarixi var və bu tarix bütün dünyaya məlumdur. Əliyev bu cür bəyanatlarla Azərbaycan auditoriyasının az məlumatlı hissəsində divident qazanmağa çalışır. Mən düşünmürəm ki, ciddi auditoriya, hətta Azərbaycanın özündə belə, bu bəyanata inanır və gülünc hesab etmir”

Levon Zurabyan, Ermənistan Milli Konqressinin əlaqələndiricisi:

“Onun bu dərəcədə axmaq olduğunu düşünmürəm. Bu, sadəcə təbliğat fintidir. O, səfeh sözlər danışa bilər, amma bu onun səfeh olmasına dəlalət etmir”.

Dördüncü trend: bu təsadüf deyil, məqsədyönlü siyasətdir

Manvel Sarkisyan, politoloq, Strateji və Milli Tədqiqatlar Mərkəzinin direktoru:

“Azərbaycanın Qarabağla bağlı proqramlı yanaşması var, məsələn: danışıqlar prosesini Qarabağa dünyada tanınan ərazi bütövlüyü prinsipinin tətbiqi üçün istifadə etmək, torpaqların qaytarılmasını tələb etmək, əks təqdirdə ərazi bütövlüyünün bərpası üçün “qanuni” güc tətbiq etməklə hədələmək. Artıq dördüncü dəfədir ki, prezidentliyə gedən Əliyev açıq şəkildə qeyd edir ki, bu, onların uzun müddətli strategiyasıdır və yalnız Qarabağa yox, həm də Ermənistan Respublikasına şamil olunur”.

Stepan Danielyan, “Demokratiya naminə əməkdaşlıq” ictimai təşkilatının sədri:                                         

“Biz məqsədyönlü siyasətlə üz-üzəyik… Bu nəzər nöqtəsi [azərbaycalılara] dərsliklər, filmlər və bədii əsərlər vasitəsilə aşılanır, onların əsasında nəsillər tərbiyə olunur. Bu siyasət Əliyev hakimiyyətdən gedəndən sonra da bitməyəcək”.

Beşinci trend: Əliyevlə danışıqlar mənasızdır

Akop Badalyan, “Lragir” internet nəşrinin siyasi şərhçisi:

“Əliyevin bəyanatı faktiki olaraq həmsədrlərin səfərinin üzərindən xətt çəkir və mövzunu qapadır. Yerevan və Stepanakertə həmsədrlərdən yalnız soruşmaq qalır: “Siz eşitdiz? Daha bizdən nə istəyirsiz?” Həmsədrlərə isə sadəcə erməni qonaqpərvərliyindən yararlanmaq qalır.

Əliyevin bəyanatı Ermənistan silahlı qüvvələrinin sadəcə Qarabağ və Ermənistanın sərhədlərini deyil, həm də beynəlxalq təhlükəsizliyi, sivilizasiyanı qoruduğuna dair “maddi” sübutdur, çünki yalnız barbar təfəkkürlə qonşu dövlətin paytaxtını zəbt etmək niyyətini bəyan etmək mümkündür.

Əliyevin bəyanatı  Serj Sarqsyanın yanvarın 24-də  AŞPA-nın sessiyasındakı çıxışı fonunda da diqqətəlayiqdir. Azərbaycan prezidenti faktiki olaraq, Azərbaycan deleqatlarının aqressiv suallarına cavab verərkən, “Azərbaycana Artsax ermənilərsiz lazımdır, bu isə heç vaxt olmayacaq”, deyən Serj Sarqsyanın haqlı olduğunu təsdiqləyir.

 Azərbaycan prezidenti təsdiq edir ki, bu elə belədir. Və bu mənada Əliyevin Yerevan və Zəngəzur haqda bəyanatları erməni diplomatiyası üçün əsl hədiyyə ola bilər. Erməni diplomatiyasına bundan istifadə edə bilmək üçün iradə və bacarıq nümayiş etdirmək qalır”.

 

Bakıdan şərh

Prezident Əliyev ilk dəfə deyil ki, müasir Ermənistanın Azərbaycanın tarixi torpaqlarında formalaşdığını bildirir. Məsələn, 2017-ci il martın 30-da bir qrup hərbçi ilə görüşdə o demişdi:

“Təəssüf ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası demək olar ki, İrəvanı Ermənistana hədiyyə etdi. Bütün sənədlər mövcuddur. Azərbaycan Demokratik Respublikasının ilk qətnamələrindən biri İrəvanın paytaxt olaraq Ermənistana verilməsi haqda olub. Baxmayaraq ki, həmin vaxt İrəvan əhalisinin əksər hissəsi azərbaycanlılardan ibarətdi. Bu, böyük səhv idi”.

Əliyev Müsəlman Milli Şurasının 1918-ci il mayın 29-da Tiflisdə keçirilən iclasının 3 saylı protokolunu nəzərdə tutur. Orada həqiqətən də 20 səsdən 16-sı lehinə olmaqla hökumət sədri Fətəli Xan Xoyskinin “İrəvanın [Ermənistana] güzəşt edilməsi haqda” təklifi qəbul olunmuşdu.

“Ermənistan Federasiyasının formalaşdırılması üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropol (Gümri) Türkiyənin tərkibinə daxil olandan sonra isə bu, İrəvan ola bilər, buna görə də İrəvanın ermənilərə güzəşt edilməsi qaçılmazdır”.

Amma mətndən göründüyü kimi söhbət “verməkdən” və ya “hədiyyə etməkdən” yox, “güzəşt etməkdən” gedir, yəni bu əraziyə iddialardan imtina olunmasından.

Zaqafqaziya Federasiyası dağılandan sonra 1918-ci il mayın sonunda onun üç hissəsi Gürcüstan, Ermənistan və Azərbaycan müstəqilliklərini elan etdilər və onlardan hər birinin qonşusuna qarşı ərazi iddiası vardı. Məsələn, bəzi azərbaycanlı siyasətçilər İrəvan qəzasının Azərbaycana birləşdirilməsini ədalətli hesab edirdi, çünki 20-ci əsrin əvvəllərində çar Rusiyasının statistikasına əsasən, orda azərbaycanlı əhali çoxluq təşkil edirdi. (Brokhauze və Yefronun ensiklopediyası, “İrəvan” məqaləsi). Amma Milli Şura İrəvanı Ermənistanın paytaxtı olaraq tanıyıb.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.


More on JAMnews